Modern.az

Avropa Parlamentinin qətnaməsi erməniləri sakitləşdirmək üçündür - ŞƏRH

Avropa Parlamentinin qətnaməsi erməniləri sakitləşdirmək üçündür - ŞƏRH

Analitika

5 Oktyabr 2023, 18:00

Avropa Parlamenti Azərbaycan əleyhinə qərəzli qətnamə qəbul edib.

Modern.az xəbər verir ki, qətnamə Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Sənəddə həmçinin Azərbaycanla əməkdaşlığın yenidən qiymətləndirilməsi və Azərbaycan qazının idxalından asılılığın azaldılması çağırışı yer alıb.

Avropa Parlamenti Avropa İttifaqına üzv ölkələrə Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı məhdudlaşdırmaq mümkünlüyünü nəzərdən keçirməyi təklif edib.

Avropa Parlamenti BMT-nin işğaldan azad edilmiş Qarabağa ilk missiyasının təşkilindən məyusluğunu bildirməklə yanaşı, bölgədə BMT-nin nəzarəti altında beynəlxalq iştirakın bərqərar edilməsinin tərəfdarı olduğunu vurğulayıb.
Qurum həmçinin, Avropa İttifaqının diplomatik çərçivələrinə Cənubi Qafqaz bölgəsində təhlükəsizlik çərçivələrinin dərhal yenidən nəzərdən keçirilməsini təklif edib.
 

Mövzunu şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Avropa Parlamentinin qətnaməsi hüququ qüvvəyə malik deyil.

“Avropa dövlətlərinin əksəriyyəti bu qətnaməyə məhəl qoymadan Azərbaycanla tərəfdaşlıqlarını davam etdirəcək, bəzi sahələrdə isə genişləndirməyə çalışacaqlar. Bu qətnamənin məqsədi sadəcə erməniləri sakitləşdirməkdir, “baxın, biz Azərbaycanı cəzalandırdıq” demək istəyiblər. Hazırda bu qətnamə erməni saytlarını bəzəyir, ancaq zaman keçəcək qətnamə o biri sənədlər kimi unudulacaq və Avropa ölkələri qışda donmamaq üçün Azərbaycandan daha çox qaz istəyəcəklər. Önəmli olan Qarabağ məsələsini birdəfəlik bitirmək idi, onu da etdik, qalan məsələlər zamanla həllini tapacaq”.
 



Ekspert bildirib ki, Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamədə Ermənistana bu şəkildə mesaj da var:

“Ermənistan mövcud hərbi ittifaqlarına yenidən baxarsa Avropa İttifaqının təhlükəsizlik dəstəyinə ümid edə bilər”.

“Yəni demək istəyiblər ki, Ermənistan Moskva ilə strateji müttəfiqlikdən, Rusiyanın hərbi bazalarından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından imtina edərsə, Brüssel Ermənistana müdafiə dəstəyi verəcək. Bu nağıldır. Birincisi, Avropa İttifaqının təhlükəsizlik strukturu yoxdur ki, Ermənistanı mövcud olmayan strukturu vasitəsilə müdafiə edə bilsin. İkincisi, Avropa Parlamenti NATO-ya işarə edibsə, Ermənistanın bu təşkilata üzvlüyü mümkün deyil. Ən azı NATO üzvü Türkiyə buna imkan verməz. Brüssel Ermənistana sadəcə deyib ki, “sən Rusiyadan qurtul, qalanı bizlikdir”. Ancaq “bizlik” dediyi məhfumun içi boşdur”, - E.Şahinoğlu qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək