Modern.az

Finlandiya və İsveçin NATO üzvlüyü: Təhlükəsizlik arxitekturası necə dəyişəcək?

Finlandiya və İsveçin NATO üzvlüyü: Təhlükəsizlik arxitekturası necə dəyişəcək?

6 Mart 2024, 17:12

Finlandiya və İsveçin NATO-ya daxil olması prosesi tədrici baş versə də, hadisənin yaratdığı dəyişikliklər özünü daha tez göstərməyə başlayıb. Əvvəlcə, ötən ilin aprelində Finlandiya rəsmi şəkildə hərbi alyansın üzvü oldu, bu günlərdə prosedurun başa çatması İsveç də tamhüquqlu NATO üzvünə çevriləcək. Uzun müddət hər iki Skandinaviya ölkəsi hərbi neytrallığını qorumuşdu.

 

Lakin 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu bu dövlətləri müdafiə siyasətinə yenidən baxmağa sövq etdi. Belə ki, Finlandiya 1340 kilometr boyunca qurudan, həm İsveç, həm Finlandiya Baltik dənizində sudan Rusiya ilə sərhədlərə malikdir. Bu baxımdan təhlükəsizlik və müdafiə olunmaq, uzunmüddətli hərbi stabilliyi qorumaq üçün Helsinki və Stokholm NATO-nun qapısını döyməli oldular.

 

Bununla da Moskvanın NATO-nu ölkə sərhədlərindən uzaqda tutmaq üçün Ukrayna ilə müharibəyə başlaması barədə irəli sürdüyü siyasi xətt əks-effekt verməyə başladı. Əksinə, NATO-nun Rusiya ilə sərhədləri həm qurudan, həm də dənizdən 2 qatdan çox artdı. Hətta müharibəyə az qalmış Moskva Qərbə NATO-nun 1997-ci il sərhədlərinə çəkilməli olduğu barədə ultimatum da göndərmişdi.

 

Bu, faktiki olaraq Şərqi Avropa ölkələrinin alyansdan kənarlaşdırılmasını ehtiva edirdi. Bu cür maksimalist tələblər Rusiyanın istəklərini nəinki reallaşdırmadı, əksi baş verdi. Əgər müharibəyə qədər Rusiyanın əsas hissəsi qurudan sadəcə Estoniya və Latviya kimi kiçik Baltikyanı ölkələrlə, Kalininqrad eksklavı vasitəsilə Litva və Polşa ilə cüzi NATO sərhədinə malik idisə, müharibənin başlaması alyansı sərhədlərə daha da yaxınlaşdırdı.

 

 

Finlandiyanın NATO üzvlüyünün arxa planına nəzər yetirsək, ötən əsrin 30-cu illərinin sonunu xatırlamaq yerinə düşər. 1939-cu ilin axırlarında SSRİ Finlandiyaya müharibə elan etdi. Finlandiya ordusu sayca çox az olmasına baxmayaraq 3 aydan çox çətin şəraitdə müqavimət göstərə bildi. 1940-cı ilin martında ölkənin şərqi - hazırkı RF Kareliya Respublikasının ərazisi Rusiya işğalına düşdü.

 

Bundan sonra beynəlxalq münasibətlərdə "finlandizasiya" termini ortaya çıxdı. Belə ki, Finlandiya Rusiyaya görə Qərb institutlarına inteqrasiyadan kənarda qaldı, bir sıra beynəxalq təşkilatlara qoşulmadı və ən əsası hərbi neytrallıq elan etməyə məcbur qaldı. Doğrudur, Helsinki SSRİ-nin formalaşdırdığı platformalarda da təmsil olunmadı və soyuq müharibə illərində "dəmir pərdə"nin heç bir tərəfində yer almadı.

 

Bir sıra şərhçilər buna görə Finlandiya modelini və "finlandizasiya"nı uğurlu hesab etsələr də, Moskva faktiki olaraq 1990-cı illərə qədər bu ölkənin daxili işlərinə rahatlıqla qarışır, müstəqil siyasət yürütməsinə imkan vermirdi. Qısası, fin cəmiyyətində Rusiyaya münasibətin kökləri daha dərindədir. Finlandiya hərbi-siyasi baxımdan bu faktoru nəzərə almaya bilməzdi.

 

İsveçdə də təxminən oxşar vəziyyət hökm sürür. Stokholm son illərdə təhlükəsizlik qayğıları hiss edir. Məsələn, 2013-cü ildə Rusiya qırıcıları İsveçə hücumun simulyasiyasını da əhatə edən təlimlər keçirib. Yaxud 2014-cü ildə İsveç sahillərində Rusiyaya məxsus sualtı qayıqla bağlı xəbərlər cəmiyyəti olduqca narahat etmişdi. Bütün bunlar İsveçdə NATO üzvlüyü ilə bağlı geniş müzakirələrə səbəb olub.

 

 

Müharibə şəraitində Finlandiyanın 280 min, İsveçin isə 57 min nəfərlik ordu çıxarmaq potensialının olduğu ilə bağlı məlumatlar var. Bundan başqa, İsveç beynəlxalq sülhməramlı missiyalarda da təmsil olunur. İki ölkə NATO-nun bir üzv dövlətə hücumu bütün üzv dövlətlərə hücum kimi qiymətləndirən 5-ci maddəsinə əsasən ilk dəfə olaraq nüvə dövlətlərindən təhlükəsizlik zəmanəti alacaq.

 

Finlandiya NATO ilə razılaşdırılmış müdafiə xərclərini ÜDM-in 2%-nə qədər artırmaq məqsədinə artıq nail olub və İsveç buna 2026-cı ilə qədər nail olmağı planlaşdırır. Ümumilikdə Finlandiya və İsveçin NATO-ya daxil olması alyansın şimal qanadının güclənməsinə səbəb olacaq. Baltik dənizində də NATO-nun gücünü artıracaq ki, bu, Rusiyanın su hövzəsində təcridinə gətirib çıxaracaq.

 

Məsələnin siyasi tərəfinə gəlincə, hadisə Avropanın təhlükəsizlik arxitekturasının yenidən formalaşdırılması ilə bağlı müzakirələr, Parisin Avropanın siyasi muxtariyyəti, suveren ordusu ilə əlaqədar təklifləri ətrafında gedən diskussiyalar, habelə ABŞ-da noyabrda keçiriləcək seçkilərdə Donald Trampın qalib gələcəyi təqdirdə müttəfiqləri müdafiəsiz qoyacağı ilə bağlı açıqlamaları ilə eyni dövrə təsadüf edir.

 

Bu baxımdan NATO-ya etimadın zəifləməsi, hətta alyansın parçalana biləcəyi ilə bağlı iddiaları gündəmə gətirənlər də var. Lakin istənilən halda Avropa və bütövlükdə Qərbin ya Ukraynaya dəstək vasitəsilə dolayı, ya da açıq müharibə ssenarisi üzrə birbaşa Rusiya ilə üz-üzə gəlməli olacağı ehtimalı özünü qoruyur. Bu baxımdan İsveç və Finlandiyanın üzvlüyü həm NATO-nun manevr, həm də bu ölkələrin təhlükəsizlik imkanlarını artıracaq.

 

Modern Təhlil və Araşdırma Qrupu

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir