“Virtual aktivlər haqqında” qanun layihəsinin bu ilin dekabrında Milli Məclisin müzakirəsinə çıxarılacağı gözlənilir.
Modern.az xəbər verir ki, bunu Gündüz Osman Mərkəzi Bankın sədri Taleh Kazımovla ekspertlərin görüşünün yekunları barədə feysbuk paylaşımında yazıb.
O bildirib ki, görüşdə qaldırdığı əsas məsələlər stablecoin və “Virtual aktivlər haqqında” qanun layihəsi ilə bağlı olub.
G.Osmanın sözlərinə görə, Mərkəzi Bankın sədri stablecoin və rəqəmsal manat üzrə araşdırmaların, beynəlxalq təcrübənin öyrənilməsinin davam etdiyini bildirib.
Paylaşım müəllifi müzakirədən belə qənaətə gəldiyini qeyd edib ki, konkret model hələ tam formalaşmayıb və yanaşma yalnız “1 manat = 1 stablecoin” modeli ilə məhdudlaşmır. Görüşdə aktivlərin tokenləşdirilməsi məsələsinə də toxunulub.
Onun yazdığına görə, Mərkəzi Bankın nəzarəti altında, o cümlədən xüsusi tənzimləmə rejimi çərçivəsində özəl iştirakçıların təkliflərinə baxılması nəzərdə tutulur. Stablecoin mövzusunda yaxın vaxtlarda ayrıca müzakirənin keçirilməsi də gözlənilir.
G.Osman görüşdə bankların dövlət məlumatlarına çıxışı məsələsinin də müzakirə olunduğunu bildirib. Onun sözlərinə görə, Taleh Kazımov bank sektorunda rəqəmsallaşma baxımından bu istiqamətin daha prioritet olduğunu vurğulayıb.
Paylaşım müəllifi məlumat sorğularına görə bankların çəkdiyi xərclərə diqqət çəkib:
“Vətəndaş bank hesabını pulsuz açsa da, bank onun məlumatlarını dövlət sistemindən sorğulayarkən ödəniş edir. Çoxsaylı sorğular yekunda banklar üçün ciddi xərc yaradır”.
G.Osman hesab edir ki, dövlət məlumatlarına çıxış rəqəmsal xidmətləri asanlaşdırmalı, əlavə xərc mənbəyinə çevrilməməlidir.