Modern.az

Qarabağda gördüklərim...

Qarabağda gördüklərim...

Aktual

16 İyun 2016, 15:41

Qarabağdayam...hər tərəf yamyaşıldı, təbiət heç nəyini əsirgəməyib buradan, lalələr, qaymaqçiçəyi, naznaz gülü, sarılıblar bir-birinə. Sanki biraz da getsəm Şuşaya çatacam, Çanaqqala yamacını aşıb Üçmıx dağının ətəklərindən xarı bülbül dərəcəm. Burada bütün gözəlliklər var, təkcə bu gözəlliklərin sahibi olan bizlər  yoxuq, səsimiz-ünümüz kəsilibdir buralardan nə zamandı… Qarabağdayam-  gecənin ən qatı qaranlığının şəfəqə ən yaxın olduğu yerdə, ümidlərin tükəndiyi yerdən rişələndiyi yerdə. Mənim də ümidlərim təptəzədi, çox keçməyəcək ki, doğrudan da burada dayanmayıb birbaşa Şuşaya gedəcəm. Qarabağın az-çox bizdə olan hissəsindəki əhalinin yaşamaq mübarizəsi, taxıl zəmiləri, çiçəkləyən ağaclar və xalqımın haqlı savaşı qaranlığı sonlandıracaq sabahımızın açılmasına az qaldığını göstərir. Heç bu dəfəki qədər Qarabağa ürəklə, həvəslə, səbirsizliklə getdiyim olmamışdı.

 

...Tariximizdə yeni zəfər səhifəsi açan, Vətən üçün sevə-sevə ölümü gözə alan qəhrəmanlarımızın yanına tələsirəm. Yolboyu getdiyim Ağdamın Sarıcalı hospitalında müalicə olunan yaralılarımızı düşünürəm, heç yadımdan çıxmırlar. Vəziyyəti ağır olan, qana ehtiyacı olanlar var, amma kimsə canının hayında deyil, gələndən, gedəndən döyüşün gedişatını soruşur, dua edirdilər ki, ordumuz durmadan irəliləsin, şəhidlərimiz az olsun. Daha qəribə bir mənzərənin də şahidi oldum orada, hər kəlmələrinin başında müdafiə nazirinə dua edir, yolunda ölümə hazır olduqlarını bildirir, onunla fəxr edirdilər: “Allah Ali Baş Komandanımıza və Müdafiə nazirimizə güc-qüvvət versin başladığımız haqq savaşını sonuna qədər başa varaq” deyirdilər. Yüngül yaralılar sarıqla da olsa cəbhəyə qayıtmağa can atırdılar,  çünki orada dostları, əsgər yoldaşları vardı, birlikdə döyüşü davam etdirmək istəyirdilər.

 

 Artilleriyaçılarımız döyüşə hazırlaşırdılar

 

 

 5 aprel. Topçularımız döyüşə hazırlaşırdılar

5 aprel. Yaralı döyüşçülərimizi ziyarət edərkən...

Zabit Elvin Qasımovu 2014-cü ilin avqust hadisələrindən tanıyıram. O vaxt Elvin bölüyü ilə birlikdə erməni-kəşfiyyat diversiya qrupunun ərazilərimizə basqınının qarşısını qətiyyətlə almış, düşmənin yalvarışlarına baxmayaraq döyüş tapşırığını sona kimi yerinə yetirmişdi. Qarşımda yenə də hücum əmrini gözləyən zirehli geyimdə E. Qasımov dayanıb. Söylədi ki, haqq uğrunda döyüşürük. Aprelin 2-də baş verən qanlı döyüşlərə də ermənilərin növbətitəxribatlara cəhdi oldu. Qəhrəman artilleriyaçılarımız düşmənin hücum cəhdlərini darmadağın etdi. Onlar böyük itki verərək çıxış yolunuqaçıb canlarını qurtarmaqda gördülər. Döyüşə hazırlaşan əsgərlərimizin sinələrində gəzdirdiyi kiçik üçrəngli bayrağlarımızı azad olunacaq torpaqlarımıza sancacağıq.

 

 Tərtərin qəhrəman müdafiəçiləri

 

 Əsgər və zabitlərimizin döyüş təəssüratlarını qələmə almaqdan qürur duyuram. Taqım komandiri baş leytenant Həsrət Almasov 2 aprel gecəsini xatırlayırdı:” Düşmən axşam saatlarından başlayaraq mövqelərimizi ağır atıcı silahlardan, iriçaplı pulemyotlardan atəşə tutmağa başladı. Hər zaman ayıq-sayıq əsgərlərimiz döyüş növbəsində idilər. Onlar qəfil hücumun qarşısını almağa elə səfərbər olunmuşdular ki, həqiqətdə əsgərlərimizin döyüş əzminə heyran qaldım.Həm döyüşür, həm də yaralı yoldaşlarına yardım göstərirdilər. Əsgərlərimiz aprel döyüşlərindən alnıaçıq, üzüağ çıxdılar, böyük fədakarlıqlar göstərdilər. Canından keçən Samir Qaçayev, Orxan Əliyev, Rəvan Nurayev, Sarvan Mehralıyev, Vüsal Alıyev, Mahir Quliyev, Əmiraslan Xeyirbəyov, Mikayıl Vahabzadə, Tural Dadaşov kimi oğulların şəhid qanı ilə torpaq Vətənləşdi...

 

Uzun illər öncə oxuduğum yunan müəllifin “Konstantinopol” əsərində yazılmışdı: “Ümidini yerdən üzən Bizans kralı gecənin qaranlığında əllərini göylərə qaldırıb Tanrıdan yardım kimi İsanı göndərməsini xahiş edir. Səhər işıqlaşanda Ayasofiyada Fateh Sultan Məhmətin ordusunun namaz qıldığını görür. Tanrı İsanın yerinə Fatehi göndərmişdi”. Müəllif sonra fikrinə davam edir ki, İstanbul inamın və imanın gücü ilə fəth edildi. Misalı çəkməkdə məqsədim odur ki, ordumuz müasir silahla tam təmin olunsa da, döyüçülərimiz mənəvi-psixoloji silahla, Vətən, torpaq üçün inam və imanla silahlanmışdılar. Tərtərdə, Ağdamda, Lələtəpədə gördüklərim çoxdan oxuduğum o əsəri təkrar-təkrar xatırlatdı mənə. Bir daha yəqin etdim ki, yarılmayan cəbhə yoxdur, xalqımız bu inam və imanla,ruh yüksəkliyi ilə bizə qarşı yaranan dünyanın ən güclü cəbhəsini belə yarar.Yolum haqq zəfərimizin ünvanı Lələtəpəyədir...

 

Bir tərəfdə dünyanın silahı və dəstəyi ilə silahlanmış düşmən, qarşılarında isə yurdunu sevən Azərbaycan oğulları vardı

 

Onlar gözlərini qırpmadan düşmən üstünə gedirdilər, niyyətləri çox sadədir, yurdunu, əcdadının uyuduğu məzarlığı düşmən taptaından təmizləmək. Səhər erkən hərbi hissənin ərazisinə daxil olanda şəxsi heyət günün nizam qaydalarına uyğun olaraq xidmət aparırdı. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığı döyüş hazırlığı ilə paralel aparılır, əsgər və zabitlərimizədərslərdə xalqımızın zəngin milli-mənəvi dəyərləriaşılanır. Qarabağ müharibəsinin birinci mərhələsində ərazi bütövlüyümüz uğrunda canını qurban verən şəhid qəhrəmanlarımız haqqında danışılır, xalqımızın qəhrəman oğlu Mübariz İbrahimovun həyat və döyüş yolundan daima söhbətlər açılır, ictimaiyyət nümayəndələri vaxtaşırı ön xətdə hərbçilərlə görüşlər təşkil edirlər.

 

Söhbətimiz hansı tərəfə məcrasını dəyişsə də, Lələtəpədə birləşir. Qəribədir, yaxın vaxtlaracan bir yerdə xidmət etdikləri, yemək yedikləri, sevinclərini, kədərlərini paylaşdıqları əsgər dostlarından indi xatirə danışmağa məcburdurlar. Birinin yeni doğulmuş, hələ üzünü görmədiyi evladı vardı, birinin pünhan saxladığı sevgilisi, birinin nişanlısı, o birinin yolunu gözləyən ailəsi, övladları. Zabit Nemət Məmmədov danışdıqca gah bulud kimi tutulur, qaralır, gah da, birdaha yaşanmayacaq xatirələri yada salıb gülümsəyir, bəzən də susur, onların ruhuyla danışır kimi. Yaranmış ağır sükutu yumşaltmaq üçün əsgərlərlə Lələtəpə zəfərimizdən söhbətimizi davam etdiririk. Qaraşın, hündürboy gənc –Laçınlı kiçik çavuş Ramil Qələndərov manqa komandiridi. Şeir, sənət, söz xiridarıdır. Lələtəpə döyüşündən və əsgər yoldaşlarından danışdı: “Aprelin 2-də Rövşən yaralandı, hospitala çatdırılanda həkimləri tələsdirirdi ki, tez eləyin, yaramı sarıyın, mövqeyimə qayıtmalıyam. Həkimlər nə qədər israr etdisə xeyri olmadı, Rövşən sarıqdaca yanımıza qayıtdı və heç nə olmayıbmış kimi savaşa davam etdi. Cəbrayıllı şəhid Ruhin Qəhrəmanovun göstərdiyi şücaət roman kimidir deyir uşaqlar, yazılmaqla, danışmaqla bitməz: “Deyərdim ki, zəmanəmizin qəhrəmanı idi. Düşmənin üzərinə şığıyıb,neçə canlı qüvvəsini məhv etmişdi. Cəbrayılımı düşmən taptağından azad etmək üçün bundan yaxşı fürsət yoxdur deyirdi, yurdu uğrunda bu torpaqda şəhid düşdü Ruhin.”

 

Ordumuzun əks hücum əməliyyatlarında rəşadətlə döyüşən və artıq əfasanələşən  komandir, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidov döyüşlərin başlandığı andan sonunadək şəxsi heyətlə birlikdə Lələtəpə zəfərinin təmin olunmasına öz töhfəsini verdi. Şükür Həmidov yüksək hazırlıqlı peşəkar hərbçi kimi zabit və əsgərləri ilə birlikdə tariximizin qəhrəmanlıq səhifəsini Lələtəpədə yazdı. Milli Qəhrəman hər zaman ön xəttə can atıb, çünki ana yurdu Qubadlı düşmən işğalındadır. Komandir kimi postlardakı vəziyyətlə hər vaxt şəxsən yerində tanış olur, bir sözlə ona tapşırılan vəzifəni layiqincə yerinə yetirir.

 

Rabitəçi İsmayıl Nəsirov müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçudur: “Rabitəçi həm döyüşür, həm də bölüklər arasında davamlı əlaqəni yaradır. Bizim də bu döyüşlərdə əsas üstünlüyümüz o idi ki, rabitə əlaqəmiz güclü qurulmuşdu”.

 

Rövşən Rəhimov doğulub böyüdüyü Füzulini buraxıb bir yerə getməyib, deyir ki, ya öz torpağımda şəhid olacam, ya onu azad edib yurdumda yaşıyacam.

 

Barıt qoxulu səngərə daxil oluruq, qəhrəman oğullarımızın azad etdiyi Lələtəpə yüksəkliyi – illərdir həsrətində olduğumuz Vətən torpağı. Bu duyğunu yaşamaq anlatmaqla bitməz, o anı yaşamaq gərəkdir. Bu an ayağımızı Şuşaya basacağımız günü düşünürəm, xəyal edilməsi belə insana yaşamaq və savaş gücü verir. Səngərdə müdafiə üçün əsgərlərə hər cür şərait yaradılıb, rabitə və tibb xidmətidə yüksək səviyyədə qurulub. Ordumuzun azad etdiyi əraziləri erməni təcavüzkarları yenidən işğal etməyə dəfələrlə cəhd göstəriblə.İradəli və güclü döyüşçülərimiz düşməni qəhrəmanlıqla tərsinə çevirib. Aprel döyüşlərində şücaət göstərdiyinə görə Ali Baş Komandan İlham Əliyevin fərmanı ilə “İgidliyə görə” medalına layiq görülən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu Teymur Əliyev deyir ki, torpaqlarımızdan erməni cəlladlarının ayağı kəsilməyincə silahımı yerə qoymayacağam. Tibb xidmətileytenantı Elnur ƏliyevLələtəpə yüksəkliyi uğrunda gedən ağır, qanlı döyüşlərin ilk gününü xatırlayır: “Komanda veriləndən az sonra ilk yaralıları qəbul etdik. İnanın, yaralılar yaralarını sarımağa belə səbirləri çatmırdı.Yenidən atəşin altına dönür, inanılmaz bir qəhrəmanlıqla döyüşürdülər”. Motoatıcı taqımın komandiri leytenant Qəzənfər Dünyamalıyev aprel döyüşlərində əsgərləri ilə birlikdə müdafiə istehkam işlərinin görülməsində və silah-sursatın daşınmasında xüsusi fəallıq göstərib. Taqımın şəxsi heyəti Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən qiymətli hədiyyələrlə təltif edilib. Döyüşçü əsgərlər İmran Paşayev, Alim Sultanov, Adəm Babazadə, Fərrux Cabbarov, Yaqub Quliyev, Tural Cəlilov, Tural Ağayarov, Elmir Əliyev və o biri döyüşçülərlə xeyli söhbət etdik, şəkil çəkdirdik. Lələtəpə yüksəkliyindən müqəddəs bir hiss və duyğu ilə ayrılıram: orada qazanılan zəfər bizi Şuşaya çağırırdı...

Dəfələrlə səfər etdiyim döyüş bölgələrində şahidi olduğum mənzərə budur - millətimin cəsur övladları bir qarış torpağını kimsəyə verməyəcək, onu saf qanı ilə təmizləyib yurdunda alnı açıq, başı uca yaşıyacaq. Bir əsgərin dediyi kimi: “Millətimiz heç zaman çiyinləri üstündə kiminsə qarşısında əyiləcək baş gəzdirməyib. Ali Baş Komandanın əmrini gözləyirik. Hamımız şəhid olarıq, çünki müharibənin fitrəti budur, amma yurdu düşmənə vermərik”.

 

 

Balaca Vaqifin böyük hekayəti

 

 

Vaqifin böyük qardaşı Mehman birinci Qarabağ savaşında şəhid olmuşdu. O zaman Vaqif onüç yaşındaydı. O, evlərində oturmadı, qardaşının qisasını almaq üçün cəbhəyə gedib əsgərlərə yalvar-yaxar edir ki, noolar yanınızda qalım, silah daşıyaram, tüfənginizi silərəm, qardaşımın qoxusun sizdən alaram. Uşağın qardaş və yurd sevdası, yalvarırcasına xahişi qarşısında komandir bir söz deyə bilmir və həmin gündən şəhadətə yetdiyi günə qədər Vaqifin cəbhə həyatı başlayır. Qardaşının döyüş dostları ilə ta Ağdərəyə qədər gedən balaca Vaqif yaşından böyük həyat hekayəsini yazırdı. 1993-cü ildə “Qlobus” və “Vışka” yüksəklikləri uğrunda gedən güclü döyüşlərdə “Qorxubilməz igid” ləqəbli yeniyetmənin cəsurluğu hərbi hissə komandirinin diqqətini çəkir. Qardaşının qanını almaq üçün onun əsgər yoldaşlarına qoşulan gəncin qeyrəti komandiri duyğulandırır. O, üzərində avtoqraf yazdığı  “Balaca qəhrəman Vaqifə xatirə olaraq” fotoaparatı Vaqifə hədiyyə edir. Orta məktəbi bitirən Vaqif Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə üz tutur və uğurla kursant adını qazanır. Təhsili bitdikdən sonra doğma Naftalana qayıdır və yeniyetmə ikən döyüşdüyü doğma bölgəsində xidmətə başlayır. Həm ailəsinin yanında idi, həm içində böyüdüyü savaş cəbhəsində.

 

Aprelin ilk günləri idi, düşmən növbəti silahlı təxribatlarını törətdi. Bu zaman Naftalan şəhərini və Tapqaraqoyunlu yaşayış məntəqələrini düşmənin ağır silahlarından qorumaq üçün ordumuz Talış kəndi istiqamətində hərəkətə keçir. Şanlı ordumuz cəbhəni yarır, Talış kəndi və strateji əhəmiyyətli bəzi yüksəkliklər düşməndən təmizlənir. Kapitan Vaqif Bayramov döyüşlərdə igidlik göstərir və yeni döyüş tapşırığı alaraq silahdaşları ilə qaynar nöqtəyə yollanır. Cəbhənin bu istiqamətində ordumuzun əks həmlə əməliyyatları uğurla başa çatır. Lakin düşmənin iri çaplı silahlardan atdığı atəş Vaqif Bayramovun sinəsində açılır, o, üç körpəsini xalqına əmanət edərək, şəhid kimi uğrunda savaşdığı torpağın qoynuna girir, silahdaşı Asif Rəsulov ağır yaralanır.

 

Ümidlər sevdaya açar

 

Bir də ola vətən sevdası, o zaman hər tərəf çiçəkləyər, su içməsi də şəhid qanından. Əsgərin dediyi kimi müharibənin fitrəti budur, nə etməli?! Bəli, Tərtər, Ağdam, Lələtəpə bölgələrində şahidi oldum ki, əsgərlik, hərb sənəti, tək düşmənlə savaşmaq deyil, milli-mənəvi dəyərlərimizə söykənən sənətiymiş. Bir millətin əzmidir, qürurudur. Əsgərlər bir-birlərinə və hamısı da Vətənlərinə o qədər bağlıdır, yurdumuzu düşmən taptağından azad edəcəklərinə o qədər inamlı və ümidlidirlər ki, bu inamın qarşısında dünyanın orduları gəlsə tab gətirməz, cəbhəsi yarılar. Yurd sevdasına açan bu çiçək ruhlu gəncləri Uca Yaradana əmanət edib cəbhə xəttindən uzaqlaşıram - bir də qayıtmaq üçün…

Lalə HÜSEYNOVA,
“Azərbaycan Ordusu”

 

Qeyd:Yazı Azərbaycan Mətbuat Şurası, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə birlikdə “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı