Modern.az

Evin qapısını açıb gələcək kimi hiss edirəm - İtkin hərbçinin ailəsi

Evin qapısını açıb gələcək kimi hiss edirəm - İtkin hərbçinin ailəsi

Qarabağ

Bu gün, 14:29

Fizzəxanım Qəhrəmanova həyat yoldaşının evdən getdiyi günü bütün təfərrüatları ilə xatırlayır. Cahangir onu qucaqlayıb vidalaşıb, qızlarını məktəbə aparıb. Bu, onların son görüşü olub. 1993-cü ilin fevralından bu günədək ailəsi Cahangirdən xəbər gözləyir.

Birinci Qarabağ müharibəsində itkin düşmüş Cahangir Baloğlan oğlu Qəhrəmanovun həyat yoldaşı Fizzəxanım Qəhrəmanova Modern.az-a onunla keçən günlərdən və 33 illik intizardan danışıb.

Onun sözlərinə görə, Cahangir hərbçi olmağı gəncliyindən arzulayıb:

“Salyan rayonunun Çuxanlı kəndindəki hərbi hissədə xidmət edirdi. Orada 15 il işləyəndən sonra Milli Orduya keçdi. 1993-cü ildə Qaraheybətə yollandı. Fevralın 8-də bizimlə vidalaşıb evdən getdi. Ayın 10-da isə əmr verilib, döyüşə gediblər”.

Fizzəxanım xanım deyir ki, həyat yoldaşının sonrakı taleyi barədə müxtəlif sözlər eşitsə də, ondan dəqiq xəbər ala bilməyib:

“Biri deyir, əsir aparılıb, biri deyir, yaralanıb. Mən bunların heç birinə inanmaq istəmirəm. Döyüş yoldaşlarından biri danışırdı ki, dağın başında olanda Cahangirə bizimlə gəl dedik. O isə gəlmədi, dedi: “Sən, mən, o getsə, bəs kim qalacaq? Kim döyüşəcək?”. Hamı qayıtdı, Cahangir qayıtmadı”.

Cahangirlə Fizzəxanım bibiqızı-dayıoğlu olublar. Uşaqlıqdan bir-birini tanıyan cütlüyün ailə xatirələrində Cahangirin həyat yoldaşına verdiyi sözlər xüsusi yer tutur:

“Anam cavan yaşda dünyasını dəyişib. Cahangir həmişə deyirdi: “Narahat olma, bircə sənə heç nə olmasın. Sən bibimin yadigarısan, mən həmişə sənin yanındayam”. O, evin böyük oğlu idi, mən isə evin tək qızı. Mənə deyirdi ki, ömrümün axırına kimi sənə həm ana, həm ata olacağam”.

Fizzəxanım xanım həyat yoldaşının qayğıkeşliyini, qızlarına bağlılığını xatırlayır:

“Mən xəstələnəndə sağalanadək başımın üstündən çəkilməzdi, dua edərdi. Məni də, qızımızı da çox sevirdi. Ailəsi qədər sevdiyi bir şey də Vətəni idi. İlk dəfə hərbi formasını geyinəndə bizə baxıb dedi: “Qorxmayın, həmişə sizinlə olacağam, amma Vətənimin də mənə ehtiyacı var”.

Gözlərim doldu, qızımız atasının boynuna atıldı. Çox xoşbəxt idik. Müharibəyə gedəndə məni qucaqlayıb vidalaşdı. Qızımızı da son dəfə məktəbə apardı”.

Ailəsinin bildirdiyinə görə, Cahangir Qəhrəmanov 1993-cü ilin fevralında Ağdərənin Mehmanə kəndi istiqamətində döyüşlər zamanı itkin düşüb. O vaxtdan onun yolunu gözləyirlər.

“Çuxanlıda hamı Cahangiri tanıyırdı, sevirdi. Cəsur, mərd insan idi. Hərbçi olmaq istəyirdi, oldu, müharibəyə yollandı. 33 ildir onu gözləyirik. Xatirələrimiz elə bil dünən yaşanıb. Hər səhər elə hiss edirəm ki, qapını açıb içəri girəcək. Bu ümidlə yaşayıram”, – deyə həyat yoldaşı bildirib.

Bu gün ailədə Cahangirin adını daşıyan bir nəvəsi də böyüyür. Kürəkəni Elmir Əsədov deyir ki, övladları babalarını görməsələr də, onu ailədə danışılan xatirələrdən tanıyırlar:

“2003-cü ildə Cahangirin qızı ilə ailə qurmuşam. İki qızımız, iki oğlumuz var. Oğullarımızdan birinə babasının adını vermişik. Cahangirin indi 18 yaşı var. Babasını görməsə də, onun adı və xatirələri ilə böyüyüb. Deyir ki, mən də babam kimi igid, mərd, vətənpərvər olacağam”.

Cahangirin evdən çıxarkən məktəbə apardığı qızı indi dörd övlad anasıdır. Nəvəsi onun adını daşıyır. Fizzəxanım xanım isə hələ də hər səhər qapının açılacağını gözləyir: “Bu ümidlə yaşayıram”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir