Modern.az

Sərhəddə "gözə kül üfürənlər" kimə xidmət edir? 

Sərhəddə "gözə kül üfürənlər" kimə xidmət edir? 

Aktual

Bu gün, 16:00

"Beynəlxalq diplomatiya tarixində ATƏT-in Minsk qrupu qədər səmərəsiz, uğursuz və riyakar ikinci bir qurum tapmaq çətindir. Otuz ilə yaxın bir müddətdə bu struktur münaqişəni həll etmək deyil, Azərbaycan torpaqlarının işğal faktını rəsmiləşdirmək və ilhaq prosesini əbədiləşdirmək üçün vasitə rolunu oynadı. ABŞ, Rusiya və Fransa kimi nüvə dövlətlərini və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərini birləşdirən ortaq maraq, əslində status-kvonun saxlanılması və Azərbaycanın təslimçi sülhə razı salınması idi. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına qarant durmalı olan bu üç dövlət, məsələ Azərbaycana gəldikdə "selektiv" yanaşma nümayiş etdirdilər. Bəzi hallarda beynəlxalq qərarları saatlar ərzində icra edən bu güclər, Qarabağ məsələsində icranı mümkünsüz hala gətirmək üçün hər cür diplomatik manipulyasiyadan istifadə etdilər. Prezident İlham Əliyev bu həqiqətləri ən yüksək kürsülərdən dəfələrlə səsləndirərək, Minsk qrupunun ikili standartlarını ifşa etdi və onların birtərəfli yanaşmasını sərt tənqid atəşinə tutdu".

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov Modern.az-a açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, həmsədrlərin və xüsusi nümayəndə Anji Kasprşikin 30 illik fəaliyyəti real nəticədən çox, "diplomatik turizm"i xatırladırdı:

"Bakı, İrəvan və Xankəndi arasında bahalı villalarda kirayə qalan, yüksək maaş və imtiyazlardan zövq alan bu şəxslər üçün münaqişənin davam etməsi şəxsi rifah mənbəyinə çevrilmişdi. Onların gözü qarşısında şəhərlərimiz yerlə-yeksan edilir, mədəni irsimiz məhv edilir və sərvətlərimiz talan olunurdu. Lakin həmsədrlər bütün bu vəhşiliyə, həmçinin qanunsuz məskunlaşmaya göz yumaraq, işğalçını cəsarətləndirirdilər. Minsk qrupu illər boyu bir tezisi dünya birliyinin beyninə yeridirdi: "Bu münaqişənin hərbi həlli yoxdur".

K.Bayramovun sözlərinə görə, onlar reallıq hissini o dərəcədə itirmişdilər ki, hətta "Şimali Qarabağ" kimi uydurma terminləri ortaya ataraq, Azərbaycanın öz ərazilərindən imtina etməsini hədəfləyirdilər:

"Onların təklif etdiyi kompromis, əslində Azərbaycan xalqı üçün mənəvi və siyasi kapitulyasiya demək idi. Lakin 2020-ci ildə Azərbaycan ordusu bu mifi darmadağın etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı 44 günlük müharibə ilə həm düşməni diz çökdürdü, həm də BMT-nin kağız üzərində qalan qətnamələrini özü icra etdi. Müharibədən sonra Bakıya gələn həmsədrlərə dövlət başçımızın verdiyi cavab isə bu qurumun tabutuna çaxılan son mismar oldu: "Biz sizi dəvət etməmişik, sizə heç bir ehtiyacımız yoxdur. 

Bu gün ATƏT-in Minsk qrupu diplomatiya tarixində utanc simvolu, riyakarlıq və müstəmləkə təfəkkürünün nümunəsi kimi qalacaq. Azərbaycan öz qələbəsi ilə bu lazımsız strukturu tarixin zibilliyinə gömdü və dünyaya göstərdi ki, əsl ədalət kağız üzərində deyil, güclü iradə və dəmir yumruqla bərpa olunur".

Deputat diqqətə çatdırıb ki, tarixi təhlillər və mövcud siyasi mənzərə bir həqiqəti ortaya qoyur: Ermənistanın heç vaxt müstəqil dövlətçilik ənənəsi olmayıb:

"Bu subyekt tarix boyu öz varlığını qorumaq üçün deyil, başqalarının maraqlarına xidmət etmək üçün "ağa" axtarışında olub. Dövlətçilik təfəkküründən məhrum olan bu ölkə həmişə bir güclü himayədarın kölgəsinə sığınıb, öz təxribatçı əməllərini həmin kölgənin altından törədib. Uzun illər Rusiyanın Cənubi Qafqazdakı "forpostu" rolunu böyük məmnuniyyətlə icra edən Ermənistan, bu gün xəyanət yolu ilə özünə yeni sahib tapdığını düşünür. İndi bu rolun "baş ifaçısı" Fransadır. Rəsmi Parisin Ermənistana göstərdiyi qondarma "qardaşlıq" sevgisinin arxasında heç bir humanitar dəyər dayanmır. Bu, sadəcə olaraq Fransanın Qafqazda öz təsir dairəsini qurmaq üçün Ermənistandan bir alət kimi istifadə etmək cəhdidir. Fransa bu gün dünya miqyasında müstəmləkəçi təfəkkürün son qalası kimi çıxış edir. BMT-nin neokolonializmlə bağlı son hesabatları və Bakı Təşəbbüs Qrupunun (BTQ) mütəmadi bəyanatları Fransanın maskasını yırtaraq, onun hələ də Afrika və Okeaniyada xalqların azadlığını necə boğduğunu, sərvətlərini necə taladığını faktlarla sübut edir. Öz müstəmləkələrində insan haqlarını tapdalayan, yerli xalqların öz müqəddəratını təyin etmə hüququna qarşı çıxan Fransanın Cənubi Qafqaza "demokratiya" və "sülh" vəd etməsi siyasi riyakarlığın zirvəsidir. Ermənistan isə bu çirkin oyunda Fransanın neokolonialist ambisiyalarını bölgəyə daşıyan bir plasdarma çevrilib".

K.Bayramov əlavə edib ki, Ermənistandakı revanşist qüvvələr və onların xarici himayədarları Azərbaycanın səbrinin sonsuz olmadığını anlamalıdırlar:

"Əgər Ermənistanda revanşist ideyalar yenidən hakimiyyətə gələrsə, ölkəmizə qarşı yeni ərazi iddiaları və təxribatlar səslənərsə, Azərbaycan bütün zəruri tədbirləri görəcəkdir. Azərbaycan istənilən təhdidə qarşı ən qəti önləyici addımları atmağa və düşməni yerindəcə susdurmağa hər an hazırdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?