Modern.az

Priqojin öldü: \"Vaqner\"in aqibəti necə olacaq? - Muzdluları nələr gözləyir...

Priqojin öldü: \

30 Avqust 2023, 16:38

"Vaqner" muzdlularının rəhbəri Yevgeni Proqojinin təyyarə qəzasında ölməsindən sonra "hərbi şirkətin" taleyi müəmmalı olaraq qalır. Bundan sonra "Vaqner"çilər necə olacaq? Muzdlular gələcəkdə nələr edəcəklər Bununla bağlı ən müxtəlif proqnozlar mövcuddur.

 

Priqojinin 10 il ərzində formalaşdırdığı "Vaqner" məlum olduğu kimi, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində çox önəmli rol oynayıb. Bundan əvvəl isə müxtəlif Afrika ölkələrində, eləcə də Suriyada Moskvanın mənafelərini qorumaq naminə tapşırıqlar yerinə yetirib. Bəzi ölkələrdə dövlət çevrilişlərinə qədər həyata keçirməyi bacaran "Vaqner" kənardan nə qədər qüdrətli görünsə də, bir şəxsin ətrafında formalaşdırıldığı üçün münasibətlər sistemində böhranın qaçılmaz olacağı gözlənilir. Xüsusən, Priqojinin sağ əli kimi tanınan və qruplaşmada əsas vəzifələrdən məsul olan Utkinin də onunla birgə qəzada ölməsi "Vaqner"in gələcəyini daha da kövrək edir.

 

Bundan sonra muzdluların təşkilat halında mövcudluğunu qoruması üçün müxtəlif variantlar da mövcuddur. "Vaqner"ə yeni liderin tapılması, qrupun yenidən təşkil olunması da bunların arasındadır. Ukraynadakı müharibədə Rusiyanın "Vaqner"dən tamamilə imtina etməsi mümkünsüzə yaxın ssenaridir. Bu səbəbdən "Vaqner"in rebrendinqə getməsi, başqa bir adla çıxış etməsi, transformasiya prosesindən keçərək yeni dönəmə uyğunlaşması həyata keçirilə bilər.

 

Başqa bir problem isə "Vaqner"in maliyyələşdirilməsi məsələsidir. Sirr deyil ki, qruplaşma hər nə qədər dövlətdən maddi vəsait alsa və hərbi təchizatını təmin etsə də, Priqojinə həvalə olunmuş biznes sahələrindən də "fayda götürürdü". Qısası, Priqojinin xələfi elə bir şəxs olmalıdır ki, o, hərbi təşkilatçılıqla yanaşı, həm də "maliyyə meneceri" funksiyasını yerinə yetirə bilsin. Putin üçün sədaqət amilinin önəmli olduğunu da nəzərə alsaq, onu əvəzləyəcək şəxslərin sayının o qədər də çox olmadığı daha aydın görünər.

 

 

Üstəlik, yuxarıda sadalanan məziyyətlərə sahib olması şərti də var. Bu, namizədlərin sayını daha da azaldan faktordur. Əsas ziddiyyət bundan ibarətdir ki, "Vaqner"i idarə edə bilmək üçün Priqojinə bənzər təbiətli personaya ehtiyac duyulur. Lakin ona oxşar adamlar gələcəkdə "eyni səhvi" təkrarlamaq ehtimalı daşıdığı üçün təhlükəli və arzuolunmaz hesab olunur. Ambisiyasız və mötədil xarakterə malik şəxslər isə "Vaqner" miqyasındakı qruplaşmanı uğurlu şəkildə idarə edə bilməz.

 

Optimist versiya isə bundan ibarətdir ki, Priqojinin ölümü "Vaqner"in gələcəyinə təsirsiz ötüşəcək və ya minimum təsirlə ötüşəcək. Belə ki, yerlərdə ayrı-ayrı komandirlərin öz işini onsuz da Priqojinin sağlığında da gördüyü və müxtəlif məqsədlərə malik əməliyyatların koordinasiyaya o qədər də ehtiyacı olmadığı əsas arqument kimi ortalığa çıxır. "Vaqner"in Mali, Mərkəzi Afrika Respublikası, Liviya və Nigerdəki fəaliyyəti öz komandirləri tərəfindən tənzimlənir. Doğrudur, Ukraynadakı "Vaqner" əməliyyatları ilə bağlı bunu söyləmək bir az çətindir.

 

Əgər "Vaqner" Afrika ölkələrində yerli hakimiyyətlərə dəstək müqabilində faydalı qazıntıların və mədənlərin istismarından gələn gəlirləri bölüşdürməklə məşğuldursa, Ukraynada vəziyyət daha mürəkkəbdir. Suriyada da şərait nisbətən fərqlidir. "Vaqner"in son vaxtlarda "Redut" adlı rəqibi ortalığa çıxıb. İyundakı çevirilişə cəhd hadisəsindən sonra Priqojin "Vaqner"inə etimadın azaldığı məlumdur və məlumatlara görə, "Vaqner"in xeyli əsgəri hadisədən sonra "Redut"dan iş təklifi alıb. "Vaqner"lə paralel işləyən "Redut"un onu tamamilə əvəzləməsi versiyasının da yaşamaq haqqı var.

 

 

Başqa bir versiya isə bundan ibarətdir ki, "Vaqner"də "struktur islahatları" həyata keçirilə bilər. Belə ki, uzaq Afrikada olan strukturlar olduğu kimi saxlanılır, lakin iyundakı çevriliş cəhdinə birbaşa qatılmış və Belarusda dislokasiya olunmuş bölmələr isə ləğv olunur. İstənilən təqdirdə, bu halda da Ukraynadakı müharibədə əsas rol oynayan "Vaqner"dən yaranan boşluğu doldurmaq Rusiya üçün müşkülə çevriləcək.

 

Ümumilikdə, "Vaqner"in bu illər ərzindəki fəaliyyəti, xüsusən, Ukraynadakı müharibəyə qədər muzdluların gördüyü işlər Rusiya hakimiyyəti üçün qeyri-rəsmi və istənilən halda məsuliyyətdən yayınmağa və manevr etməyə imkan verən formatı da nəzərə alındıqda, çox "cəlbedici"dir. Priqojinin çevrilişə cəhdi bu "cəlbedici"liyə kölgə salacaq miqyasda deyil. Bu baxımdan istənilən halda, Rusiya sərhədlərindən kənarda muzdlular saxlamağa və "Vaqner"sayağı üsullarla işlər görməyə davam edəcək...

 

Sonda onu da qeyd edək ki, bir sıra proqnozlara görə, Priqojini Rusiya hərbi kəşfiyyatının rəhbəri Andrey Averyanovun əvəz etməsi ehtimalı yüksəkdir. Görəsən, Priqojinin xələfini təyin etmək üçün Putin yenə onun çevriliş cəhdi və ölümü arasındakı zaman kəsiyi qədər - 2 ay gözləyəcəkmi?

 

Modern Təhlil və Araşdırma Qrupu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi