Modern.az
Qəzənfər Həmidoğlu Praqa görüşündən sonra: sülhə yaxınlaşdıqmı?

Qəzənfər Həmidoğlu

Praqa görüşündən sonra: sülhə yaxınlaşdıqmı?

Analitika

8 Oktyabr 2022, 09:30

Qəzənfər Həmidoğlu


Praqada Azərbaycan, Fransa və Ermənistan liderlərinin Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən görüşündən sonra Yelisey sarayı belə bəyanat yaydı ki, “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər”.


Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün 5 prinsipini açıqlayıb, danışıqlarda bu prinsiplər ətrafında müzakirələr aparılmasına cəhd edir, Ermənistan da sözdə bunda bir əngəl görmür. Belə hesab edilir ki, son bəyanatla ermənipərəst mövqeyinə rəğmən Fransanın timsalında Avropa Azərbaycanın ərazi bütövlüyünü və onu bərpa etməsini, mahiyyət etibarı ilə İkinci Qarabağ müharibəsinin nəticələrini tanıyır. Xüsusilə bəyanatda BMT Nizamnaməsinə istinad edilməsindən belə qənaətə gəlinir ki, rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsi Azərbaycanın Qarabağ da daxil olmaqla bütün ərazisi üzərində suverenliyinin qəbul etməsi deməkdir. Baxmayaraq ki, BMT öz üzvünü dövlət kimi tanıyır, amma sərhədlərini təsdiq etmək kimi bir missiyası yoxdur. Həmçinin, Praqa görüşünün sülh müqaviləsinə gedən yolda müəyyən ümidlər yaratdığı vurğulanır: Azərbaycan Prezidentinin jurnalistlərə verdiyi müsahibədə bildirdiyi kimi, sülh müqaviləsinin bağlanması üçün xarici işlər nazirlərinin bir görüşü keçirilib və bu günlərdə bir görüş də keçiriləcək, sülh müqaviləsinin mətni hazırlanacaq.


Yelisey sarayının bəyanatında diqqəti cəlb edən başqa bir məqam Aİ-nin mülki missiyasının yaradılmasıdır: “Ermənistan Azərbaycanla sərhəddə Avropa İttifaqının (Aİ) mülki missiyasına yardım göstərməyə razılaşıb. Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib. Missiya oktyabr ayında faəliyyətə başlayacaq və maksimum iki ay müddətində davam edəcək. Missiyanın məqsədi - güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir”.


Aİ və Fransa birgə sərhəd monitorinq missiyası (mülki missiya) ilə regiona daxil olmaq istəyir. Sənədə əsasən, missiya yalnız Ermənistan ərazisində olacaq, Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiyaya dəstək verəcək. Ermənistanın sərhəd missiyasına razılıq verməsi Rusiyaya qarşı ciddi addımdır. Moskvanın buna necə reaksiya verəcəyi yaxın günlərdə aydın olacaq. Əvvəllər Qarabağda ATƏT-in monitorinq missiyası vardı və formal olaraq yenə qalır. Anjey Kaspşikin başçılıq etdiyi bu missiyanın hamı tərəfindən qəbul edilən mandatı vardı. İkiaylıq mülki missiyanın necə formalaşacağı və rus hərbi faktorunun güclü olduğu bir regionda necə effektiv fəaliyyət göstərəcəyi hələ aydın deyil. Aydın görünən budur ki, Paşinyan Avropanın himayəsi ilə hakimiyyəti üçün “axilles dabanı” olan sərhəddəki insidentləri və bunun Ermənistanın daxili siyasətinə təsirini neytrallaşdıracağına ümid edir. Həmçinin şübhə yoxdur ki, fransız mülki missiyası Ermənistanın zərərinə monitorinq aparmaz.
 



Praqa görüşü Avropanın Ermənistan-Azərbaycan münasibətlərini və Qarabağ məsələsini ayrıca keyslər kimi dəyərləndirdiyini bir daha təsdiq etdi. Qərb birinci ilə özü məşğul olmaq istəyir, ikincini isə Rusiyanın öhdəsinə buraxılması ilə hələlik razılaşıb. Belə demək olar ki, Qərb regionun indiki reallığında Qarabağ məsələsində Azərbaycanı Rusiya ilə tetatet qoymaq və nələr olacağını seyr etmək istəyir. Ukrayna savaşında Rusiyanın zəifləməsi və yaxın zamanda uduzması perspektivi Azərbaycana böyük şans yaradır.


Amma aydındır ki, Moskva “hələlik statusu” ilə razılaşmır, Qərbin regionda onun əldə etdiyi uğurlara “şərik çıxmaq istəyi”ndən qəzəblidir və Brüssül prosesi kimi, “Praqa başlanğıcı”nı da əngəlləməyə çalışacaq. Regiona nəzarətini saxlamaq üçün Moskva Bakı-İrəvan münasibətlərini və Qarabağ məsələsini bir keysdə tutur. Bu istiqamətdə Kremlin Ruben Vardanyan fiqurunu aktivləşdirməklə həm Qarabağda, həm də İrəvandakı qərbyönümlü siyasət üçün tezliklə kontrarqumentlərini ortaya qoyacağını, regiondakı başqa təzyiq alətlərini işə salacağını gözləmək olar.


Praqada alınan qərarlar yazılı deyil, daha çox şifahi anlaşmadır. Almatı Bəyannaməsi fonunda Praqa görüşünün nəticələrini Azərbaycanın növbəti diplomatik qələbəsi kimi dəyərləndirməkdə təəssüf ki, tələsənlər var, bəziləri isə artıq eyforiya keçirir. İrəvanda kimsə Praqa görüşünü “Paşinyanın növbəti kapitulyasiyası” kimi dəyərləndirmir, Köçəryan cinahı istisna olmaqla, Paşinyanın müxalifləri arasında buna uğur kimi baxanlar az deyil.

Hər halda tərəflərin “1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləməsi” bütün sualları ortadan qaldırmır. SSRİ-nin dağılıb və MDB-nin yarandığı konyunkturada Azərbaycanla Ermənistan arasında ciddi mövqe fərqləri vardı. 1989-cu ilin dekabrında Ermənistan Qarabağı özünə “birləşdirdiyini” elan etmiş və “bu sərhədlərlə Ermənistan Respublikası olmalıdır” iddiasını ortaua qoymuşdu. Ermənistan 1990-ci il avqustun 23-də müstəqillik bəyannaməsini qəbul edərkən və 1991-ci il sentyabrın 21-də keçirilən referendumla SSRİ-dən çıxdığını təsdiqlərkən 1989-cu ildəki mövqeyinə heç bir korrektə etməmişdi - yəni, Dağlıq Qarabağdan imtina etməmişdi.


Ermənistanın sülh danışıqlarında belə ziqzaq nüanslardan faydalanmağa çalışmayacağını demək üçün heç bir qarantiya yoxdur. Fransanın Almatı Bəyannaməsini ermənisayağı yozacağına şübhə etməyə dəyməz. Zira Fransanın vasitəçiliyi Azərbaycan üçün həmişə problemli olub və Parisdən yeni paradiqma ummaq sadəlövhlük olardı. Ermənistan indiki konyunkturada sərhəd məsələsini eskalasiyalarsız həll etmək, Rusiyanın təzyiqlərini mümkün minimuma endirmək istəyir. Həmçinin, Ermənistanın baş naziri ümid edir ki, Praqadakı anlaşma ilə Azərbaycan Zəngəzur narrativini elə də gündəmdə tutmayacaq.


İndiki reallıqda Paşinyan üçün əsas olan “sərhəd təzyiqi”ndən qurtulmaqdır və bu fonda onun “arxa plan”a atdığı Qarabağdan imtinası barədə Azərbaycanın bəzi ekspertləri dolayısı ilə qənaət çıxarır, baxmayaq ki, rəsmi İrəvan bunu bırmənalı bəyan etmir və yaxud etmək istəmir.


Hər bir halda hər şey sahədə həllini tapacaq: hərb meydanında mövqe üstünlüyü, sərhəd zonasında zəruri strateji yüksəklikləri, de-fakto sərhədləri nəzarətdə saxlaması, təxribatlara adekvat, daha artıq reaksiya verməsi və Ermənistana təzyiq göstərmək qabiliyyəti Azərbaycana, informasiya savaşında hücumlara məruz qalmasına rəğmən, bütünlükdə danışıqlarda, diplomatiyada yetərincə manevr və vacib olduqda imitasiya imkanları tanıyır.


Amma bu da faktdır ki, proses uzanır - Rusiya-Ukrayna savaşının sürünməsi, iri geosiyasi fiqurların aktivləşməsi və yeni oyunları regionda sülh ümidlərini yaxın perspektivdən uzaqlara atır...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir