Modern.az

Aqressiv erməni diasporunun \"çöküşü\"... - TƏHLİL

Aqressiv erməni diasporunun \

4 Sentyabr 2023, 09:54

Qarabağdakı ermənilərin guya "ac olması" barədə təbliğatın uğursuzluğa düçar olmasından sonra erməni diasporu daha aqressiv hərəkətlər sərgiləməyə başlayıb. Ötən həftə Azərbaycanın Livandakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.

 

Bu aqressivlik erməni diasporunun zəiflədiyini və onun Cənubi Qafqazdakı ermənilərlə, Ermənistan hökuməti ilə əlaqələrinin yoxa çıxdığını, diasporun parçalanma ərəfəsində olduğunu göstərir.

 

Bu yaxınlarda Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abrahamyanın yerli mətbuata verdiyi açıqlama diaspora erməniləri ilə İrəvan arasında əlaqələrin hansı səviyyədə olduğunu işıq üzünə çıxardı. Abrahamyan “təəssüf hissi ilə” deyir ki, Ermənistanla diaspora arasında əlaqə kəsilib, diasporun özündə isə parçalanma yaşanır, müxtəlif maraqları olan yeni qruplar yaranır.

 

Erməni diasporunun parçalanma təhlükəsi ilə üzləşməsi yeni xəbər deyil. Xüsusilə Azərbaycanın Vətən müharibəsində qələbə qazanması Ermənistandan kənarda olan erməniləri “pərən-pərən” salıb. Ancaq erməni diasporunun çöküşü daha tez, Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra başlamışdı…

 

Paşinyan hakimiyyətə gəldikdən sonra radikal millətçi diasporun ona təsir edə biləcəyindən narahat idi. O, Diaspora Nazirliyini ləğv etdi və 2019-cu ildə Diasporla İş üzrə Baş Komissar adlı vəzifəyə yaratdı. Bu vəzifəyə təyin olunan Zareh Sinanyanın diasporla əlaqəsi demək olar ki, sıfır idi. Ona hökumətdə vəzifə verilməsinin yeganə səbəbi 2018-ci ildə baş verən hakimiyyət dəyişikliyini dəstəkləməsi olub. 

 

“Güclü erməni diasporu” mifi dağılır…

 

2020-ci il müharibəsi isə diasporla Ermənistan arasında münasibətlərdə dönüş nöqtəsi olub. Diaspor Paşinyan hökumətini “xəyanətkar” adlandırır. Ermənistandakı sadə vətəndaşlar həddindən artıq güclü hesab etdikləri diasporun proseslərə müdaxilə edə bilməməsindən məyus olub və “güclü erməni diasporu” mifi dağılıb, elə “güclü erməni ordusu”  mifinin məhv edildiyi kimi…

 

Dünyada təxminən 7 milyon nəfərdən ibarət olduğu hesab edilən erməni diasporu ənənəvi olaraq milli məsələlərlə maraqlanıb. Ancaq artıq diaspora daxilində “milli məsələ”nin də nə olduğu barədə fikir ayrılıqları var. Yazının əvvəlində haqqında bəhs etdiyimiz Abrahamyan deyir ki, bu gün nəinki Rusiyada, başqa ölkələrdə də diaspor yoxdur. “Rusiyada 400-ə yaxın erməni təşkilatı açılıb. Onlar nəsə etməyə çalışırlar, amma tezliklə bağlanırlar”.

 

Paşinyan hakimiyyəti də diasporu günahkar hesab edir. Paşinyanın diasporun “başına” gətirdiyi Sinanyan bir müddət əvvəl deyib ki, diaspor müharibədən əvvəlki kimi qətiyyətli deyil və Ermənistanla bağlı məsələlərdə passivləşib. O, bunu müharibədəki məğlubiyyət və ondan sonrakı psixoloji durumla, eləcə də Ermənistan təmsilçilərinə inamsızlıqla bağlı əhval-ruhiyyə ilə izah edir: “Son 15-20 il ərzində Ermənistan diaspora pul mənbəyi kimi yanaşıb, ona hörmətsizlik edib, gözə toz üfürüb”. Sinanyan da erməni diasporunda parçalanma və zəiflik olduğunu etiraf edir.

 

Xaricdəki ermənilər niyə aqressivləşir...

 

Erməni diasporunun son aylar aqressivləşməsi də onların zəiflədiyini göstərən faktorlardan biridir. Onlar müxtəlif ölkələrdə Azərbaycana qarşı artıq siyasi “tryuklar” işlədə bilmir, bəzən diasporumuza fiziki hücumlar təşkil edirlər. Bu yaxınlarda BMT-nin mənzil-qərargahı qarşısında dinc aksiya keçirən diaspora nümayəndələrimizə ermənilərin fiziki hücumu və aqressiyası “tükənmişlik sindromu”ndan xəbər verir.

 

Bu vəziyyəti ən gözəl ifadə edən İrəvanda yerləşən Siyasi və İqtisadi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Benyamin Poğosyanın etirafıdır: “Həmişə belə bir müqayisə aparılıb ki, “onların nefti var, bizim diasporumuz var”. Amma diaspor müharibənin qarşısını ala bilmədi. Bu, diasporda çaşqınlıq yaratdı”. Abrahamyan isə diaspordakı vəziyyəti Ermənistandakı duruma bənzədir: “Hamı hamıya qarşıdır”.

 

Müxtəlif ölkələrdə diasporlar arasındakı fikir ayrılıqları daha “dərindir”. ABŞ və Avropadakı bir çox erməni diaspora təşkilatları Paşinyanı dəstəkləyir, müharibədən sonra bu dəstək zəifləsə də, alternativ olmadığına görə əlacsız qalıblar. Ara Abrahamyanın təmsil oldunduğu Rusiya diasporu isə Paşinyanla “düşməndir”. Rusiyadakı bir neçə diaspora ermənisinin Ermənistana girişinə qadağa qoyulub. Ötən ilin oktyabr ayında İrəvanda Ümumdünya Erməni Sammiti adlı tədbir keçirilirdi. Görüş “Ümumdünya Erməni Sammiti” adlandırılsa da, bəzi tanınmış diaspor nümayəndələri sammitə dəvət edilmədi. Bütün ermənilərin katolikosu II Qaregin, Böyük Kilikiya Evinin katolikosu I Aram da sammitdə iştirak etmək istəməyib. 

 

Ötən həftə 600 minlik erməni diasporuna ev sahibliyi edən Fransadakı "aksiya" isə tamamilə biabırçılıq idi. Ermənilər Parisdəki Azərbaycan səfirliyinin qarşısına 10 nəfər yaxın "iştirakçı" toplamışdı.

 

Azərbaycan diasporunun yüksəlişi

 

Erməni diasporunun "çöküşü" fonunda son illərdə Azərbaycan diasporunun yüksəlişi hiss edilir. Vətən müharibəsi zamanı diasporumuzun fəaliyyəti hədiddən artıq olub. Həmin dövrdə xaricdəki soydaşlarımız siyasi görüşündən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirib və bütün imkanları ilə dövlətimizə dəstək göstərib. Onlar orduya, şəhid ailələrinə, evləri dağılan dinc sakinlərə, həmçinin həlak olanların ailələrinə humanitar yardımlar göndərib. Xarici ölkələrdə bir çox erməni təxribatlarının qarşısı diasporumuzun sayəsində alınıb. Müharibə dövründə diasporumuzun fəaliyyətini göstərən aşağıdakı bir neçə fakt soydaşlarımızın fədakarlığının göstəricisidir:

 

Belə ki, müharibə zamanı 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı, beynəlxalq təşkilatlar və Azərbaycandakı icmalar müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq qurumlara 23 dildə 500-dən artıq müraciət göndərib. Avropa Parlamentinin üzvlərinə 775 bəyanat çatdırılıb, müxtəlif ölkələrin 641 nəfər parlament üzvünə isə bəyanat və müraciətlər birbaşa təqdim olunub. Təkcə “Azərbaycan Diaspor Qadınları Şəbəkəsi”nin erməni əsgər analarına müraciəti elektron poçt vasitəsilə 58 dövlət başçısına, 44 beynəlxalq təşkilata və 5 minə yaxın vəzifəli şəxsə göndərilib.

 

Məhz diasporumuzun iştirakı ilə 36 xarici ölkədə 198 tədbir keçirilib, onların 111-i aksiya, yürüş, avtoyürüş olub. Bu tədbirlərdə Türkiyə, İsrail, Pakistan, Ukrayna və Azərbaycanda dost digər ölkələrin diaspor nümayəndələri də iştirak edib. Həmin günlərdə Komitənin rəhbər şəxslərinin, eləcə də Azərbaycan diaspor təşkilatları üzvlərinin xarici media orqanlarına çıxışları intensivləşib, diaspor nümayəndələri xarici TV-lərdə 98 dəfə canlı yayıma qatılıb. Dünyanın 60 ölkəsindən minlərlə həmvətənimizin qatıldığı 300-dən çox videokonfrans təşkil olunub, diaspor təşkilatları və üzvləri 60 ölkədə 32 dildə 535 məqalə dərc etdirib.

 

Müharibədən sonra isə Azərbaycan diasporu daha da bütövləşib və xarici ölkələrdə Azərbaycan xalqının səsi olub. Diaspor təşkilatları mövcud koordinasiya şuralarının çətiri altında ölkəmizin mənafeyinə zidd olan addımlara daha operativ və adekvat cavab verir.

 

Üstəlik, Azərbaycan diasporunda gəncləşmə hiss edilir və ölkəmizi xaricdə daha intellektual gənclər təmsil edir. Bu yaxınlarda Naxçıvanda keçirilən Diaspor Gənclərinin IV Yay Düşərgəsi bunu bir daha sübut etdu. Diaspor tarixinin möhtəşəm layihələrindən biri hesab olunan IV Yay Düşərgəsində 53 ölkəni təmsil edən 100-dən çox gənc iştirak edib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri olub.

 

Nəticə etibarilə demək olar ki, erməni diasporunun zəifləməsinin səbəblərindən biri də, şübhəsiz, Azərbaycan diasporunun son illər durmadan güclənməsidir...

 

Ardı var...

 

Modern Təhlil və Araşdırma Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi