Modern.az

Fransanın anti-Azərbaycan siyasəti “Total”a da zərbə vurdu - ŞƏRH

Fransanın anti-Azərbaycan siyasəti “Total”a da zərbə vurdu - ŞƏRH

Analitika

18 Yanvar 2024, 14:20

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının anti-azərbaycan qətnaməsi ilə bağlı hökumətə çağırış edib. Komitə Azərbaycan Hökumətini “Total” da daxil olmaqla, bütün Fransa şirkətlərini ölkəmizdən çıxarmağa çağırıb.

Modern.az-ın məlumatına görə, məsələni şərh edən siyasi ekspert Elxan Şahinoğlu bunu haqlı çağırış adlandırıb.

“Hökumət tədbirlər görməlidir. Deməli “Total” Azərbaycanın zəngin “Abşeron” yatağından gəlir əldə edəcək və bu gəlirin bir hissəsi Fransa büdcəsinə yönələcək, bunun qarşılığında da Paris anti-Azərbaycan siyasətini davam etdirəcək. Bu haqsızlıqdır və biz bu zənciri qırmaq məcburiyyətindəyik. Bəziləri deyir ki, “Total” transmilli şirkət olduğundan onu “Abşeron” yatağının istismarı ilə bağlı müqavilədən çıxarmaq olmaz, ölkəmizə qarşı beynəlxalq məhkəməyə müraciət edə bilər. Əlbəttə, bu risq hesablanmalıdır, ancaq buna seyrçi də qala bilmərik, elə etməliyik ki, “Total” yataqdakı payını başqa neft-qaz şirkətinə satsın”.

E.Şahinoğlu xatırladıb ki, sözügedən şirkət 2021-ci ildən “TotalEnergies” adlanır. Şirkətin Böyük Britaniyadan tutmuş Səudiyyə Ərəbistanına qədər varlı səhmdarları mövcuddur.

“Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqda şirkətin Böyük Britaniyadan olan səhmdarları “Total”a müraciət edərək Rusiya bazarını tərk etməyə çağırdı. Şirkət rəhbərliyinin açıqlaması belə oldu ki, Rusiyadakı mövcud layihələrdən hələ ki çıxa bilməzlər, ancaq Rusiyada yeni layihələrdə iştirak etməyəcəklər. Yəni şirkət rəhbərliyi lazım gələndə siyasi reallıqları nəzərə alır”.


Ekspert deyib ki, Fransanın anti-Azərbaycan siyasətini davam etdirməsi və rəsmi Bakının Parisə adekvat cavab verməsi də siyasi reallıqdır və şirkət rəhbərliyi, onun səhmdarları bununla hesablaşmalıdırlar.

““Total” vaxtilə ona görə “Abşeron” yatağında pay sahibi oldu ki, Azərbaycanın Avropaya qaz nəqlində rol almaq istədi. Ukrayna müharibəsi fonunda Rusiyadan enerji asılılığını azaldan Avropanın Azərbaycan qazına ehtiyacı var. Bu “Total” üçün də faydalı idi. Ancaq Fransanın anti-Azərbaycan siyasəti “Total”ın planlarına da zərbə vurdu və şirkət Parisin mövqeyinə təsir etmək üçün heç nə etmədi”.

Xatırladaq ki, yanvarın 17-də Senat (Fransa parlamentinin yuxarı palatası) Azərbaycanla bağlı sərt qətnamə qəbul edib. Sənədin müəllifləri Ermənistanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, həm öz hökumətlərini, həm də Avropa İttifaqındakı tərəfdaş ölkələri Bakıya qarşı sanksiyalar tətbiq etməyə çağırıblar. Qətnamə demək olar ki, yekdilliklə dəstəklənib (336 səs lehinə, 1 səs əleyhinə, iclasda 339 nəfər iştirak edib).

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi