Modern.az

Ərdoğanı sərt tənqid etdi, sonra komandasına qoşuldu - Türkiyəli SPİKER

Ərdoğanı sərt tənqid etdi, sonra komandasına qoşuldu - Türkiyəli SPİKER

Reportaj

Bu gün, 12:58

İllər əvvəl hakimiyyəti sərt tənqid edən, Ərdoğanın siyasi xəttindən kənarda öz partiyasını yaradan, sonradan isə onun komandasına qoşulan, baş nazirin müavini və hökumət sözçüsü vəzifələrini tutan Numan Kurtulmuş Türkiyə siyasətinin maraqlı fiqurlarındandır. İqtisad professorluğundan parlament sədrliyinə yüksələn siyasətçinin karyerasında siyasi dönüşlər, mübahisəli açıqlamalar və diqqətçəkən ailə tarixçəsi var.

Modern.az saytı “Spikerlər” rubrikasında növbəti yazını təqdim edir.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş ölkənin siyasi həyatında uzun illərdir fəaliyyət göstərən, həm akademik keçmişi, həm də mühafizəkar siyasi düşərgədəki mövqeyi ilə seçilən siyasətçilərdəndir.

1959-cu ildə Türkiyənin Ordu vilayətinin Ünye rayonunda anadan olan Kurtulmuş 2023-cü il iyunun 7-də Türkiyə parlamentinin 30-cu sədri seçilib. O, 2025-ci il iyunun 3-də keçirilən seçkidə yenidən bu vəzifəyə gətirilib.

Numan Kurtulmuşun siyasi karyerasını maraqlı edən əsas məqamlardan biri budur: vaxtilə Rəcəb Tayyib Ərdoğan hakimiyyətini sərt tənqid edən Kurtulmuş sonradan onun rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasına (AK Parti) qoşulub və hökumətdə yüksək vəzifələr tutub.


Babası Çanaqqala döyüşlərində iştirak edib

Numan Kurtulmuşun ailə tarixçəsi Türkiyənin siyasi və dini-mədəni mühiti ilə sıx bağlıdır.

TBMM-dəki rəsmi bioqrafik məlumata görə, o, İstiqlal müharibəsi veteranı, mayor Numan Kurtulmuşun nəvəsi, doktor İsmail Niyazi Kurtulmuşun oğludur.

Babası Numan Kurtulmuş hərbçi olmaqla yanaşı, dini mövzularda əsərlər yazan şəxs kimi də tanınıb.

Atası İsmail Niyazi Kurtulmuş isə Türkiyədə müxtəlif xeyriyyə və ictimai fəaliyyətləri ilə tanınan şəxslərdən biri olub.

Numan Kurtulmuş İstanbul İmam Hatip Liseyində orta təhsilini başa vurub. Daha sonra İstanbul Universitetinin İqtisadiyyat fakültəsində təhsil alıb. 1992-ci ildə iqtisad üzrə doktorluq dərəcəsinə yiyələnib, 1994-cü ildə dosent, 2004-cü ildə isə professor olub.

O, ABŞ-ın Kornell Universitetində də akademik fəaliyyət göstərib. İstanbul Universitetində uzun illər sosial siyasət, əmək iqtisadiyyatı və insan resurslarının idarə olunması üzrə dərs deyib.

Kurtulmuşun akademik fəaliyyəti yalnız universitet müəllimliyi ilə məhdudlaşmayıb. Onun “Sanayi Ötesi Dönüşüm” və “İnsan Kaynakları Yönetiminde Japonya Modeli” adlı kitabları da nəşr olunub.


Fəzilət Partiyasına qoşuldu, Səadət Partiyasında sədr oldu

Numan Kurtulmuşun siyasi karyerası 1998-ci ildə başlayıb. Həmin vaxt o, Fəzilət Partiyasının İstanbul təşkilatında rəhbər vəzifəyə gəlib.

Fəzilət Partiyası Türkiyənin siyasi İslam ənənəsi ilə əlaqəli siyasi qüvvələrdən biri idi. 1997-ci ildə yaradılan partiya Nəcməddin Ərbakanın siyasi xəttinin davamçılarının təmsil olunduğu islamyönümlü təşkilat idi. Fəzilət Partiyası Türkiyə Konstitusiya Məhkəməsi tərəfindən 22 iyun 2001-ci ildə rəsmən bağlanıb. Qərarın əsaslandırılmasında partiyanın ölkənin dünyəvilik prinsiplərinə zidd fəaliyyət göstərməsi məsələsi yer alıb.

Sonradan bu siyasi ənənənin nümayəndələri müxtəlif partiyalarda təmsil olundular.

2008-ci ildə Numan Kurtulmuş Səadət Partiyasının sədri seçilib. Bu, onun müstəqil siyasi fiqur kimi tanınmasında mühüm mərhələ olub.

Lakin partiyanın siyasi imkanları qarşıya qoyduğu məqsədləri həyata keçirmək üçün kifayət etməyib.

Öz partiyasını qurdu


2010-cu il noyabrın 1-də Numan Kurtulmuş Xalqın Səsi Partiyasını - HAS Partini yaradıb.

Yeni siyasi təşkilat mühafizəkar dəyərləri sosial ədalət və iqtisadi məsələlərlə bağlı mövqelərlə birləşdirməyə çalışırdı. Partiyanın əsas siması olan Kurtulmuş hakimiyyətə alternativ siyasi xətt formalaşdırmaq niyyətində idi.

2011-ci il parlament seçkilərində HAS Parti 1 faizdən az səs topladı və parlamentdə yer qazana bilmədi. Bununla belə, partiyanın rəhbəri Türkiyə siyasətində diqqət çəkən fiqurlardan biri olaraq qalırdı.

Ərdoğanı tənqid etdi, sonra onun komandasına qoşuldu

2011-ci ildə HAS Partinin sədri kimi çıxışlarının birində Numan Kurtulmuş hakimiyyəti “saxtakar” adlandırmışdı. Onun bu sözləri 2024-cü ilin oktyabrında Türkiyə mətbuatında yenidən gündəmə gəldi.

Sözügedən çıxışında Kurtulmuş 2023-cü ilə qədər Türkiyədə iqtisadi və sosial problemlərin dərinləşəcəyini proqnozlaşdırırdı. O, kredit kartı borclarına görə vətəndaşların məhkəmə və icra problemləri ilə üzləşməsini, boşanmaların artmasını, xəstəxanalarda yaşlılar üçün yer tapılmamasını və vergilərin yaratdığı yükün ağırlaşmasını mümkün nəticələr kimi sadalayırdı.

Numan Kurtulmuş Ərdoğan hakimiyyətinin kadr siyasətini də tənqid edirdi. O, baş nazirin fəaliyyətini də sərt şəkildə tənqid etmişdi. Həmin vaxt Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan idi.

Kurtulmuşun Ərdoğanın siyasi xəttinə qarşı çıxdığını göstərən ən konkret nümunələrdən biri 2011-ci ilin fevralında prezident üsul-idarəsi ilə bağlı müzakirələr zamanı səsləndirdiyi fikirlərdir.

“Habertürk”ün 12 fevral 2011-ci il tarixli xəbərinə görə, HAS Partinin sədri İzmirə səfəri zamanı Ərdoğanın prezident üsul-idarəsinə keçidlə bağlı təklifini tənqid etmişdi.

Numan Kurtulmuş həmin vaxt Türkiyədə demokratik institutların və siyasi sistemin vəziyyətinin prezident üsul-idarəsinin tətbiqi üçün uyğun olmadığını iddia edirdi:

“Əgər Türkiyə mövcud quruluşu ilə prezident üsul-idarəsinə keçsə, çox açıq deyirəm ki, buradan demokratiya yox, seçki ilə hakimiyyətə gəlmiş krallıq yaranar. Bu quruluş daxilində məni də dövlət başçısı seçsəniz, yenə krallıq ortaya çıxar”.

Bu fikir Kurtulmuşun tənqidinin yalnız Ərdoğanın şəxsiyyətinə yönəlmədiyini göstərirdi. O, prezident üsul-idarəsinin mövcud siyasi şəraitdə hakimiyyətin həddindən artıq mərkəzləşməsinə gətirib çıxara biləcəyini düşünürdü. Başqa sözlə, onun etirazı sistemin necə işləyəcəyi ilə bağlı idi.

Sonrakı mərhələdə isə Kurtulmuşun siyasi yolu dəyişdi.


2012-ci ildə HAS Parti ilə AK Parti arasında birləşmə prosesi başladı. Sentyabrın 22-də Kurtulmuş AK Partiyaya qoşuldu.

Bu keçid onun karyerasında dönüş nöqtəsi oldu. Kurtulmuş AK Partidə iqtisadi məsələlər üzrə sədr müavini vəzifəsini tutdu, 2014-cü ildə isə hökumətə daxil oldu.

Ərdoğanın hökumətində baş nazirin müavini və sözçü oldu

2014-cü il avqustun 29-da Numan Kurtulmuş Türkiyənin 62-ci hökumətində baş nazirin müavini vəzifəsində fəaliyyətə başladı.

O, sonrakı hökumətlərdə də bu vəzifəni qorudu. Eyni zamanda hökumət sözçüsü kimi fəaliyyət göstərdi və hakimiyyətin qərarlarını, siyasi mövqeyini ictimaiyyətə çatdıran şəxslərdən birinə çevrildi.

Daha sonra mədəniyyət və turizm naziri təyin olundu.

2018-ci ildə AK Partinin qurultayında partiyanın Mərkəzi Qərar və İdarə Heyətinə seçilən Kurtulmuş sonrakı illərdə partiyanın sədr müavini, daha sonra isə sədr vəkili vəzifəsini icra etdi.

2023-cü il parlament seçkilərində İstanbuldan deputat seçilən Numan Kurtulmuş iyunun 7-də Türkiyə Böyük Millət Məclisinin sədri oldu. 2025-ci il iyunun 3-də keçirilən seçkidə isə ikinci dəfə bu vəzifəyə seçildi.

Parlamentə rəhbərlik etmək ona Türkiyə siyasətində fərqli status verir. Çünki parlament sədri olaraq o, yalnız hakim partiyanın nümayəndəsi deyil, həm də müxtəlif siyasi qüvvələrin təmsil olunduğu qanunverici orqanın işini təşkil edən şəxsdir.

Numan Kurtulmuş hazırda TBMM sədri kimi parlamentin fəaliyyətinin təşkili, siyasi partiyalar arasında müzakirələrin aparılması və qanunvericilik prosesinin idarə olunması ilə məşğuldur.

“Terrorsuz Türkiyə” adlandırılan proses və bu çərçivədə mümkün hüquqi dəyişikliklər də onun gündəmində olan məsələlər sırasındadır.

N.Kurtulmuş Türkiyənin terrorla mübarizəsi ilə bağlı uzunmüddətli insan və iqtisadi itkilərdən danışır, müxtəlif siyasi partiyaların ortaq mövqedə birləşməsinin əhəmiyyətini vurğulayır.

Qeyd edək ki, Numan Kurtulmuşun adı bir neçə dəfə müxtəlif qalmaqallarda da hallanıb.

Ailəsi: professor həyat yoldaşı və üç övladı


Numan Kurtulmuşun şəxsi həyatı barədə ictimaiyyətə açıq məlumatlar onun siyasi fəaliyyəti ilə müqayisədə məhduddur.

TBMM-nin rəsmi məlumatına əsasən, o, professor Sevgi Kurtulmuşla ailəlidir. Cütlüyün üç övladı və iki nəvəsi var.

Numan Kurtulmuşun həyat yoldaşı da akademik fəaliyyətlə məşğul olub. 

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Mehdiyev işində kritik qərar! Harada qalacaq? Daha kimlər tutulacaq?-