Belə-belə işlər
Sizi bilmirəm, mən hər dəfə televiziya ekranlarında həkimləri dinlədikdən sonra mütləq onlara baş çəkirəm. Məsələn, o gün gözüm ağrıyırdı, düşünürdüm ki, çox kitab oxumağımdandı. Amma həmin həkimlərdən biri nətəhər danışdısa, canıma üşütmə düşdü:
- Bu dəhşətli bir xəstəlikdi. Adam kor ola bilər. Mütləq bizim klinikaya müraciət etməlidir. Telefon nömrəmizi xatırladıram…
Zəng eləyib, getdim. Həkim ekranda gördüyümdən daha zəhmli idi. Məni görən kimi çəmkirdi:
- Soyun!
- Nə?
- Soyun!
- Həkim, mənim gözüm…
- Vaxtımı alma, soyuq dedimsə, soyun!
Soyundum. Əlindəki yazı-pozunu qurtarıb, mənə yaxınlaşdı:
- Babasilin var?
- Yox!
- Dəqiq bilirsən?
- Dəqiq bilirəm ki, yoxdu və babasilin gözə nə dəxli var?
Həkim dilxor oldu. Nifrətlə mənə baxdı və başını əllərinin arasına alıb inildədi:
- Allah, mənim millətim nə zaman ağıllanacaq? - deyib, mənə tərəf döndü - yan tərəfindən bir tük çək!
- Həkim…
- Çək! vaxtımı alma, çək!
Canımı dişimə tutub, çəkdim. Həkim gülümsünüb, mənə yaxınlaşdı:
- Nə hiss elədin?
- Gözüm yaşardı.
- Ay sağ ol! Bəs, deyirsən babasilin gözə dəxli yoxdu?
- Bu tük…
- Qulaq as! Göz elə bir şeydi ki, hər tərəflə əlaqəsi var. Gördünmü, tək bircə dənə tük çəkdin, gözünün yaşı selə döndü. Deməli…
Resept verdi. Gözümdən savayı az qala bütün əzalarıma dərman yazmışdı.
…Başqa birisi yenə ekrandan camaatı hədələyirdi:
- Bax, açıq deyirəm. Bu gün kimin prostatı varsa, sabah xərçəng xəstəliyinə tutulacaq.
Birdən çığırtı səsi gəldi. Cəmil kişinin evindən vaykövsə qopdu. Arvad-uşaq çığırışıb qarışdı bir-birinə. Özümü ora çatdırdım. Arvadı məni görüb, ağı dedi:
- Gəl, ay məllim, gəl. Gəl sinəmi dəl. Cəmilim yol üstündə, azar durub qəsdində.
Sən demə, Cəmil kişi 30 ildir ki, prostatıyla gəzib-dolaşır. Və bu 30 ildə bilməyib ki, sabah, məhz sabah, həftənin 4-cü günü, cümə axşamında prostat xərçəngə dönüb, kişinin arvad-uşağını ağlar qoyacaq.
…O gün də o həkimlərdən biri canlı efirdə idi. Bir xanım zəng elədi:
- Ay doxdur, iyirmi yeddi yaşım var, hələ də uşağım olmayıb.
Həkim qaşlarını çatıb, dərin fikrə getdi, sonra dahiyanə görkəm alıb soruşdu:
- Uşaq vaxtı qızılca keçirmisiz?
- Hə!
- Hmm… Neçə gün yatmısınız?
- Yadımda deyil, o vaxt uşaq idim.
- Hmm… kor bağırsaqdan əməliyyat olunmamısız?
- Yox! Amma bir dəfə dişim çirk eləmişdi, yardılar.
- Hansı dişiniz?
- Budey bu, alt çənəmin solundakı.
- Hmm… Siz belə eləyin. Bəla sizin o dişinizdədi. Mütləq ordadı. Mənim telefon nömrəmi görürsünüz. Sabah zəng edin, gəlin.
Bilmirəm, o xanım getdi, ya getmədi. Amma yenə məni fikir götürdü - dedim, ay Allah, ğöyüklüyünə şükür, diş harda…