Modern.az

"İsmayıl, səni bir daha görməyəcəyəm" - Şəhid atasının heç yerdə demədikləri

"İsmayıl, səni bir daha görməyəcəyəm" - Şəhid atasının heç yerdə demədikləri

Ölkə

Bu gün, 18:00

“İsmayıl bizdən getməyib. O, həmişə bizimlədir. Biz İsmayılla bayram keçiririk, kinoya baxırıq, evimizdəki bütün sevincləri onunla bölüşürük. Mən əvvəl İsmayılla yaşayırdım, indi isə şəhid İsmayılla yaşayıram”.

Bu sözləri Vətən müharibəsi şəhidi İsmayıl Kərimlinin atası Ceyhun Kərimov Modern.az-a müsahibəsində deyib.

O bildirib ki, oğlunun şəhidliyi həyatını kökündən dəyişib. Müharibədən əvvəl adi vətəndaş həyatı yaşadığını deyən Ceyhun Kərimov indi üzərində böyük mənəvi məsuliyyət hiss etdiyini vurğulayıb.

“Əvvəllər səhər oyanıb işimizə gedir, gündəlik qayğılarımızla məşğul olurduq. Müharibədən sonra isə həyatımız tamamilə dəyişdi. İsmayılın qəhrəmanlığı, Vətən üçün etdikləri mənə böyük məsuliyyət gətirdi. İndi mən hər addımımda düşünürəm ki, şəhid atasıyam. Kənardan mənə baxan insan bunu davranışımdan, insanlara münasibətimdən hiss etməlidir”.

“İndi məni oğlumun adı ilə tanıyırlar”

Şəhid atası bildirib ki, İsmayıl uşaqlıqdan xaraktercə ona çox bənzəyib. Dəcəl və şıltaq uşaq olsa da, dürüstlüyü, prinsipiallığı və səbirli olması ilə seçilib.

Ceyhun Kərimovun sözlərinə görə, İsmayıl həmişə həqiqəti söyləməyə üstünlük verib, fikirlərini gizlətməyib:

“Ona baxanda öz uşaqlığımı görürdüm. Buna görə də onu çox az danlayırdım. Ən çox qiymətləndirdiyim xüsusiyyəti dürüstlüyü idi. Sözünün kimə necə təsir edəcəyindən asılı olmayaraq, həqiqəti deyirdi. Çox mərd oğlan idi”.

Atası İsmayılın ondan daha səbirli olduğunu da qeyd edib. Onun fikrincə, məhz bu xüsusiyyəti sonradan kəşfiyyatçı kimi formalaşmasında mühüm rol oynayıb.

“O, çox təmkinli idi. Hər hansı hadisə baş verəndə əvvəl düşünər, götür-qoy edər, sonra münasibət bildirərdi. Mən bəzən səbirsiz davranırdım. Yəqin ki, mənə irad bildirsəydi, ‘Ata, bir az səbirli ol’, – deyərdi”.

Ceyhun Kərimov oğlunun adı ilə tanınmağın onun üçün böyük qürur olduğunu söyləyib.

“Adətən uşağı atasına görə tanıyırlar. Amma indi mənə ‘İsmayılın atasıdır’ deyirlər. Düşünürəm ki, övladım necə böyük məqama yüksəlib ki, artıq məni onun adı ilə tanıyırlar”.

“Aldığım velosipedi kirayəyə verib pul qazanırdı”

Şəhid atası müsahibəsində İsmayılın uşaqlıq illərindən maraqlı bir xatirəsini də bölüşüb.

O bildirib ki, İsmayıl uzun müddət ondan velosiped istəyib. Nəhayət, velosiped alındıqdan bir müddət sonra atasının qarşılaşdığı mənzərə onu təəccübləndirib.

“Bir gün işdən gəldim, gördüm ki, İsmayıl skamyada sakit oturub. Velosipedi də yanında yoxdur. Soruşdum ki, həmişə velosiped istəyirdin, indi niyə sürmürsən? Bir qədər sonra başqa bir uşaq onun velosipedi ilə gəldi, saxladı və İsmayıla pul verdi. Sən demə, velosipedini kirayəyə verib pul qazanırmış. Çox güldüm. Öz-özümə dedim ki, bu uşaq artıq biznesmenlik edir”.

“Müharibə başlayanda sənədlərini götürüb hərbi komissarlığa qaçdı”

Ceyhun Kərimovun sözlərinə görə, İsmayıl Vətən müharibəsi başlayanda hərbi xidmətdən cəmi iki ay idi qayıtmışdı.

2020-ci il sentyabrın 27-də müharibənin başladığını öyrənən İsmayıl ertəsi gün sənədlərini götürərək hərbi komissarlığa yollanıb.

“Atası kimi ona dedim ki, niyə tələsirsən, gözlə, gələk, danışaq. Amma o, gözləmək istəmirdi. Dəfələrlə hərbi komissarlığa gedirdi. Hətta bir dəfə orada narazılıq etmişdi, məni də çağırmışdılar. Anasına deyirdi ki, sən mənə ürəkdən xeyir-dua vermirsən, ona görə gedə bilmirəm”.

Şəhid atası bildirib ki, oğlunun müharibəyə getmək qərarını dəyişmək mümkün olmayıb.

“Bir gün anası ondan bacısını müəllim yanına ötürməyi xahiş etdi. İsmayıl çox emosional reaksiya verdi. Dedi ki, mən küçəyə çıxa bilmirəm, utanıram. Hamı Vətəni qorumağa gedir, mən isə burada qalmışam. Anasına dedi ki, müharibə bitsə və mən orada iştirak etməsəm, bunu özümə bağışlaya bilməyəcəyəm”.

“Avtobusu saxlatdırıb məni son dəfə qucaqladı”

Ceyhun Kərimov oğlunu cəbhəyə yola saldığı günü də xatırlayıb.

Onun sözlərinə görə, hərbi komissarlığın qarşısında sağollaşdıqdan sonra İsmayıl avtobusa minib. Lakin avtobus hərəkətə başlayan zaman gözlənilməz hadisə baş verib.

“Birdən avtobusdan səsi gəldi ki, saxla, saxla! Hamımız təəccübləndik. Mənə ‘Ay pa, qalx avtobusa’, – dedi. İsmayıl mənə həmişə belə müraciət edirdi. Avtobusa qalxdım. Sağ qolu ilə boynumu qucaqladı, yanağını yanağıma qoydu, məni möhkəm sıxdı. Sonra üzümə baxıb ‘Düş’, – dedi”.

Ata bildirib ki, İsmayıl hisslərini açıq şəkildə göstərən biri olmadığından bu davranışı onda qəribə hiss yaradıb.

“Avtobusdan düşəndə içimdən bir fikir keçdi. Böyük oğlum Rəvana demək istədim ki, yəqin, İsmayılı bir daha görməyəcəyik. Amma dilimə gətirə bilmədim. Çünki bu, İsmayıla xas hərəkət deyildi”.

“Çətin əməliyyata gedirəm, zəng etməsəm...”

Ceyhun Kərimov oğlunun son telefon zənglərindən birində ağır hərbi əməliyyata hazırlaşdığını bildirdiyini söyləyib.

“Bir həftə idi ki, ondan xəbər yox idi. Son danışığımızda mənə demişdi ki, çox ağır əməliyyata gedirəm. Ola bilər, sənə zəng edə bilməyim. Mən başa düşürdüm ki, Şuşa əməliyyatına gedirlər”.

Atanın sözlərinə görə, oğlunun şəhid olması xəbərini ailəsindən gələn telefon zəngindən anlayıb.

“Həyat yoldaşım zəng edib sadəcə ‘Ceyhun, evə gəl’, – dedi. Mən artıq nə baş verdiyini başa düşdüm. Evə gedərkən maşını saxlayıb bir müddət düşündüm. İsmayılla bağlı xatirələrim gözümün önündən keçdi. Həmin an ən çox ailəmin yanında olmaq istəyirdim. Çünki bu xəbəri birlikdə qarşılamalı idik”.

“Mən oğlumla deyil, şəhidimlə görüşməyə gedirdim”

Ceyhun Kərimov bildirib ki, İsmayılın şəhid olması xəbərini aldıqdan sonra onun döyüş yoldaşları ilə əlaqə saxlayıb.

Oğlunun son anları barədə məlumat almaq istəyən ataya hərbçilərdən biri başını həmişə dik tutmasını söyləyib.

“Mənə dedi ki, ömrünün sonuna qədər başını dik tut. Sən elə bir oğul böyütmüsən ki, həmişə onunla fəxr edə bilərsən. Bu sözlər mənim üçün çox böyük məna daşıyırdı”.

Şəhid atası oğlunu qarşılamaq üçün Füzuliyə getdiyi günü də xatırlayıb.

“Mən oraya sadəcə oğlumla görüşməyə getməmişdim. Mən şəhidlə görüşməyə gedirdim. İsmayıl artıq təkcə mənim övladım deyildi. O, Vətənin şəhidi idi. Mən onu layiqincə qarşılamaq və yola salmaq istəyirdim”.

“İsmayıl hərbçi olmaq istəyirdi”

Ceyhun Kərimov bildirib ki, oğlunun ən böyük arzularından biri hərbçi olmaq olub.

İsmayıl ailəsinin istəyi ilə inşaat mühəndisliyi üzrə ali təhsil alsa da, gələcəyini hərbi sahədə görüb.

“Universiteti bitirəndə diplomunu ona verdim. Götürmədi. Dedi ki, ay pa, mən bunu sizin üçün oxumuşam. Siz istədiniz, mən də oxudum. Amma mənim başqa arzularım var. Mən hərbçi olacağam. Əsgərlikdən qayıdandan sonra da yenidən hərbi xidmətə getmək istəyirdi”.

Şəhid atası oğlunun döyüş yoldaşları arasında da hörmət qazandığını bildirib. Onun sözlərinə görə, İsmayıl silahdaşları ilə birlikdə olmağa, ən kiçik imkanları belə onlarla bölüşməyə çalışıb.

“İsmayıl hələ də ailəmizin bir üzvü kimi bizimlədir”

Ceyhun Kərimov müsahibəsində oğlunun yoxluğunu ailə həyatında necə yaşadıqlarından da danışıb.

Onun sözlərinə görə, İsmayıl kino həvəskarı olub, izlədiyi filmlər və aktyorlar haqqında geniş məlumatı ilə seçilib. Qardaşı Rəvanla filmlərdən danışar, bacısı Nuriyəyə isə zarafatla müxtəlif ləqəblər qoyarmış.

“İsmayıl çox kino sevirdi. Elə film yox idi ki, baxmasın. İndi biz ailəlikcə filmə baxanda hansısa səhnədə deyirik ki, İsmayıl bax bu yerdə çox gülərdi. Biz evdə onun haqqında keçmişdə qalmış biri kimi danışmırıq. Elə bilirik ki, yanımızda oturub”.

Ata bildirib ki, ailədə baş verən yenilikləri də İsmayılla bölüşürlər.

“Bacısının uğurlarından, qardaşının gördüyü işlərdən, ailəmizdə baş verən hadisələrdən danışırıq. İsmayılın anım günü ilə bağlı planlarımız olanda da onunla danışırmış kimi oluruq. Biz onu ailəmizdən ayırmamışıq”.

“Oğlumun adı mənim üçün ən yüksək zirvədir”

Ceyhun Kərimov qeyd edib ki, şəhid atası olmaq təkcə qürur deyil, həm də ömürlük məsuliyyətdir.

“Oğlumun adı mənim üçün ən yüksək zirvədir. İsmayılın adı mənə əmanətdir. Mən elə yaşamalıyam ki, heç kim onun adına görə mənə irad tuta bilməsin. Əvvəllər də istəmirdim ki, övladlarım mənim haqqımda pis söz eşitsinlər. İndi isə bu məsuliyyət daha da artıb”.

O bildirib ki, şəhid valideynlərinə münasibətdə həssas və diqqətli davranmaq lazımdır. Xüsusilə şəhid analarına böyük ehtiram bəslədiyini vurğulayıb.

“Mən şəhid anasının əlindən öpürəm. Mənə deyirlər ki, sən də şəhid atasısan. Deyirəm ki, amma o, anadır. Mən şəhid analarına çox yüksək məqam verirəm”.

“Arzum budur ki, övladlarımız daha müharibə görməsinlər”

Şəhid atası müsahibəsinin sonunda Azərbaycan gənclərinə də müraciət edib.

O bildirib ki, Vətənə xidmət yalnız döyüş meydanında deyil, elm, təhsil və digər sahələrdə qazanılan uğurlarla da mümkündür.

“Mən istəyirəm ki, bu, son müharibəmiz olsun. Gələcək nəsillər müharibə görməsin. Qəhrəman olmaq üçün mütləq müharibəyə getmək lazım deyil. Bu gün hansısa gəncimiz beynəlxalq olimpiadada qalib gəlirsə, Azərbaycan bayrağını yüksəldirsə, biz onunla fəxr etməliyik. Mən gənclərimizə deyirəm ki, oxuyun, elm öyrənin, dövlətinizə, xalqınıza faydalı olun”.

Ceyhun Kərimovun sözlərinə görə, şəhidlərin xatirəsini yaşatmağın ən mühüm yollarından biri onların uğrunda mübarizə apardıqları Vətənin inkişafına töhfə verməkdir.

“İsmayıl mənim başımın tacıdır. Amma o, təkcə mənim deyil, Azərbaycanın şəhididir. Mən İsmayıl deyəndə bütün şəhidlərimizi düşünürəm. Onların bizə əmanət qoyduğu Vətəni qorumalı, abadlaşdırmalı və inkişaf etdirməliyik. Şəhidlərimizin ruhunu şad etməyin yolu Azərbaycanın adını daha da yüksəklərə qaldırmaqdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri