Modern.az

TIRlar Parisi “partladır”...

TIRlar Parisi “partladır”...

Analitika

28 Avqust 2023, 08:58

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

Müsyö Makron, nədən “acından ölən” 20-30 min Qarabağ ermənisini öz ölkəsinə - Fransaya aparıb, onlara “Marsax” adlı bir “dövlət” yaradıb xoşbəxt etmir?

Bir zaman Mirzə Fətəli Axundovun dərvişləri tərəfindən “partladılan” Parisi görəsən indi nə və ya kim partladır? Yoxsa, müsyö Makron da Qarabağ dağlarındakı “çör-çöpə” valeh olub? Yox, görünən odur ki, Fransa prezidenti Emmanuel Makronun separatçılar naminə özünü ermənidən daha çox erməni kimi göstərməsi, nə “çör-çöp”, nə də hay sevgisindəndir. Ancaq onun əlində bərk tutub erməni nökərinə hələlik vermədiyi “çantasının” içində çox şeylərin olduğunu etimal etmək olar. 

Öncə onu qeyd edək ki, bu günlərdə Makronun “Le Point” nəşrinə müsahibəsində, “Fransanın rolu humanitar yardım üçün təzyiq göstərməkdir və biz buna nail olmaq üçün əlimizdən gələni edirik” və ya bir az da həddini aşaraq, “Dağlıq Qarabağ”a sərbəst girişi təmin etmək üçün tədbirlər görməkdə davam edirik” – deməsi, həyasızlıqla Azərbaycanın daxili işlərinə qarışaraq, birbaşa terrorçuluğa və separatistliyə verilən açıq dəstəyin göstəricisi idi.

Bundan başqa, Fransanın “Le Figaro” jurnalının redaktor müavini Jan-Kristof Büssonun öz məqaləsində, “Fransa Laçın dəhlizinin açılmasına dair qətnaməni Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına təqdim etməyə hazırlaşır. Qətnaməni hazırlamaqda məqsəd Azərbaycanın Laçın dəhlizini blokadaya alması səbəbindən aclıq astanasında olan Dağlıq Qarabağ sakinlərinə köməkdir. Bu gün 120 min insanın taleyi BMT Təhlükəsizlik Şurasının əlindədir və həmin insanlar orada baxımsız, yanacaqsız, ərzaqsız qalıb. İşıqları, suları və internetləri tez-tez kəsilir”, - deyə qeyd etdiyi uydurma fikirləri, özünü demokratiya, mədəniyyət beşiyi adlandıran Fransanın əslində şər-böhtançı, antidemokratik, ədalətsiz və mədəniyyətsiz bir dövlət olduğunu bir daha təsdiq etdi.

Maraqlıdır, başda Müsyö Makron olmaqla, ümumilikdə Fransa rəsmiləri görəsən öz həmvətənlilərinin ermənilər barədə, Aleksandr Dümanın, tarixçi Jean Laurentin, “Liberation” qəzetinin əməkdaşı Jül Gen Vaynerin, səyyah qraf de-Şölyenin, Fransanın Qafqaz üzrə ali komissarı Damien de Martel tərəfindən hələ 20 iyul 1920-ci ildə Fransanın Xarici İşlər Nazirliyinə göndərdiyi məktubundan, fransız alimi de-Banın Eçmiədzin kilsəsinə səfəri haqqında yazısından - “Ermənlərin xalq qəhrəmanlığı barəsində bir şey eşidən olubmu? Onların azadlıq uğrundakı mübarizələrinin adları harada həkk edilib? Heç yerdə!”, kimi yazdıqları sözlərdən həqiqətənmi xəbərsizdirlər?

Əlbəttə, öz gözündə o boyda Afrikanı - Benini, Çadı, Cibutini, Qabonu, Qananı, Kamerunu, Komor adalarını, Mavritaniyanı, Nigeri, Seneqalı, Tunisi, Əlcəzairi və Ruandanı görməyən Fransanın, Azərbaycanda guya “acından ölən” erməni axtarması nəinki ikiüzlülük, hətta minüzlülükdür.

Ancaq bu da maraqlıdır, təkcə Əlcəzairdə 1,5 milyon insanı qətlə yetirib, onu bir əsrdən çox (1830-1962) təcavüzə məruz qoyaraq əsarətdə saxlamış Fransanın, xüsusən də, müsyö Makronun bu qədər erməni sevgisi haradan pərvazlanır? 

Sözsüz ki, bu, hazırda ABŞ və Brüssel platformasından kənarda qaldığından “partlayan” Parisin gələcəkdə açılacaq və böyük əhəmiyyət kəsb edəcək Zəngəzur dəhlizinə “boğaz” olmaq istəyindən, həmçinin, Cənubi Qafqazda geosiyasi baxımdan özünə birdəfəlik yer almaqdan irəli gəlir. Doğrudur, Fransa hələlik Ermənistan ərazisində qoca, təqaüdçü jandarmları ilə özünə kiçik bir “yer” eləsə də, o buna hələ qarşıdakı “kinosunun” jurnalı kimi baxır. Parisin “kinosunun” ssenarisi budur ki, 2025-ci ildə Rusiya “sülhməramlıları” Azərbaycanı tərk etdikdən sonra, ümumdünya erməniliyinin təkidi ilə separatçıların “beynəlxalq hüquq və təhlükəsizliyini” “təmin” etmək üçün, Xankəndidə zühur edib beynəlxalq mandat alacaq və bölgədə möhkəmlənəcək. Əks təqdirdə, “Biz həmişə demişik ki, xalqların suverenliyinin tərəfdarıyıq” - deyən müsyö Makron, nədən 20-30 min “acından ölən” Qarabağ ermənilərini öz ölkəsinə - Marselə aparıb, onlara “Marsax” adlı bir ölkə yaradıb xoşbəxt etmir?

Şübhə yox ki, Laçın buraxılış məntəqəsində günlərdir gözləyən TIRlar Parisi “partladır”. Ancaq buna baxmayaraq, Fransanın Azərbaycana qarşı nəzərdə tutduğu qətnamə qəbul edilməyəcək. Bildiyimiz kimi, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərar, qətnamə və ya bəyanat iki üsulla - ya konsensus (ümumi razılıq, rəy), ya da səs çoxluğu ilə qəbul edilir. İndi BMT Təhlükəsizlik Şurasının 5 daimi, 10 qeyri-daimi olmaqla, ümumilikdə 15 üzvü arasında Azərbaycanı dəstəkləyənlərin olduğunu nəzərə alsaq, eləcə də bu 5 daimi üzvdən ən azı öz maraqları naminə  çıxış edərək Rusiya və Böyük Britaniyanın veto hüququndan istifadə edəcəyinə inansaq, Fransanın Azərbaycana qarşı bu məkrli oyunu, baş tutmayacaq.

İndi Fransa Erməni Təşkilatları İttifaqının xahişi ilə Paris meri Fransanın regional icmalarını Qarabağa “humanitar karvan” təşkil etməyə çağırmaq təşəbbüsü ilə çıxış etməsindən sonra, 10 yük maşınından ibarət karvanın əvvəlcə avqustun 30-u günorta saatlarında Laçın buraxılış məntəqəsinə çatması barədə xəbər verilsə də, sonradan vaxtın dəyişdirilərək sentyabrın 30-na keçirilməsi müəyyən suallar doğurur.   

Bu arada, Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin Bakıya səfərə gəldiyinin səhəri gün, erməni teleqram kanallarına inansaq, Rusiya “sülhməramlılarının” komandanı Aleksandr Lentsovun guya əvəz olunmaq üçün Qarabağdan Moskvaya getməsi barədə yaydıqları xəbər də maraq doğurur.

Ancaq indi nə baş verməsindən asılı olmayaraq, Azərbaycan Ordusu öz mövqeyində həmişə olduğu kimi oyaqdır. Əsas xəbərlər isə qarşıdakı günlərdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin Soçidə nəzərdə tutulan görüşündən sonra bəlli olacaq. Gözlənilən odur ki, üçtərəfli bəyanatda nəzərdə tutulan 4-cü bənd mütləq icra olunmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi