Ermənistan ordusunda hərbi qulluqçuların ölümü ilə bağlı araşdırmalar zamanı bəzi hallarda dini təriqətlərin mümkün təsirinə dair şübhələr yaranıb.
Modern.az xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin sədri parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hərbçilərin ölümü ilə bağlı cinayət işləri birbaşa nəzarəti altındadır və aparılan araşdırmalar nəticəsində müəyyən faktlar üzə çıxarılıb, bəzi şəxslər həbs edilib.
Komitə sədri qeyd edib ki, istintaq orqanları hadisələrin başvermə səbəblərini də araşdırırlar.
O bildirib ki, bəzi hallarda hərbi qulluqçuların müəyyən dini qrupların təsiri altına düşməsinin faciəli hadisələrlə əlaqəli ola biləcəyi ehtimal edilir.
Komitə sədrinin sözlərinə görə, məsələ ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoruna məktub göndərməyi planlaşdırır.
O, bu məsələnin milli təhlükəsizlik baxımından da araşdırılmalı olduğunu vurğulayıb.
“Artıq bir neçə belə hal müəyyən etmişik. Bununla bağlı müvafiq proseslərə başlanılacaq və yaxın vaxtlarda ictimaiyyət araşdırmaların nəticələri barədə məlumatlandırılacaq”, – deyə komitə sədri bildirib.
O əlavə edib ki, səsləndirdiyi ehtimallar orduda baş vermiş bütün ölüm hadisələrinə aid deyil və yalnız bir neçə konkret iş üzrə araşdırılır.