Zəngilan son illər Azərbaycanın strateji baxımdan ən çox diqqət mərkəzində olan bölgələrindən biri kimi ön plana çıxır. Coğrafi mövqeyi, regiondakı nəqliyyat-kommunikasiya layihələrinə yaxınlığı və xüsusilə Zəngəzur dəhlizi istiqamətində yerləşməsi rayonun əhəmiyyətini daha da artırır. Hazırda Zəngilanda həyata keçirilən yol, logistika və infrastruktur layihələri bölgənin yalnız Azərbaycanın deyil, bütövlükdə regionun əsas nəqliyyat qovşaqlarından birinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Zəngilanın gələcəkdə beynəlxalq yükdaşımalar və regional iqtisadi əlaqələr üçün əsas mərkəzlərdən birinə çevriləcəyi istisna edilmir.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov qeyd edib ki, qloballaşma və iqtisadiyyatın bir proses kimi inkişafı vahid bazarın yaradılmasına imkan verir və bu prosesdə logistika vacib bir vasitədir.
"Yaxşı təşkil olunmuş logistika və təchizat zənciri idarəetmə imkanlarına malik bazar digər iqtisadiyyatlara nisbətən müəyyən bir üstünlüyə malikdir, logistika infrastrukturunun təkmilləşdirilməsi isə rəqabətli bir vasitə kimi xidmət edə bilər və bazar payının artmasında da təsirli rola malik ola bilər. Bu gün kiçik və orta müəssisələr demək olar ki, bu cür təkmilləşdirmələr üzərində işləyirlər. Bundan əlavə, inkişaf etməkdə olan ölkələr qloballaşmanın üstünlüklərini əldə etməklə bütün dünyada çatışmazlıq problemlərini daha səmərəli şəkildə həll edə biləcəkləri üçün rəqabət qabiliyyətini artırmaq baxımından ticarət logistikası və təchizat zəncirinin idarə edilməsinə ehtiyac duyurlar. Çatışmazlıq, milli təhlükəsizliyin bir komponenti kimi görünən ərzaq təminatı məsələsi isə bağlı bir sıra dövlətlər artıq həyəcan təbili çalır".
Deputat həmçinin vurğulayıb ki, beynəlxalq təchizat zəncirlərinin birləşdirilməsindəki uğur şirkətlərin malları sərhədlərdən daha sürətli, daha ardıcıl şəkildə və daha ucuz şəkildə daşımaq qabiliyyətindən başlayır:
"Azərbaycan iqtisadiyyatı ardıcıl olaraq həm öz bazarını, həm də bütövlükdə region bazarını dünya bazarına çıxmağa, dünya trendlərinə və inkişafına qoşulmağı hədəfləyir. Logistika imkanlarının genişlənməsi sadəcə böyük deyil, kiçik və orta ölçülü müəssisələrin fəaliyyətini inkişaf etdirmək baxımından bir vasitədir ki, bu da öz növbəsində biznesin yaxşı təşkilini artıracaq və əlavə biznes imkanları yaradacaq. Kiçik və orta biznes fəaliyyətində isə aydın məsələdir ki, mübadilə daha intensiv, cəmiyyətlərin inteqrasiyası daha sürətli olacaq ki, bu da məhz dayanıqlı sülh deməkdir. Deməli, qloballaşma və iqtisadiyyatın bir proses kimi inkişafı vahid bazarın yaradılmasına imkan verir və bu prosesdə logistikada məhdudiyyətlərin olması, tam əksinə açılma müasir dünyamızın inkarolunmaz reallığı və tələbidir".

A.Badamov açıqlamasında Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərinə də toxunub.
"Azərbaycan atdığı addımlarla, yürütdüyü siyasətlə bölgəyə dayanıqlı sülhü gətirir. Bütün bunlar həm də xarici investorları cəlb edir ki, Cənubi Qafqaz əsrlər boyu öyrəşilən münaqişə və müharibə ocağı risklərindən tamamilə təmizlənsin, uzaq olsun. Təbii ki, bu işdə sadəcə Azərbaycan deyil, region dövlətləri müştərək addımlar atmalıdır. Yəni, yürüdülən, qurulan əməkdaşlıq siyasəti bu amallara kölgə salmamalıdır. Zəngilan şəhərində Qarabağ və Şərqi Zəngəzurun digər regionları kimi irimiqyaslı layihələr həyata keçirilir, infrastruktur yaradılır. Bu da oraya köçən insanların həyat şəraitini yaxşılaşdırmaqla yanaşı, həm də regional inteqrasiya prosesini sürətləndirəcək. Ona görə ki, Zəngilan iki ölkə arasında sərhəd keçid məntəqəsi olan yeganə rayonumuz olacaq. Şübhəsiz ki, bu vacib önəm kəsb edən bir məsələdir. Bu, birbaşa təmas, əlaqədir".
Sədr müavini onu da əlavə edib ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı sadəcə Azərbaycanı və regionu deyil, beynəlxalq aləmi, qlobal gücləri yaxından maraqlandıran məsələdir:
"Azərbaycan coğrafi mövqe baxımından elə bir yerdə yerləşir ki, Azərbaycanın razılığı olmadan, fiziki iştirakı olmadan böyük layihələr sual altına düşə bilər. Cənab Prezident İlham Əliyev Azərbaycan reallıqlarını dünya reallıqları ilə paralel şəkildə aparır. Məhz bu səbəbdəndir ki, biz vacib məsələlərdə bütün masalardan qalib qismində ayrılırıq. Zəngilandan isə İrana, Fars körfəzinə çıxış olacaq. İranda və dünya iqtisadiyyatının beşdə birini əhatə edən Hörmüz boğazındakı proseslər məlumdur. O da məlumdur ki, bu gün nəqliyyat və logistika imkanlarına geosiyasi alət kimi yanaşılır. Azərbaycanın isə yanaşması bu məsələdə də fərqlidir. Əsas amal təzyiq mexanizmi, ya təktərəfli fayda deyil, burada hərtərəfli əməkdaşlıq imkanlarının daha da genişləndirilməsidir. Təbii ki, bu baxımdan artıq Zəngilan beynəlxalq mərkəz qismində çıxış edəcək".
Milli Məclisin üzvü diqqətə çatdırıb ki, məhz bu reallıqları dünya iqtisadiyyatı ilə birləşdirməyimizin nəticəsidir ki, bu günə qədər nəzərdə tutulan bütün planlarımız reallaşıb:
"Düzgün strategiya, planlı yanaşma artıq öz sözünü deyir. Zəngilan rayonunda 42 meqavatlıq su elektrik stansiyasının tikilməsi olduqca önəmli məsələdir. Çünki Sovet dönəmində bu olmayıb. Təhlükəsizliyin bu aspekti müasir dünyada bir çağırışdır ki, Azərbaycan bu çağırışa da cavab verir. Hətta regionun əhalisi artsa belə, bu, tam enerji təminatı deməkdir. Digər bir mühüm məsələ ondan ibarətdir ki, Azərbaycan regionda bərpa olunan enerji baxımından da mühüm layihələr icra edir. Regionun coğrafi üstünlüklərindən də düzgün yararlanaraq bu sahə üzrə təcrübəsi olan ölkələri, böyük şirkətləri regiona cəlb edir. Təbii ki, bu, Azərbaycan gücü, həm də nüfuzudur ki, məhz bizə etibar edərək investorlar regiona ayaq açırlar. Bu, keçmiş köçkünlərin doğma vətənlərinə qayıtmasını təmin edəcəksə, həm də azad edilmiş əraziləri dünyada nümunəvi ərazilər edəcək.
Cənab Prezident İlham Əliyevin əsas məqsədlərindən biri bundan ibarətdir. Habelə, dövlət başçımızın Zəngilana reallaşdırdığı mütəmadi səfərlər, bu rayonda həyata keçirilən layihələr bölgəni gələcək inkişaf perspektivləri baxımından olduqca cəlbedici bir hala gətirəcək. Təbii ki, belə bir regiona investor axını baş verəcək. İlk gündən dövlət başçımız bildirdi ki, “Zəngəzur dəhlizi sülhün fundamental elementlərindən biridir”. İnkarolunmaz reallıqdır ki, iqtisadiyyat üzərindən xalqlar arasında mübadilə baş verərsə bu daha sürətli inteqrasiya, habelə problemli məsələlərin belə danışıqlar yolu ilə sakit və dinc şəkildə həlli deməkdir. Azərbaycanın sadəcə regiondakı imkanları deyil, dünyadakı imkanları genişlənir. Həm də Azərbaycan atdığı addımlarla regionu dünyanın siyasi və iqtisadi xəritəsinin mərkəzinə daşıyır", - deyə A.Badamov qeyd edib.