Modern.az

Nəticəsiz görüş: Ərdoğan-Putin danışıqları nə ilə yadda qaldı... - TƏHLİL

Nəticəsiz görüş: Ərdoğan-Putin danışıqları nə ilə yadda qaldı... - TƏHLİL

Analitika

5 Sentyabr 2023, 17:06

Dünən Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin görüşü bütün dünyanın gündəmində və diqqət mərkəzində idi. 3 saata qədər davam edən görüşün bu qədər fokus nöqtəsində olmasının əsas səbəbi Ukrayna taxılının Qara dəniz üzərindən dünya bazarına, xüsusən də ərzaq təhlükəsizliyi ilə bağlı problemlər yaşayan, qida çatışmazlığından əziyyət çəkən ölkələrə çatdırılması ilə bağlı razılaşmanın əldə olunması ehtimalı idi.

 

Lakin çoxlarının gözlədiyinin əksinə olaraq, Rusiyanın iyulun 17-də çıxdığı taxıl sazişinə qayıtması ilə bağlı heç bir anlaşma əldə olunmadı. Üstəlik, bu qədər uzun çəkən görüşdən sonra tərəflər heç bir sənəd imzalamadan sağollaşdılar. Putin taxıl sazişinə qayıtmaqla bağlı müəyyən şərtlər səsləndirdi ki, bu şərtlərin yerinə yetirilməsi Ərdoğanın imkanları xaricində olan məsələləri əhatə edirdi. Türkiyə prezidenti Rusiyaya qarşı müəyyən sahələr üzrə olan Qərb sanksiyalarını necə ləğv edə bilər? Ankaranın özünün bu sanksiyalara qoşulmaması elə Moskvaya edilmiş ən böyük jestdir.

 

Putinin suyu da üfürə-üfürə içdiyi bir dönəmdə Beynəlxalq Cinayət Məhkəməsinin haqqında çıxardığı həbs qərarını məcburi edən Roma Statutunu Türkiyənin ratifikasiya etməməsinə baxmayaraq Ankaraya səfərdən yayınması və elan olunanın əksinə, görüş üçün Ərdoğanın Soçiyə getməli olması da Kreml sahibinə edilmiş daha bir jest idi.

 

 

Ərdoğanın Soçidən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında "Ukrayna müharibəsi ilə bağlı yaxın perspektivdə sülh görünmür" deməsi bu məsələdə də tərəflərin müzakirəsinin Kreml sözçüsü Dmitri Peskovun dediyi kimi "konstruktiv keçdiyi"ndən xəbər vermir. Görüşün əvvəlində mətbuata açıqlamalarda ifadə olunan "ikitərəfli əlaqələrin inkişafı", "qarşılıqlı ticarət həcminin artması" kimi yuvarlaq ifadələri nəzərə almasaq, ümumilikdə pozitiv tona malik məqamların məhdud olmasını söyləmək mümkündür.

 

Suriya ilə bağlı müzakirələrdə də Ərdoğanın vurğuladığı kimi, Bəşər Əsədin prosesə o qədər də isti yanaşmaması normallaşma prosesində nəticəyə yönəlik addımların atılmasını ləngidir. Heç şübhəsiz, Moskvanın vassalı olan Əsədin bu yanaşması da onun yürütdüyü "müstəqil siyasətin" nəticəsi deyil və Rusiyadan qaynaqlanır.

 

Tərəflərin Cənubi Qafqazdakı vəziyyəti müzakirə etməsi ilə də bağlı hər iki liderin açıqlamalarında məlumatlar yer almışdı. Lakin bu məlumatlar olduqca qıt xarakter daşıyırdı və Ərdoğanla Putinin konkret olaraq müzakirə zamanı nə danışdıqları barədə detallar ictimaiyyətə açıqlanmadı. Şübhəsiz ki, liderlər Azərbaycan-Ermənistan münasibətlərini və Qarabağı da müzakirə etmişdilər, lakin bu müzakirənin mahiyyəti barədə dəqiq informasiya olmadığı üçün fərziyyələrə söykənən qənaətlərin bölüşülməsi spekulyativ xarakter daşıyardı...

 

 

Görüşdə Türkiyə-Rusiya əməkdaşlığı ilə ərsəyə gələn Akkuyu AES-lə bağlı fikir birliyinin olması xüsusi vurğulandı. Lakin Moskva və Ankaranın - KTMT və NATO ölkələri paytaxtlarının maraqlarının uzlaşdığı nöqtələrdən daha çox rəqabətdə olduqları məqamlar çoxluq təşkil edir. Liviyada, Suriyada, qismən Cənubi Qafqaz və Ukraynada maraqları toqquşan bu ölkələr bu vaxta qədər prosesi normal məcrada davam etdirməyə müvəffəq olublar.

 

Lakin unutmaq olmaz ki, Türkiyə-Rusiya münasibətləri tarixən enişli-çıxışlı olub. Bunun üçün Çar Rusiyası və Osmanlı dövlətinin müharibələrini xatırlatmağa ehtiyac yoxdur. Elə yaxın tarixə nəzər salsaq, təyyarə böhranı, Suriyada 30-dan çox türk əsgərinin şəhid edilməsi və digər hadisələrin baş verdiyi yada düşər. Məhz Ərdoğanın yürütdüyü praqmatik siyasət nəticəsində NATO Türkiyəsi Rusiya ilə münasibətlərini digər Qərb ölkələrinin standartlarına qədər endirməyib.

 

Hər nə qədər Cənubi Qafqazda möhkəmlənmək və Ermənistanı əlində saxlamaq üçün olsa da, Gümrüdəki 102-ci Rusiya hərbi bazasının da Türkiyəyə qarşı yaradıldığı və mövcudluğunu qoruması da sirr deyil. Lakin Ankara hər zaman təmkinini qoruyur və Moskva ilə normal saxladığı münasibətlərdən ukraynalı əsirlərin azad edilməsi, qaz nəqli, Qafqazda güc balansının Moskvanın xeyrinə pozulmasının qarşısının alınması kimi həm humanitar, həm iqtisadi, həm də geosiyasi xarakterli zəruri məsələlərin həllində uğurla istifadə edir.

 

Türkiyənin diplomatiyası dağılmaqda olan post-1945 dünya sistemində əsas rollardan birini oynamalı olan, yalnız bu rolu oynaya bilməyən BMT-nin də simasının qorunmasına yardımçı olur. Bir çox hallarda BMT baş katibi Antonio Quterreşin nail ola bilmədiyi kompromislərə uğurlu Türkiyə xarici siyasəti müvəffəq olur. Elə buna görə də hər nə qədər açıq dilə gətirməsələr də, Qərb liderləri də Türkiyənin Rusiya ilə normal münasibətlərində, vasitəçi funksiyası yerinə yetirməsində maraqlıdırlar...

 

Yenidən dünənki Soçi görüşünə qayıdaq. Görüşdə tərcüməçinin mexaniki xətası və Ərdoğanın istirahətə dəvət edilməsi kimi momentlər daha çox müzakirə olunsa da, hər bir halda bir daha qeyd etmək lazımdır ki, bütün digər məsələlərlə yanaşı, görüşün əsas qayəsi taxıl sazişi ilə bağlı razılaşma əldə etmək və Rusiyanın sazişə qayıtmasını təmin etmək idi. Bu baxımdan görüşün arzuolunan şəkildə nəticələndiyini demək çətindir. Xüsusən, görüşdən sonra hər hansı sənədin imzalanmaması nüansını xatırlatmaq da burada yerinə düşər.

 

Lakin hələ rəsmi şəkildə təsdiq olunmasa da, diplomatik mənbələrə istinadən Türkiyə mətbuatında yayılan məlumata görə, yaxın zamanlarda yenidən Putin-Ərdoğan görüşü baş tuta bilər. Ola bilsin ki, tərəflər Soçi görüşündə müzakirə olunan qarşılıqlı təkliflərin üzərində işləyərək, müəyyən məsləhətləşmə və düzəlişlər həyata keçirirərək növbəti görüşə anlaşmaya daha yaxın şəkildə - "əlidolu" getsinlər və müsbət nəticə hasil olsun...

 

Modern Təhlil və Araşdırma Qrupu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi