Modern.az

Azərbaycanın aydın gələcəyinə imza atan qadın - Şəfiqə Qaspıralı

Azərbaycanın aydın gələcəyinə imza atan qadın - Şəfiqə Qaspıralı

Aktual

28 May 2018, 17:06

Qadın ana olmaqla bərabər, həm də cəmiyyətin əsas sütunlarından, dayaqlarından biridir. Tariximizə bir çox parlaq səhifələr yazmış Azərbaycan qadını müdriklik, müqəddəslik, əxlaq simvolu olub, dövlət ənənələrinin inkişafında, onun gələcək nəsillərə ötürülməsində müstəsna xidmət göstərib və göstərməkdə də davam edir. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü illiyinin qeyd olunma ərəfəsində qadınların rolunu bir daha xatırlatmağa ciddi ehtiyac var. Rəsulzadə təbirincə desək, yoxdan bir bayraq var edən cümhuriyyət fədailəri bu gün də hamı üçün zülmətdə işıq rolunu oynamaq qabiliyyətini itirməyib. Cümhuriyyət dövrünün ziyalı qadınları əsasən mədəni- maarifçi, sosial ictimai sahədə fəaliyyət göstərirdilər. Həm pedaqoji, həm də publisistik fəaliyyətlərinin kökündə maarifçilik missiyası duran bu xanımlar heç də dövrün kişilərindən geri qalmırdılar. Buna səbəb əslində cümhuriyyət hakimiyyətinin qadın məsələsi və qadın hüquqları istiqamətində apardığı düzgün siyasət idi. Şərqdə ilk dəfə olaraq qadına seçkidə iştirak etmək hüququ verilir, yeni qız məktəbləri açılır və xanımlar hazır kadr kimi cəmiyyət üçün yetişdirilirdi. Məhz, bu addımlar cəmiyyətdə qadının rolunu artırırdı. Həmin dövrdə maarifçi, vətənpərvər çıxışlarına görə ayaqda alqışalanan qadınlardan Şəfiqə xanım Əfəndizadə, Həmidə xanım Cavanşir, Hənifə xanım Mikayılova, Xədicə xanım Əliverdibəyova, Liza Muxtarova və başqalarının adını çəkmək olar...

 

İki məşhur soyadın ləyaqətli təmsilçisi

 

Haqqında daha geniş bəhs etmək istədiyimiz isə Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin xanımı Şəfiqə Qaspıralı-Yusifbəylidir... Taleyin qəribə təsadüfi nəticəsində öz dövrünün azərbaycanlısı üçün bəlkə də gözlənilməz bir ailə həyatı quran baş nazir türk dünyasının iki ünlü soyu-Qaspıralı və Akçurinlərlə qohum olmuşdu. Onun xanımı “Tərcüman” qəzetinin naşiri, türk dünyasını dil, fikir və əməl vasitəsi ilə birləşdirmək ideyasının müəllifi İsmayıl Qaspralının qızı idi. Tədqiqatçı alim, professor Vilayət Quliyev araşdırmalarında qeyd edir ki, N.Yusifbəylinin qayınanası Zöhrə xanım digər böyük fikir adamının-türkçülük ideologiyasının öncüllərindən sayılan, sonralar Atatürkün yaxın silahdaşına çevrilən və Türk Tarix Qurumunun ilk başqanı seçilən Yusif Akçuranın doğma bacısı idi. Şəfiqə xanımla Nəsib bəyin acısı şirinindən, əzab və məhrumiyyətləri sevincindən qat-qat çox olan ailə həyatı bütün böyük sevgilərdə olduğu kimi adi təsadüf nəticəsində başlasa da, iki gəncin seçimi əslində onların izlədikləri amalın, təqib etdikləri qayə və prinsiplərin məntiqi sonucu idi. İlk dəfə tanış olduqları zaman Şəfiqə Qaspralının 16, Nəsib bəyin isə 21 yaşı vardı. Gənclər arasındakı məhəbbət onların məktublarında təzahür edirdi. Nəsib bəy Yusifbəylinin gələcək həyat yoldaşına ilk məktublarından biri Qaspralılar ailəsinə üz vermiş böyük itki- Zöhrə xanımın vəfatı ilə bağlıdır. 

1905-ci il iyulun 16-da Gəncədən göndərdiyi digər məktubda Nəsib bəy sevdiyi qızın “Tərcüman” qəzetində çap olunmuş bir məqaləsi ilə bağlı fikirlərini bölüşürdü. Onun başqa müəlliflərdən gətirdiyi çoxsaylı iqtibaslar arxasında şəxsi fikirlərinin, fərdi yaradıcılıq simasının, mövqeyinin yetərincə nəzərə çarpmadığını bildirirdi. Tam müstəqil şəkildə yazılmış, yalnız öz mülahizələrindən ibarət məqalələrini oxuyanda Şəfiqə xanımla daha çox qürur duyacağını etiraf edirdi.

 

Eyni il avqustun 13-də Nəsib bəy həyəcanlı şəkildə İsmayıl Qaspralıdan məktub aldığını xəbər verir. Məktubda iki gəncin izdivacına xeyir-dua əks olunurdu. Böyük sevgi üzərinə qurulan izdivacın 1906-cı ildə rəsmiləşdiyi ehtimal edilir. Gənc ailə bir müddət Gəncədə və Bakıda yaşadıqdan sonra Krıma, Bağçasaraya dönmüşdü. Çünki Nəsib bəy universitet təhsilini başa vurmalı idi. İsmayıl Qaspralı isə həmişəki kimi “Tərcüman”ın nəşri və yayılması baxımından ən yaxın köməkçisi saydığı qızının yardımına ehtiyac duyurdu.

 

Qadın xoşbəxtliyi

 

Şəfiqə xanımın fırtına və faciələrlə dolu həyatının ən gözəl dövrü 1906-1912-ci illərə təsadüf edir. Bir qadının xoşbəxt olması üçün lazımlı hər şey vardı. Sevdiyi insan və pərəstiş etdiyi atası yanında idi, sevimli məşğuliyyəti-müəllimlik və qəzetçiliklə məşğul olurdu. Eyni dərəcədə bağlandığı iki vətənində-Krımda və Azərbaycanda milli hərəkat qüvvətlənirdi, türkçülük duyğusu insanların ürəyinə daha dərin kök salırdı. İki övladı-Zöhrə və Niyazi dünyaya gəlmişdi. Gənc ailəni birləşdirən ümumi cəhətlərdən biri də mətbuata maraq idi. Şəfiqə xanım qəzetçilik işinə 1903-cü ildən qoşulmuşdu. İlk yazısının mövzusu gələcək fəaliyyətinin əsas istiqamətlərindən olan qadın azadlığı ilə bağlı idi. “Qələm təcrübələrimin başlanğıcında ilk olaraq qadınlara aid bir məqaləm “Tərcüman”da çap edildi. Yaxşı qarşılandı. Cəsarətləndim və Yaltada rusca çıxan qəzetdə bir rus mühərririn tatar qadınlarının geriliyi və bunun dinlə əlaqəsi haqqındakı yazısına silsilə məqalələrlə cavab verdim”. Xatirələrindən götürülmüş bu sətirlər Şəfiqə xanımın hələ 17 yaşlı gənc qız ikən mətbuat aləminə və ictimai mübarizə meydanına atıldığını göstərir. 
Lakin yaradıcılığa və ictimai fəaliyyətə maraq yalnız qəzetçiliklə məhdudlaşmamışdı. İlk müəllimi, Krıma sürgün edilmiş polyak inqilabçısı Olqa Dyalakovskanın təşviqi ilə gənc tatar qızı həmvətənlərinin nağıllarını, atalar sözlərini, xalq mahnılarını toplamağa başlamışdı. 

 

Dünyaya səs salan “Aləmi-nisvan”...

 

Şəfiqə xanımın Nəsib bəylə tanışlığı ilk birgə layihənin reallaşmasına təkan vermişdi. 1906-cı ilin əvvəlində 20 yaşlı Şəfiqə xanımın redaktorluğu ilə Rusiya imperiyasındakı türklərin ilk qadın dərgisi sayılan “Aləmi-nisvan” jurnalı nəşrə başlamışdı. “Müslimələrə məxsus ədəbi və tədrisi həftəlik məcmuə” kimi təqdim olunan nəşrin “sahibi-imtiyazı İsmayıl Qasprinski, müdirəsi isə Şəfiqə Yusifbəyova” kimi idi. “Aləmi-nisvan” Bağçasarayda, “Tərcüman” qəzetinin mətbəəsində çap olunurdu. 
Uşaqların tərbiyəsi, xəstələrə ilkin tibbi yardım, əl işləri haqqında bilgilər və s. bu tipli materiallar məcmuənin fəaliyyətinin praktiki tərəfini təşkil edirdi. Türk-tatarlar və başqa millətlər arasında qadın hüquqları ilə bağlı məsələlərin işıqlandırılması da gündəlik həyatla sıx bağlı olduğundan müəyyən mənada əməli vəzifələr sırasına daxil idi. Elm, ədəbiyyat, dövlət idarəçiliyi və siyasət sahəsində çalışan məşhur qadınların şəkilli bioqrafiyalarının, davranış və əxlaq məsələləri ilə bağlı yazıların, şeir və hekayələrin, tarixi araşdırma və səyahət qeydlərinin çapı isə “müsəlman qadınlarının” oxu mədəniyyətini yüksəltmək, onların çağdaş dünya haqqındakı təsəvürlərini genişləndirmək məqsədi daşıyırdı. 

Məcmuəni tədqiq edən türk müəllifləri Şəngül və Nəcib Həbləmitoğlunun yazdıqlarına görə “Aləmi-nisvan”ın “mövcud kolleksiyasına nəzər yetirdikdə heç bir yazı, yaxud xəbərin təsadüfi səciyyə daşımadığı, hər birinin “bilgiləndirmə”, “aydınlatma”, “təşviq və istiqamətləndirmə”, nəhayət “təşkilatlandırma” məqsədinə xidmət etdiyi ortaya çıxır”. 
““Aləmi-nisvan” 1906-cı sənənin ilk ayında intişar etdi”,-deyə Şəfiqə xanım xatirələrində yazırdı. - Müdir və yazarı məndən başqa zövcim (ərim, Nəsib bəy nəzərdə tutulur) idi.


Qırxa yaxın sayı işıq üzü görən jurnalda Azərbaycanla bağlı məsələlər də mütəmadi diqqət mərkəzində saxlanırdı. Jurnalın dördüncü sayında dərc olunan məqalələrin birində Şəfiqə xanımın Gəncə təəssüratlarından bəhs edilirdi. Müəllif ötən il bir ay ərzində ərinin vətəni Gəncədə qalmağından yazırdı. Milli zəmindəki qarşıdurma nəticəsində şəhərin yarısından çoxunun ermənilər tərəfindən yandırılıb-dağıdılmasından və talan edilməsindən ürək ağrısı ilə söz açırdı. Amma Şəfiqə xanımın nəzərində bundan da böyük faciə avamlıq və cahilliyin tüğyan etməsi, təhsilin, xüsusən də qadın təhsilinin bərbad vəziyyətdə olması idi.

 

Nəsib bəy də fasilələrlə 1906-cı ildən 1912-ci ilədək “Tərcüman” qəzetində çalışmağa başladı. Xoşbəxt ailə fonunda baş tutan əməkdaşlıq nəticəsində 1908-ci ildə Nəsib bəy və Şəfiqə xanımın fəal iştirakı ilə “Tərcüman” qəzetinin 25 illiyi qeyd edilmişdi. Bu münasibətlə yubiley məqalələri çap olunmuş, Bakı, Gəncə, Şəki və digər şəhərlərdən çoxsaylı təbrik teleqramları göndərilmiş, mətbuat orqanın cəmiyyətə aşıladığı maarifçilik yüksək qiymətləndirilmişdi.

 

Xoşbəxt izdivacın sonunu gətirən xəyanət

 

Artıq iki uşaq anası olmasına, ailə qayğıları ilə yüklənməsinə baxmayaraq Şəfiqə xanım ərinin və dostlarının Gəncədəki maarifçilik fəaliyyətindən kənarda qalmamağa çalışırdı. Təəssüf ki, zəhmətlə əldə edilən xoşbəxtliyə 1912-ci ildə kölgə düşür. Gənc ailə iztirablı, sarsıntılarla dolu günlərini yaşamağa başlayır. Bu dövrdə onlar artıq Gəncədə məskunlaşmışdılar.

Nəsib bəyin həmin dövrdə şəriət olaraq normal, lakin azadlıq carçısı bir xanımın düşüncəsi baxımından bağışlanmaz olan səhvi ailənin dağılmasına səbəb olur. Şəfiqə xanım canından çox sevdiyi həyat yoldaşının kənarda imam nikahı ilə, hətta özünün tanıdığı, dostluq, rəfiqəlik etdiyi bir xanımla izdivac qurub yaşadığını eşidir. Gənc qadının mənəvi dünyası, ailəsi ilə bağlı gələcək planları alt-üst olur. Evdə söz-söhbət, narazılıq, gərginlik son həddə çatır. Şəfiqə xanım xəyanəti qəbul edə bilmir və övladları ilə birlikdə yenidən öz ata ocağına qayıdır. 1914-cü ildə Qaspıralının dəfn mərasimində Nəsib bəylə görüşür, lakin onu yenə də bağışlamır. Həyata gözlərini əbədi yuman İsmayıl bəy son vəsiyyətində “Tərcüman”a sahiblik hüququnu övladlarına və damadına verdiyini bildirir.

Ərindən incidiyi zaman "Yusifbəyli" soyadından imtina edən bu xanım illər sonra bir gün xatirə və qeydlərini səliqəyə salıb iri hərflərlə "Sudamısan, torpaqdamısan, Nəsib? Ətrafın nurla dolsun!" sözlərini yazır və özündən ixtiyarsız yenidən "Şəfiqə Qaspıralı-Yusifbəyli" imzasını qeyd edir.

 

Sonrakı illərdə onların arasında olan məktublaşmada da bu ayrılığın dərin iztirabları əks olunur. Gəncədən Krıma ünvanlanan sətirlərdə ictimai mövqe, siyasi əqidə, eyni zamanda şəxsi hisslər çuğlaşırdı. Sevgi və həsrət, kədər və əzmkarlıq bir-birini əvəz edirdi: “…Nə etməli ki, əzab çəkmək üçün yaranmış insanlar var və biz belə insanlardanıq. Ən başlıcası ruhdan düşməməkdir, qalanları isə boş şeydir. Axı, xoşbəxtlik bizim özümüzdədir. Əgər biz razıyıqsa demək xoşbəxtik, əgər razı deyiliksə, demək əksinədir”. Nəsib bəy məktublarında aralarındakı “buz”u əritməyə çalışırdı: “Uşaqlar və sənin üçün necə darıxdığımdan söhbət açmağa dəyərmi? Axı buna heç kim şübhə etməməlidir”. Nəsib bəy hətta yüksək mənsəb sahibi olanda belə özünü “çox bədbəxt” sayıb. “Güclü hisslərlə” bağlandığı Şəfiqə xanım Qaspıralını qınamadan, haqlı sayaraq, günahı özündə görsə də “daxili Mən”indən də keçə bilmirdi. Önəmlisi bundan ibarətdir ki, Şəfiqə xanımla yolları haçalananda belə aralarında hörmət, ehtiram, ən önəmlisi sevgi hissləri davam etmişdi.

Yusifbəylilər ocağında Şəfiqə xanıma münasibəti Nəsib bəyin bacısı Şükufə xanımın məktubundan da duymaq olar: «İzzətli, səadətli Şəfiqə Sultan!... Sizi gözümüzün (nuru) aluk-böyük bacımız, anamıza ovuz (övlad) bilirdik. Bizləri fəna hallara qoyub getdiniz. Sizi heç bir dəqiqə yaddan çıxarda bilmirik”.

Şəfiqə xanımla Nəsib bəyin münasibətləri sonrakı dönəmlərdə Nəsib bəyin uşaqların adına ünvanladığı məktublar vasitəsilə davam edir. Ata ilə ananın şəxsi münasibətlərinin soyuqluğundan asılı olmayaraq Şəfiqə xanımın qeydlərindən uşaqların 1912-ci ildən sonra da yay aylarında Gəncəyə gətirildiyi, burada vaxtlarını Nəsib bəylə keçirdikləri bilinir. 

 

“Tərcüman”ın qapıları açılmamaq üzrə qapanır...

 

İ.Qaspıralının ölümündən Şəfiqə xanım böyük qardaşı Rüfətlə birlikdə “Tərcüman”ın idarəçiliyini öz üzərinə götürür. Həm də yalnız texniki-redaktorluq işi ilə məşğul olmur, qəzetə məqalələr yazır, əvvəlki illərdə olduğu kimi yenə də maarif və qadın hüquqları məsələsi üzərində dayanırdı.


Rusiyadakı fevral inqilabı sözdən işə keçmək üçün şərait yaratdı. Şəfiqə xanımın yalnız xeyriyyəçilik və ictimai xidmətləri üçün deyil, siyasi fəaliyyəti üçün də imkanlar açıldı. 1917-ci ilin aprelində o, Kazan şəhərində keçirilən Rusiya müsəlman-türk qadınları konqresinə nümayəndə seçildi. 1917-ci il mayın 1-11-nə qədər Moskvada Rusiya müsəlmanlarının Birinci konqresində Krımı təmsil etdi. Həmin konqresin 970 nümayəndəsindən 112 nəfəri qadınlar idi. Konfransın ikinci günü iclasın sədri, görkəmli tatar siyasi xadimi Ayaz İshakinin “Məclisimizdə iştirak edən böyük ustadımız İsmayıl Qaspralının qızı Şəfiqə xanımı hörmətlə salamlayıram”-sözlərindən sonra bütün salon xitabət kürsüsünə yaxınlaşan gənc qadını sürəkli alqışlarla qarşılamışdı. Konqres günlərində o, Səlimə Yaqubova, Şəfiqə Əfəndizadə, Fatma Güləhmədova, Anna Martusas və başqaları ilə birlikdə Qadın-qız komissiyasının işində fəal iştirak etmişdi. 


1917-ci ilin aprelindən Şəfiqə xanımın rəhbərliyi ilə Krımda “Qadın komitələri” qurulmağa başlamışdı. Həmin dövrdə Krım Müsəlmanları Mərkəzi İcraiyyə Komitəsinin sədri olan Cəfər Seyidəhməd Krımər xatirələrində bu məsələyə toxunaraq yazırdı: “Qadın komitələrinin mərkəzi təşkilatına aydın xanımlar, müəllimələr cəlb olunmuşdu. Onların başında dayanan Qaspralı İsmayıl bəyin qızı Şəfiqə xanım imanla, həyəcanla qadınların fəaliyyətlərini yüksəltməyə, onları hər tərəfdə təşviq etməyə çalışırdı. Şəfiqə xanımdan başqa İlhamiyyə Toktar, Ayişə İshaq, Xədicə Avçı bu yolda unudulmaz xidmətlər göstərdilər. Hətta fəaliyyətləri zamanı bir çox təhlükələrə də sinə gərməli oldular”. 


Bağçasarayda İsmayıl Qaspralı adına Darülmüəllimatın və Milli Muzeyin yaradılmasında, Gözəl Sənətlər Məktəbinin təsis edilməsində də Şəfiqə xanımın xidmətləri olmuşdu. O, 1917-ci ilin dekabrında Gözləvdən (Yevpatoriya) Tatar Milli Qurultayına, 1918-1919-cu illərdə isə iki dəfə Krım Millət Məclisinə üzv seçilmişdi. Krım tatarlarının lideri Çələbi Cihanın rəhbərliyi altında yarımadada milli dövlət qurulmasına öz töhfələrini verməyə çalışmış, Seyidcəfər Krımər, Əhməd Özənbaşlı, Seyid Cəlal Xəttat, Həsən Səbri Ayvazov və başqaları ilə birlikdə milli dövlətçilik institutlarının yaradılmasında iştirak etmişdi. Həmin dövrdə Krımda çalışan görkəmli Azərbaycan yazıçısı və diplomatı Y.V.Çəmənzəminli ilə Şəfiqə xanım arasında səmimi dostluq münasibətləri formalaşmışdı. Lakin “ağ” və “qırmızı” rusların, ukraynalıların, almanların maraqlarının toqquşduğu Krımda heç bir güclü arxaları olmayan tatarların milli dövlət qurmaq niyyəti baş tutmamışdı. Əksinə, biri-birini əvəz edən hakimiyyətlər hər vasitə ilə yerli xalqı sıxışdıraraq siyasi mübarizə meydanından və tarixi torpaqlarından uzaqlaşdırmaq məqsədi güdmüşdü. 
Belə bir şəraitdə 1918-ci il fevralın 23-də otuz beş ildən bəri türk dünyasına sədaqətlə xidmət yolunu tutan “Tərcüman” qəzetinin bağlanmasına qərar verildi. Şəfiqə xanımın yazdığı kimi, redaksiya “öldürülməkdənsə ölməyi daha üstün tutdu”. Bütün səylərə rəğmən qəzetin mətbəəsini də əldə saxlamaq mümkün olmadı. Bolşeviklər onu müsadirə edib Xarkova apardılar. 

 

Tarixin ölməz qadın obrazı

 

Ayrılmalarına rəğmən bu çətin günlərdə Nəsib bəyin Şəfiqə xanıma olan dəstəyi yenə də azalmırdı. O, sonrakı məktublarında israrla ailəsinin Azərbaycana qayıtmağını istəyirdi:

 

““Hər halda Şefi, biz uşaqların önündə günahkarıq. Çünki onların körpə ruhlarını zədələmişik. Heç olmazsa indi onların gələcəklərinin şikəst olmamasına çalışmalıyıq. İlk növbədə onların təhsili haqqında fikirləşməliyik. Mənə cavab verməmişdən öncə həm Niyazik, həm də Zoka ilə bağlı ciddi düşün: gələcəkdə uşaqların qarşısında vicdanının təmiz olması üçün lazım gələn bütün şərtləri yerinə yetirə biləcəksənmi? Bilirsən ki, hər acıya tab gətirəcək qədər qüvvətliyəm. Səndən yeganə ricam uşaqları düşünməyindir”.

 

Uzun tərəddüdlərdən sonra-1919-cu ilin avqustunda Şəfiqə xanım övladları ilə birlikdə bir zamanlar göz yaşları ilə ayrıldığı Azərbaycana dönür. Şəxsi münasibətləri tam sahmana düşməsə də, Şəfiqə xanım Bakıya gəldiyi ilk günlərdən ərinin həyatını həsr etdiyi amala-Azərbaycan Cümhuriyyətinin qurulmasına öz töhfələrini verməyə çalışmışdı. Burada Şəfiqə Qaspıralının ictimai-siyasi proseslərdəki səriştəsi və pedaqoji təcrübəsi də önəmli rol oynamışdı. O, Xalq Maarifi Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayan kursların təşkilinə başlamışdı.

 

Ailənin üzərini alan qara buludlardan tökülən yağış bu dəfə selə çevrilir. Heç iki il tamam olmur ki, Azərbaycanın bolşevikləşməsindən dolayı ailə yeni bir faciə ilə üz-üzə qalır. N.Yusifbəyli 1920-ci ilin mayında Gürcüstana keçmək istəyərkən Kürdəmirdə bolşevik xəfiyyələri tərəfindən qətlə yetirilir. Bu zaman Şəfiqə xanım, Niyazi və Zöhrə  Nəsib bəyin qətlindən xəbərsiz idi...

 

1992-ci ildə İstanbula Xalq Cümhuriyyəti liderlərinin taleyini araşdırmağa yollanan jurnalist Xanlar Bayramov Nəsib bəyin qızı Zöhrə xanımla görüşür və bəzi məlumatlarla  vətənə dönür. “Azərbaycan deyib yana-yana yaşayıb Türkiyəni özünə vətən seçən” Zöhrə xanım jurnalistə ailə dramını belə nəql edir:

“Aprelin 27-də Nəsib bəy pərişan halda rus millətindən olan sürücüsü Mitya ilə evə gəldi. Həyəcanla bildirdi ki, fəna bir zaman başladı. Sonra cibindəki pulun bir hissəsini stolun üstünə qoyaraq bizimlə vidalaşdı. “Özünüzü qoruyun” - deyərək dərhal qapıdan çıxaraq, hansısa istiqamətə getdi. Və bu Azərbaycanın baş naziri Nəsib bəy Yusifbəylinin ailəsi ilə son görüşü olur.

 

Bir neçə gün sonra baş nazirin ailəsi Flarmoniya ilə üzbəüz binadakı mənzillərindən bayıra atılır. Şəfiqə xanım Qaspıralı və iki övladı xeyirxah insanların köməyi ilə şəhərin kənarında kiçik bir daxmada yaşayır. İki il də belə gəlib keçir. Türkiyənin Bakı konsulu Məmduh Şövkət bəy, Nəsib bəy Yusifbəylinin ailəsinin ağır durumundan xəbər tutur. Onun dəstəyilə Zöhrə xanım, Niyazi və Şəfiqə xanım çətinliklə Batumdan kiçik bir gəmiylə Trabzona keçir. Trabzonda xoş bir təsadüf onları Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən Şəfi bəy Rüstəmbəyli ilə rastlaşdırır.

 

Şəfi bəy, Nəsib bəyin ailəsinə böyük hörmətlə yanaşır və onları İstanbula gətirir. Şəfiqə xanım İstanbulda Qaspralı nəslinin nüfuzlu nümayəndələrinin köməyi ilə ayaqda durmağı bacarır, övladlarına ali təhsil verir.

 

İllər boyu topladığı zəngin arxivini tədqiqatçı Nəcib Həbləmitoğluna bağışlayır. N.Həbləmitoğlu isə “Şəfiqə Qaspıralı və Rusiyada türk qadın hərəkatı (1893-1920)” adlı Azərbaycan tarixi üçün də mühüm olan bir kitab dərc etdirir.

 

Həyatı məşəqqətli savaşlardan keçən Şəfiqə xanım Qaspıralı-Yusifbəyli 1975-ci ilin avqustunda dünyasını dəyişir. Ömrü boyu bir amala xidmət edən bu qadın, sağlığında yaratdığı örnək obrazla, ölümündən sonra da yaddaşlara həkk olunur.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi" layihəsi çərçivəsində hazırlanıb. 

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?