Modern.az

Türkiyə seçkilərində namizəd olmayan əsas OYUNÇULAR

Türkiyə seçkilərində namizəd olmayan əsas OYUNÇULAR

Analitika

8 Aprel 2023, 09:50

Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərində iştirak edəcək siyasi qüvvələrin əksəriyyəti artıq öz mövqelərini bəyan edib. Prezident seçkilərinin favorit namizədləri hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və müxalifətin vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğludur.

 

Onlardan əlavə, fikir ayrılıqlarına görə bir neçə il əvvəl CHP-dən ayrılaraq öz partiyasını quran 58 yaşlı Muharrem İnce və akademik, 55 yaşlı Sinan Oğan da prezident seçkilərində namizəd kimi iştirak edəcək. (Namizədlər haqqında məqaləmizi buradan oxuya bilərsiniz). 

 

Lakin namizəd olmasalar da, fəaliyyətləri Türkiyədəki seçkilərin nəticələrinə təsir edə biləcək siyasi fiqurlarları da diqqətdən kənarda qoymaz olmaz. Bəs onlar kimlərdir, hansı mövqedən çıxış edirlər?

 

Modern.az Türkiyədəki seçkilərin oxucularımız üçün aktuallığını nəzərə alaraq, bununla bağlı araşdırma aparıb.

 

Başlayaq iqtidar koalisiyasından...

 

İndiyədək keçirilən seçkilərdə əsasən dindar-mühafizəkar-milliyətçi seçicilərdən səs toplayan Ərdoğanın namizədliyi “Cümhur İttifaqı” adlandırılan siyasi blok tərəfindən irəli sürülüb. Siyasi bloka daxil olan qüvvələr və siyasi liderlər aşağıdakılardır: 

 

 

Dövlət Baxçalı, Milliyətçi Hərəkat Partiyası (MHP) 

 

75 yaşlı Dövlət Baxçalı 2016-cı ildəki uğursuz dövlət çevrilişi cəhdindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyə başlayıb. Həmin dövrə qədər Ərdoğanın sərt tənqidçilərindən olan millətçi lider son çıxışlarında müxalifəti də hədəfə alıb, onları PKK terror təşkilatı ilə əməkdaşlıq etməkdə ittiham edib. Baxçalı əsas elektoratı kürdlərdən ibarət olan HDP-nin də əsas tənqidçilərindən biridir. Onu da bildirək ki, Baxçalının rəhbərlik etdiyi MHP 2018-ci ildə keçirilən parlament seçkilərində 11%-dən çox səs toplayıb. 

 

Mustafa Destici, Böyük Birlik Partiyası (BBP) 

 

Ötən əsrin 80-90-cı illərinin qalmaqallı siyasətçilərindən olan və Türkiyədə “ülkücü”, yəni türkçü-islamçıların liderlərindən biri hesab edilən, 2009-cu ildə müəmmalı helikopter qəzası zamanı ölən Muhsin Yazıcıoğlunun yaratdığı Böyük Birlik Partiyası da Ərdoğanı dəstəkləyən siyasi qüvvələr sırasındadır. Dindar-millətçi seçicilərə müraciət edən BBP 2018-ci il AKP-nin siyahısında seçkilərə qatılmışdı. Partiyanın sədri 57 yaşlı Mustafa Destici AKP siyahısından parlamentə seçilib. Sağçı siyasi lider may ayında keçiriləcək parlament seçkilərində partiyasının AKP siyahısından deyil, öz adı ilə qatılacağını bildirib. 

 

Fatih Ərbakan, Yenidən Rifah Partiyası (YRP) 

 

Sabiq baş nazir Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakanın rəhbərlik etdiyi Yenidən Rifah Partiyası “Cumhur İttifaqı”na daxil olan partiyalardan biridir. İslamçı “milli görüş” ideologiyasını təmsil edən 44 yaşlı Ərbakan əvvəlcə prezident seçkilərində namizəd olacağını bildirsə də, daha sonra namizədliyini geri götürdüyünü və Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.

 

YRP 2018-ci ildə yaradılıb və hələlik ciddi seçki təcrübəsi yoxdur. Partiya Ərbakanın irsini daşımaq mövzusunda müxalifətdə təmsil olunan Səadət Partiyası ilə qalmaqallar yaşayır.

 

Qeyd edək ki, radikal siyasi islamçı fikirləri ilə tanınan Hür Dava Partiyası da "Cumhur İttifaqını" dəstəkləyir. Partiya AKP siyahılarında seçkilərdə iştirak edəcək.

