Modern.az

Ukrayna ordusunda "mərmi aclığı": 1,5 milyard dollar lazımdır

Ukrayna ordusunda

Analitika

6 Mart 2024, 09:12

ABŞ-nin hərbi yardım paketinin gecikməsi, Avropa İttifaqının (Aİ) 2024-cü ilin martına qədər 1 milyon döyüş sursatı göndərmək planının uğursuzluğu fonunda Ukrayna ordusunun sursat çatışmazlığı daha da ciddiləşib.

 

Avropa ölkələri Ukraynanı sursatla təmin etməyin başqa yollarını axtarırlar. Qərb mətbuatı yazır ki, Aİ ölkələri Ukrayna üçün ittifaqdan kənarda sursat axtarışlarına başlayıblar. 

 

Çexiyanın başlatdığı təşəbbüs sayəsində üçüncü ölkələrdən 800 min döyüş sursatı tapılıb. Hazırda sursatların alınması və Ukraynaya tədarükü üçün vəsait toplanılır. Avropanın özünün Ukrayna üçün mərmi istehsal etməsini müdafiə edən Fransa prezidenti Emmanuel Makron da Çexiyanın təşəbbüsünü dəstəkləyib.

 

Paralel olaraq Avropanın müdafiə sənayesinin inkişaf etdirilməsi ilə işlər də davam edir. Aİ öz müdafiə potensialının inkişafından da imtina etməyib. Martın 5-də Avropa Komissiyası (AK) ilk dəfə olaraq Avropa Müdafiə Sənayesi Strategiyasını təqdim edib.

 

Modern.az Avropaya sursat tədarükü ilə bağlı son vəziyyəti araşdırıb.

 

Çexiya təşəbbüsü ələ alır...

 

2024-cü ilin martına qədər Avropa İttifaqı Ukraynaya 1 milyon mərmi göndərəcəyini vəd etsə də, ötən ilin sonunda təşkilat nümayəndələri planı vaxtında həyata keçirə bilməyəcəklərini etiraf ediblər. Uğursuzluğun səbəblərindən biri yerli müəssisələrin istehsal etdikləri silah-sursata bir neçə ildən sonra tələbat olacağına zəmanət olmadan böyük sifarişlər qəbul etmək istəməməsi idi.

 

Bir sıra analitiklərin fikrincə, Ukrayna hərbçiləri artilleriya ehtiyatının olmaması səbəbindən cəbhənin bəzi bölmələrində əks-aktareya döyüşlərini faktiki olaraq dayandırıb və qoşunlar mövqelərini tərk etmək məcburiyyətində qalıb. Ukrayna ordusunun "mərmi aclığı" daha fəlakətli nəticələrə gətirib çıxara bilər.

 

Çexiya problemin həllini öz üzərinə götürdü. Ölkə Prezidenti Petr Pavelin hələ fevralın ortalarında Münhen Təhlükəsizlik Konfransında bildirib ki, Praqa üçüncü ölkələrdə 500 min ədəd 155 mm və 300 min ədəd 122 mm mərmi tapıb, bunların hamısının alınması üçün vəsait toplamaq lazımdır. Medianın hesablamalarına görə, Çexiya təşəbbüsünün həyata keçirilməsi üçün təxminən 1,5 milyard dollar tələb olunur. 

 

Martın əvvəlində Praqa bir sıra müttəfiqlərini vəsaitin ayrılması üçün inandıra bilsə də, hələlik yalnız Niderland hərəkətə keçib. Bu ölkə sursatların alınması üçün 108 milyon dollar ayıracağına söz verib. Almaniya, Kanada, Danimarka, Litva və Latviya da təşəbbüsü dəstəklədiklərini bildiriblər.

 

Makron Praqada...

 

Fransa prezidenti Emmanuel Makron martın 5-də Praqaya səfəri zamanı Çexiyaya dəstək vermək qərarına gəlib. Parisin üçüncü ölkələrdən döyüş sursatlarının alınmasında iştirakı xüsusilə vacibdir. Fransa Avropa İttifaqı daxilində Avropa sənayesinə sərmayə qoyuluşuna təkan verən və digər ölkələrin xaricdən sursat almaq təkliflərinə müqavimət göstərən ölkələrdən biridir.

 

"Bloomberg"in məlumatına görə, sursatların alınması Avropa Sülh Fondu kimi Aİ fondlarının köməyi ilə deyil, ittifaq üzvlərinin birbaşa Çexiya təşəbbüsünə könüllü töhfələri hesabına maliyyələşdiriləcək. Ehtimal olunur ki, Praqa yığılan bütün vəsaiti toplayacaq və satınalma prosesinə başlayacaq. Emmanuel Makron çərşənbə axşamı mexanizmin təfərrüatlarını və məbləği müzakirə etmək üçün Çexiyaya səfər edib.

 

Bu yaxınlarda Qərb qoşunlarının Ukraynaya göndərilməsinin potensial imkanları barədə danışaraq ajiotaj yaradan Fransa lideri Praqda fikirlərini təkzib edib. “Avropamızda qorxaq olmamağın məqsədəuyğun olacağı ana, şübhəsiz ki, yaxınlaşırıq”, - o deyib.

 

Makron qeyd edib ki, Paris və Praqa “müharibənin Avropa torpağına qayıtdığını yaxşı bilirlər” və qitədə “bəzi güclər hücum təhlükəsini genişləndirir”. O deyib ki, avropalılar “tarixə və onun tələb etdiyi cəsarətə uyğun yaşamalı olacaqlar”.

Qərb mətbuatına danışan Fransa rəsmiləri deyir ki, Parisin fikirlərində heç bir metamorfoz baş verməyib. Fransa hələ də Avropa pullarının Aİ hüdudlarından kənarda silah alışına xərclənməsinə qarşıdır və Makronun Çexiya təşəbbüsünü açıq şəkildə dəstəkləməsini indiki vəziyyət şərtləndirir.

 

Avropa Müdafiə Sənayesi Strategiyası

 

Çərşənbə axşamı Avropa Komissiyası ittifaq tarixində ilk Avropa Müdafiə Sənayesi Strategiyasını təqdim edib. 2025-2027-ci illər üçün nəzərdə tutulmuş Avropa Müdafiə Sənayesinin İnkişafı Proqramı da təsdiq olunub.

 

Komissiya “hərbi sənayenin yüksək hazırlığına” nail olmaq üçün Aİ büdcəsindən 1,5 milyard avro ayıracağına söz verib.

 

Strategiyaya görə, 2027-ci ildən sonra strategiyanın ikinci mərhələsində Aİ Avropa hərbi sənayesinin tədricən birləşməsinə və onun milli yurisdiksiyadan AK-nin nəzarətinə keçməsinə doğru hərəkət etməlidir. “2023-cü ilə qədər biz silahların 40%-ni birgə sifariş etməliyik və hərbi büdcəmizin ən azı 50%-ni Aİ daxilində xərcləməliyik”, - AK bildirib. Bu prosesləri əlaqələndirmək üçün Avropa Komissiyası da yeni Avropa agentliyinin yaradılmasını təklif edib.

 

Strategiyada qarşıya qoyulan məqsədlər arasında həmçinin Aİ-nin müdafiə sənayesi təşəbbüslərində iştirakı və hər iki tərəfin müdafiə sənayesi arasında əməkdaşlığın stimullaşdırılması vasitəsilə Ukrayna ilə daha sıx əlaqələrin inkişafı da var.

 

Qərb mediasının yazır ki, AK-nin təqdim etdiyi strategiya Aİ-də vahid müdafiə-sənaye məkanının yaradılması istiqamətində yalnız ilk addımdır. Qeyd olunur ki, istehsalın inkişafı üçün uzunmüddətli perspektivdə 1,5 milyard avro kifayət etməyəcək və strategiyanın ikinci mərhələdə, yəni 2027-ci ildən sonra həyata keçirilməsi üzv ölkələrin ciddi müqaviməti ilə üzləşə bilər. 

 

Modern Təhlil və Araşdırma Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir