Modern.az

Türkiyə müxalifəti seçkidən seçkiyə... - Parçalanmaq, ya birləşmək?

Türkiyə müxalifəti seçkidən seçkiyə... - Parçalanmaq, ya birləşmək?

7 Sentyabr 2023, 17:22

Türkiyədə prezident və parlament seçkilərindən 4 aya yaxın vaxt keçir. Müxalifətin məğlubiyyəti ilə nəticələnən bu seçkilərdən sonra siyasi qüvvələr hələ də tam toparlana bilməyib. İttifaq modelinə uyğun konsolidasiya olunan müxalif partiyalar seçkidə uduzduqdan sonra parçalanmağa ayrı-ayrı siyasi qüvvələr olaraq cəmiyyətə təqdim olunmağa can atırlar. Millət İttifaqı seçkidən həmən sonra dağıldı. Burada əsas rolu İYİ Partiya və DEVA Partiyası oynadı.

 

İttifaqa daxil olmuş digər partiyalar, xüsusən də Cümhuriyyət Xalq Partiyası (CHP) və Gələcək Partiyası siyasi birliyin davam etməsinə hər nə qədər can atsalar da, əslində bu siyasi təşkilatların da elektoratları fərqli ideoloji xəttə malik olan, müxtəlif mədəni-siyasi dünyagörüşünə sahib partiyalarla birgə addımlamağa isti baxmırlar. Lakin qarşıdan bələdiyyə seçkiləri gəlir və müxalifət əməkdaşlıq etməzsə, həm ötən seçkidəki qazanclarını itirməsi, həm də yenidən məğlub olaraq tərəfdarlarının tam ümidsizliyə qapılması riskləri ilə üz-üzə qala bilər.

 

Siyasi və ideoloji mənada kəskin parçalanmış Türkiyə toplumunun son konstitusiya islahatları ilə 50%+1 səslə seçilən güclü prezidentlik institutu vasitəsilə idarə olunması seçkilərin cəmiyyəti daha da qütbləşdirən faktor kimi çıxış etməsinə gətirib çıxarıb. 50%+1 səsi toplamaq üçün həm müxalifət, həm də iqtidar əməkdaşlığa getməyə, ittifaqlar qurmağa, qarşılıqlı olaraq güzəştlər etməyə məcburdur. Doğrudur, bütün bunlar parlamentli respublika üsul-idarəsində də koalision hökumətlərin formalaşması zərurəti ortaya çıxanda atılan addımlardandır.

 

 

Lakin parlamentli respublika üsul-idarəsindən fərqli olaraq hazırkı sistemdə bu addımlar seçkidən əvvəl atılmalıdır. Sonda istənilən nəticə əldə olunmadıqda isə tərəfdaşlar arasında qızğın mübahisələr, seçki dövründə görülən işlərin təftişi və birtərəfli qaydada başqa tərəfdaşların ittiham olunması yaşanır. Parlamentli respublikalarda isə əvvəlcə seçkilər baş tutur, bütün siyasi qüvvələr topladığı səsi - "tortdan nə qədər pay ala biləcəklərini" öyrənir və tərəflər əllərində olan imkanlara uyğun danışıqlara, konsensus əldə etməyə girişirlər.

 

Belədə real mənzərəyə uyğun nəticələr əldə etmək, hamının razılaşdığı əməkdaşlıq formulalarını tapmaq mümkün olur. Anlaşma tərəflərinin topladıqlara səslərə - siyasi güclərinə uyğun haqq sahibi olduqları birgəlik modelləri ortaya çıxır. Həmçinin koalision hökumət qurmaq zərurəti yarananda ən müxtəlif ideoloji-siyasi təmayüllərə malik olan partiyalar da hakimiyyətdə təmsil olunmaq üçün - istər dar siyasi maraqlar və ambisiya naminə, istərsə də tərəfdarlara təqdim olunan siyasi proqramın gerçəkləşdirilməsi məqsədilə - bütün fərqlilikləri kənara qoyaraq real imkanlar işığında praqmatik əməkdaşlığa meyl edirlər.

 

Həm müxtəlif dünya ölkələrinin, həm də Türkiyənin öz tarixindən sağ və sol, liberal və mühafizəkar, sosialist və millətçi siyasi qüvvələrin birgə hökumət qurması nümunələrinə rast gəlmək mümkündür. Seçkidən əvvəl 50%+1 nəticəsini əldə etmək isə siyasətçiləri göründüyü kimi, bir sıra hallarda sosioloji faktorları gözardı etməyə vadar edir. Bu da həm siyasi qüvvələr arasında, həm də elektoratda böyük narazılıqlara səbəb olur.

 

Dünənə kimi sosial demokrat məzmunlu siyasi kursa malik olan siyasətçilərin birdən-birə mühafizəkar, millətçi ritorikaya keçməsi, yaxud siyasi fəaliyyəti boyunca millətçi kimi tanınan personaların etnik azlıqların hüquqlarından danışmağa başlaması əksər hallarda seçicilər arasında səmimi qarşılanmır. Bunun səs toplamaq üçün edildiyi düşünülür və siyasətin yalan, ikiüzlülük, hiyləgərliklə asossiasiya olunmasına gətirib çıxarır.

 

 

Üstəlik, əvvəllər həmin siyasi qüvvəni dəstəkləyən, o siyasətçini favoriti hesab edən kəsimin də bir qismi bu cür kəskin dəyişikliklərə görə xəyal qırıqlığı yaşayır, üz döndərir. Bu da həmin qüvvələrin səs qazanmaq əvəzinə səs itirməsi ilə nəticələnir. Bütün bu problemi tərəflərinə və çatışmazlıqlarına baxmayaraq təmsilçi demokratiyanın əsas ünsürlərindən biri legitimliyin təmin olunmasıdır ki, bunun üçün də səs çoxluğunun əldə olunması zəruridir. Həm də reallıq bundan ibarətdir ki, hazırda Türkiyənin seçki qanunvericiliyi 50%+1 modelini diktə edir.

 

Qarşıdakı seçkilərdə uğursuz nəticələnən ittifaq təcrübəsindən sonra aparıcı müxalifət partiyalarının ayrılıqda iştirakı və öz kimliyi ilə rəqabət apararaq tərəfdarlarını məmnun etməsi, elektoratını genişləndirməyə çalışması gündəmdədir. Əgər qarşıdakı 7 ayda müxalifət yerli seçkilərdə heç bir əməkdaşlıq modeli üzərində dayana bilməsə, bu ssenari baş tutacaq. Müxalifətin səsləri bu səbəbdən bölünsə və yeni məğlubiyyət yaşansa, siyasətçiləri ittifaqlarla bağlı tənqid edənlər bu dəfə onları birləşə bilməməkdə, protest elektoratı parçalamaqda günahlandıracaqlar.

Bu xəbər ilə bağlı
Türkiyədə növbəti seçkilərə 7 ay qalır - Bələdiyyələrə kimlər bələd olacaq...
Xəbəri oxu

 

Müxalifət bu seçkilərdə də uduzsa və ciddi uğur əldə edə bilməsə, ciddi böhran və çalxalanmalarla üzləşməsi labüd olacaq. Yekun qərarı türk seçicisi verəcək...

 

Modern Təhlil və Araşdırma Qrupu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi