Bakıdakı apteklərdə satılan dərmanların keyfiyyətinə birmənalı münasibət yoxdur. Bəziləri düşünür ki, baha qiymətə alınan dərmanlar bir sıra hallarda sağlamlığa kömək əvəzinə əlavə problemlər yaradır.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az saytına bildirib ki, ölkədə satılan dərmanların keyfiyyətsiz olması fikri ilə razı deyil. Onun sözlərinə görə, satışdakı dərmanların keyfiyyətsiz olması iddialarını 4-5 il əvvəl səsləndirməyə müəyyən əsaslar var idi. Çünki əvəllər ölkədə dərman satışı qanunla tam tənzimlənmədiyindən qeydiyatsız dərmanların sayı olub.
“Satışa təxminən 5 minə qədər dərman preparatı çıxarılmışdısa, onların yarısı rəsmi qeydiyatdan keçmişdi. Qalanlar nəzarətsiz idi”.
M.Quliyevin sözlərinə görə, “Dərman vasitələri haqqında” qanunun qəbulundan sonra sözügedən problemlər öz həllini tapıb. Millət vəkili deyib ki, bu gün ölkədə dövrüyədə olan təxminən 4 minə yaxın dərman vasitəsinin hamısı dövlət qeydiyatından keçib.
“Ola bilər ki, tək-tək adamlar az miqdarda qeydiyyatdan keçməmiş dərmanları gətirərək, qeyri-leqal yolla satsın. Amma qeydiyyatda olan dərmanların keyfiyyətinə bir neçə mərhələdə nəzarət olunur. Ölkəyə gətirilən dərmanlar qeydiyyatdan keçiriləndə Səhiyyə Nazirliyinin laboratoriyasında 6 ay ərzində sınaqdan keçirilir, müxtəlif ölkələrdə həmin dərmanların işləmələrinin nəticəsi öyrənilir və bundan sonra dərmanlar qeydiyyata alınır”.
M.Quliyevin sözlərinə görə, ölkəyə gətirilən dərmanların hər partiyası mütləq yoxlanılır, sonra satışına icazə verilir. Buna görə də ölkədə qeydiyyatdan keçərək satılan dərmanların keyfiyyətsizlindən sözhbət gedə bilməz.
“Düşünürəm ki, bu sahədə Səhiyyə Nazirliyi də doğru mövqe seçib. Yəni ölkəyə Avropadan gətirilən dərmanların məşhur və böyük firmaların istehsal etdiyi preparatlar olması tələb olunur. Əvvəl Pakistan, Hindistan, Çin, Rusiyanın əyalətlərindəki zavodlardan çox sayda dərmanlar gətirilirdi. Bu dərmanların keyfiyyətinə zəmanət vermək olmurdu, çünki onların çoxu kustar üsulla hazırlanan dərmanlar idi”.
M.Quliyevin sözlərinə görə bu sahədə olan əsas problem dərmanların baha qiymətə satılmasıdır.
Millət vəkili deyir ki, 2-3 il bundan əvvəl ölkədə satılan dərmanlar indikindən ən azı 20% ucuz idi. M.Quliyevin sözlərinə görə, qiymətlərin bahalığının əsas səbəbi ölkəyə gətirilən dərman vasitələrinin Avropa ölkələrinin əsasən məşhur firmaların istehsalı olmasıdır.
“Düşünürəm ki, ölkədə dərmanların keyfiyyətsizliyindən yox, onların bahalığından danışmaq olar. Bu məsələni Milli Məclisdə büdcə müzakirəsi zamanı qaldırdım. Mənə elə gəlir ki, dərmanları əlavə dəyər vergisindən azad etməklə məsləni həll etmək olar. Düzdür, vaxtilə cənab prezidentin sərəncamı olub və bu sərəncama uyğun olaraq Nazirlər Kabineti qərar qəbul edib. Bu qərara görə, ölkəyə idxal olunan dərmanlar əlavə dəyər vergisindən azaddır. Amma bu niyəsə sadəcə topdansatış müəssisələrinə tətbiq edilib, pərakəndə satış müəssisələrinə - apteklərə isə tətbiq edilməyib. Mənə elə gəlir ki, ölkəyə idxal olunan dərman vasitələrinə əlavə dəyər vergisi tamamilə aradan götürülməlidir. Yaxud da heç olamasa, bu verginin miqdarı 18 %-dən 9 %-ə endirilməlidir”.
M.Quliyevin sözlərinə görə, hazırda əlavə dəyər vergisinin mahiyyəti xəstə vətəndaş hesabına büdcəini doldurmaqdan ibarətdir. Millət vəkilinə görə, bəzən apteklər, firmalar dərmanın qiymətini 2-3 dəfə bahalaşdırırlar.
“Ölkədə dərman istehsalını stimullaşdırmaq lazımdır. Bu gün Azərbaycan kiçik bir ölkə deyil, istehsal gücümüz, elmi potensialımız da imkan verir ki, öz dərman zavodlarımızı quraq. Yaxın ölkələrdən idxal olunan dərmanların çoxunu özümüz istehsal edə bilərik. Bu da ucuzlaşmaya və keyfiyyətə müsbət təsir göstərəcək”.
Tibb elmləri doktoru Adil Qeybulla deyir ki, apteklərdə Azərbaycan ərazisində qeydiyyaytdan keçmiş, Səhiyyə Nazirliyinin müvafiq laboratoriyalarından keçərək sertifigat almış dərmanlar satılır. Onun sözlərinə görə, bu dərmanların məsuliyyəti birbaşa laboratoriyanın üzərindədir. A.Qeybulla eyni zamanda deyib ki, ayrı-ayrı vaxtlarda müəyyən dərmanların istifadəsinə qadağa qoyularaq sıradan çıxarılır.
“Dərmandan istifadə zamanı onun əlavə təsirləri, keyfiyyətsizliyi, başqa problemlər üzə çıxanda Səhiyyi Nazirliyi də müvafiq qərarlar qəbul edir. Mən hesab edirəm ki, bu məsələlərin həlli üçün Azərbaycanda dərman vasitələrinin dövlət reystri və dövlət farmokopiyası yaradılmalıdır. Eyni zamanda, ölkə ərzisində istifadə olunmasına icazə verilən dərmanların hamısı orada təsbit olunmalıdır. Və bunlar dünyada tanınmış, Ümümdünya Səhiyyə Təşkilatının reystrinə daxil edilmiş dərman məhsulları olmaldır. Çünki dərmanlarla bağlı təhlükəsizlik konsepsiyası milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir”.
Ölkədə satılan dərmanların qiymətinin baha olmasına gəlincə, A.Qeybulla bildirib ki, onlar istehsalçı ölkələrdə də baha satılır.
“Dünya bazarında keyfiyyətli dərmanlar doğurdan da bahadır. Məsələn, Almaniyanın daxili bazarından alınmış dərmanlar var, bunların bəziləri “Alman apteki” adlı aptekdə satılır. Orada satılan dərmanlar adi analoqlarından xeyli bahadır”.
A.Qeybulla bildirib ki, ölkə bazarında satılan dərmanların qiymətinə əlavə dəyər vergisi də təsir edir. “Dərmanların qiymətini əhalinin cibinə görə yox, onun keyfiyyətinə görə düşünməliyik. Qaldı əhalinin o dərmanları almaq qabiliyyətinə, bunu üçün siğorta təbabəti və digər üsülları tətbiq etmək lazımdır”.
Sədaqət SÜLEYMANOVA