 

Müxalifətin “Altılı Masa”sı

 

2018-ci il seçkilərində yaradılan, daha sonra sıraları genişlənən “Millət İttifaqı” adlı siyasi qüvvə həm sağ, həm də sol spektrdə təmsil olunan partiyalardan ibarətdir. Əvvəl CHP, İYİ, Demokrat və Səadət partiyalarının iştirakı ilə qurulan seçki blokuna sonradan sağçı Deva və Gələcək partiyaları da qoşulub. Mediada “Altılı Masa” adlandırılan ittifaqın tərkibinə aşağıdakı partiya və liderlər daxildir: 

 

 

Meral Akşener, İYİ partiya

 

Türkiyə müxalifətində ikinci ən böyük qüvvə hesab edilən İYİ partiya əsasən mərkəz-sağçı, millətçi-mühafizəkar siyasi qüvvə hesab edilir. 66 yaşlı keçmiş daxili işlər naziri Meral Akşenerin rəhbərlik etdiyi partiya MHP-dən narazı olan seçiciləri özünə cəlb etməyi hədəfləyir. İlk vaxtlar Kemal Kılıçdaroğlunun namizədliyinə etiraz edən xanım siyasətçi daha sonra İstanbul və Ankara bələdiyyə başqanlarının vitse-prezident olması şərti ilə onun namizədliyinə razılıq verib.

 

Məlumat üçün bildirək ki, İYİ Partiya son seçkilərdə 11%-dən çox səs toplayaraq parlamentə düşməyi bacarıb.

 

Təməl Karamollaoğlu, Səadət partiyası  

 

Ərbakanın “milli görüş” ideologiyasının davamçılarından biri olan Səadət partiyası əsasən millətçi-dindar seçicilər tərəfindən dəstəklənir. Partiyaya ixtisasca mühəndis, 1989-1995-ci illərdə Sivas bələdiyyəsinə rəhbərlik edən 82 yaşlı Temel Karamollaoğlu liderlik edir. Son seçkilərdə 1.3% səs toplayan Səadət partiyası mayın 14-də keçiriləcək parlament seçkilərində təkbaşına deyil, CHP-nin siyahında iştirak edəcək. 

 

Əli Babacan, Deva partiyası 

 

55 yaşlı Əli Babacan əvvəllər AKP hökumətlərində iqtisadiyyat və xarici işlər nazirləri vəzifələrini icra edib. 2019-cu ildə hakim partiyadan ayrılan siyasətçi növbəti ildə Deva adında liberal-mühafizəkar partiya yaradıb. Xarici investorlar tərəfindən rəğbətlə qarşılanan partiya mayın 14-də keçiriləcək seçkilərə CHP-nin siyahısından qatılacaq.

 

Əhməd Davudoğlu, Gələcək partiyası 

 

Keçmiş baş nazir və xarici işlər naziri olan 64 yaşlı Əhməd Davudoğlu 2019-cu ildə AKP-dən ayrılaraq Gələcək Partiyasını yaradıb. O, AKP hakimiyyətinin ilk onilliyində aparılan "qonşularla sıfır problem" siysasətinin müəllifi kimi tanınır. Ziddiyətsiz xarici siyasətin tərəfdarı olan Davudoğlu əsasən mühafizəkar seçicilərin dəstəyini qazanıb. Bu partiya da seçkilərdə CHP siyahısında iştirak edəcək. 

 

Gültekin Uysal, Demokrat partiyası

 

Mərkəz-sağ spektrdə təmsil olunan Demokrat partiyası 2007-ci ildə yaradılıb. Adnan Menderesin yaratdığı siyasi partiyanın adını daşıyan siyasi qüvvələrə Gültekin Uysal rəhbərlik edir. Keçmiş daxili işlər naziri Mehmet Ağar tərəfindən qurulan, hazırda AKP hökumətinin tərkibində daxili işlər naziri postunu tutan Süleyman Soylunun illər öncə rəhbərlik etdiyi partiya 2018-ci il seçkilərində İYİ partiyasının siyahısında iştirak edib.

 

Qeyd edək ki, Türkiyə siyasətində sol, mərkəz və sağ cinahda olan 10-a yaxın partiya da “Millət İttifaqı”nı dəstəkləyir. 

 

 

Seçkilərdə üçüncü ittifaq 

 

Əsasən solçu partiyalardan ibarət olan “Əmək və Azadlıq İttifaqı”nın aparıcı qüvvələri parlamentdə təmsil olunan kürdlərin Xalqların Demokratik Partiyası (HDP) və Türkiyə İşçi Partiyasıdır. Siyasi blokda 6 partiya və vətəndaş cəmiyyəti təşkilatları təmsil olunur. İttifaq prezident seçkilərində namizəd irəli sürməyib. "Bərabərlik, azadlıq, qardaşlıq, sülh” şüarları ilə seçkilərdə iştirak edən İttifaq prezident seçkilərində Kemal Kılıçdaroğlunu dəstəkləyir. 

 

 

Bunlardan başqa, mayın 14-də keçiriləcək seçkilərdə sol və radikal sol təmayüllü “Sosialist Qüvvələr Birliyi”, miqrantlar əleyhinə sərt çıxışları ilə yadda qalan Zəfər Partiyası və digər 3 partiyadan ibarət ATA İttifaqı da iştirak etməyə qərar verib. Sağçı ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğandır. O, 111 508 imza toplayaraq Ali Seçki Komissiyası tərəfindən prezidentliyə namizəd kimi qeydə alınıb.

 

Modern Təhlil Qrupu

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi