Azərbaycan siyasətinin və səhnəsinin canlı əfsanəsi, müsiqi dünyasının kraliçası, korifey sənətkar, millət vəkili, Azərbaycanın (SSRİ) Xalq artisti, “Şöhrət” ordenli Zeynəb xanım Xanlarovanın cəmi 4 gün sonra – 28 dekabr tarixində növbəti döğum günü - yubileyidir. Dəfələrlə bəzi yazılarımda da qeyd etdiym kimi , hər bir insan övladının bu həyatda onun üçün əlamətdar olan doğum gününü, yubileyini qeyd etməsi onun özəl haqqıdır və bu haqqı da heç kəs, heç bir qüvvə onun əlindən ( təkcə Böyük Yaradandan başqa) ala bilməz. Ancaq həyatda elə insanlar da var ki, onlar öz doğum günlərini, yubileylərini qeyd etməyi xüsusilə,haqq edirlər. Özü də nəinki təkcə özləri və yaxın ətraflarının iştirakı ilə, hətta, daha geniş miqyasda, dövlət səviyyəsində belə qeyd etməyi, xatırlanmağı, təbriklər almağı haqq edirlər. Belə insanlardan biri də- deyərdim ki, birincilərindən- məhz təkrarsız, bənzərsiz sənətkarımız, xalqımızın parlamentdəki layiqli təmsilçisi Zeynəb xanım Xanlarovadır...
Bu, mənim şəxsi fikrimdir, əgər Azərbaycanın son 10-11 əsrdəki böyük insanlarını, tarixi şəxsiyyətlərini müəyyənləşdirməli olsaq , Zeynəb xanım bu siyahıda, bu cərgədə ön yerdə gedənlərdən biri ola bilər və yaxud, olmalıdır, olacaq. Hətta,daha irəli gedərək deyərdim ki, bu siyahıda ilk onluqda, iyirmilikdə- Nizami, Füzuli, Mirzə Cəlil, Sabir, Üzeyir bəy, Məmməd Əmin Rəsilzadə, Bəxtiyar Vahabzadə, Ziya Bünyadov kimi böyük öndərlərimizlə bir cərgədə addımlamağa layiqdir. Çünki bunu bu xanım ömrünu həsr etdiy, günlərini verdiyi 50-60 illik fəaliyyəti, xalqına, dövlətinə təmənnasız xidməti, sonsuz məhəbbəti , onun adını hələ ötən əsrin 70-ci illərində - Azərbaycanın adından, harada yerləşməsindən belə xəbəri olmayanların yanında- ucalara qaldırması, dünya səhnələrini fəth etməsi ilə haqq edir və edib. Bəziləri indi bu fikirlərimlə bəlkə də razılaşmaya, bunları Zeynəb xanıma olan tükənməz insani məhəbbətimlə, ehtiramımla əlaqələndirə bilər, amma tam səmimi deyirəm ki, bunlar əsl həqiqətdən və reallıqdan doğan məqamlardır...
Bu xanım istər səhnədə-musiqi dünyasında, istər siyasi-parlament , istərsə də ictimai fəaliyyətində hər zaman sözün əsl və həqiqi mənasında fırtına qoparıb, olay yaradıb, hadisəyə çervrilib. Özünün fenomenliyini, təkrarsızlığını, bənzərsizliyini, eləcə də böyüklüyünü, ucalığını hamıya və hər kəsə nümayiş etdirib. Bu xanım istər xalq mahnılarının - bənzərsiz muğamlarımızın -, istər müasir-bəstəkar mahnılarının, istərsə də nisbətən müasir-estrada mahnılarının ifası sahəsində, ifaçılığında öz möhürünü vurub. Azərbaycanda belə bir geniş və hərtərəfli ifaçılıq, yaradıcılıq məharətinə malik olan bir-iki sənətkar tapmaq olar, ya, yox, amma Zeynəb xanım burada yenə də əsl qalibdir, liderdir, təkrarı olmayacaq sənət fədaisidir. İnanmıram ki, bundan 100-200 ildən sonra da Zeynəb xanıma çatacaq bir sənətkar olsun.
Bu xanım musiqi dünyasına, səhnəyə sözün əsl mənasında azadlıq, demokratiya gətirib. Ötən əsrin 70-80-ci illərinə kimi mövcud olan, çərçivəyə salınmış, buxovlanmış sənətkar, ifaçı obrazını məhz o, dəyişməyə nail olub. Səhnədəki hərəkətləri , maneraları ilə sovet ideologiyasının formalaşdırdığı və ya formalaşdırmağa çalışdığı sənətkar obrazını əsl sənətkar obrazı ilə əvəz etməyi yalnız o, bacarıb. Dövründə- 60-80-ci illəri nəzərdə tuturam- nəinki xanım muğam ifaçılarının, hətta, bəzi kişi xanəndələrin belə oxumağa cəsarət etmədiyi muğamlarımızın şahı olan “Çahargah” muğamını məhz o, ifa edib. Yəni, Azərbaycan musiqi tarixinə ən çətin muğam olan “Çahargah”ın ilk xanım ifaçısı kimi düşüb və bu yerdə də hələ ki, onun yaxınlığına çatan iiknci bir xanım xanəndə yoxdur.
Opera səhnəmizin şah əsəri olan və hələ də liderliyi əldən verməyən “Leyli və Məcnun” operasında Leyli rolunun ən uğurlu və ən parlaq ifaçısı da məhz o, olub. İnsanlardan, opera sənəti pərəstişkarlarından, musiqi bilicilərindən hər zaman soruşanda, Leyli obrazının iki-üç ən parlaq ifaçısı arasında ilk çəkilən məhz onun adı olur (bir də mərhum sənətkarımız Rübabə Muradova ən gözəl “Leyli” obrazının ifaçısı kimi yaddadşlarda daha çox qalıb).
Zeynəb xanım yuxarıda da qeyd etdyim kimi, hansı janrda oxuyursa, ifa edirsə, ona öz möhrünü vurub və vurur. Elə iki-üç il öncə Heydər Əliyev adına Respublika Sarayında verdiyi və heç zaman yaddaşlardan silinməyəcək sonuncu - hələlik - solo konserti bu xanımın bir daha necə böyük və əlcatmaz bir zirvə, korifey sənətkar olduğunu göstərdi. Bu, heç də hər bir səınətkara nəsib olmayan və olmayacaq bir xoşbəxtlik, ilahi vergisidir,ətasıdır. Bu gün - içlərində, hətta, tanınmış bəstəkarların belə diringi mahnılarının -, zövqsüz, şit, bayağı, insanı insanlııqdan çıxaran mahnıların, müsiqilərin baş alıb getdiyi bir zamanda, hər şeyə rəgmən yenə də Zeynəb xanımın hələ neçə illər bundan əvvəllər ifa etdiyi bəstəkar mahnıları dillər əzbəridir. İnsan bu mahnılardan doya bilmir. Özü də burada ən əsas məqam odur ki , bu əvəzsiz mahnıların böyük əksəriyyəti məhz onun özünə aidddir, onların bəstəçisi məhz özüdür...
Bəzən ,hətta, xətrini istədiyim insanlar, həmkarlarım Zeynəb xanımı böyük sənəıtkar kimi qəbul etdiklərini bildirsələr də, onu siyasətçi, parlamentari kimi qəbul etməkdə çətinlik çəkdiklərini iddia edirlər. Amma mən o insanlarla nə dünən razılaşmışam, nə bu gün razılaşıram, nə də gələcəkdə razılaşmaq fikrindəyəm. Əsl siyasətçi və ya parlamentari olmaq heç də bütün günü siyasi tədbirlərdə-parlamentdə çıxış etmək, medianı , televiziya efirlərini gecə- gündüz “ işğal” etmək deyil. Heç əsl siyasətçi və ya parlamentari yalandan özünə təmkin vermək, özünü təmkinli , ağıllı göstərmək, “ağır oturub-batman gəlmək” də deyil. Əsl siyasətci və ya parlamentari xalqa və dövlətə lazım olan məqamda öz sözünü demək, öz birmənalı mövqeyini ortaya qoymaq-anlaşıqlı və peşəkar səviyyədə- bacarığı, istedadır. Zeynəb xanım da aktiv siyasətdə, 25 ilə yaxın parlamentdə olduğu dövrdə - üzü Xalq Hərakatından, qanlı və şanlı 20 Yanvardan bu yana bütün dönəmlərdə və situasiyalarda öz sözünü demiş, öz mövqeyini ortaya qoymuş bir insan, şəxsiyyətdir. Zeynəb xanım parlamentdə az danışan, ancaq danışanda da hər kəsin ürəyindən olan, hər şeyi belə demək mümkünsə, kökündən baltalayan bir xanım- siyasətci, xanım-parlamentari, əsl millətin vəkilidir. Məhəmməd Əmin Rəsulzadənin adını çəkmək bir qədər çətin olduğu indiki reallığımızda, hətta, vaxtı ilə onun adından geninə-boluna istifadə edib xal qazananların belə indi onun adını ağızlarına almaqdan ehtiyatlandığı bir məqamda məhz Zeynəb xanım “bizə Hacıbalanın fontanları lazım deyil, xalq acqarnına fontanları neyləyir, bizə Rəsulzadənin (eləcə də Şəhriyarın) heykələləri lazimdır”- deyə parlament tribunasından gur səslə səsləndi. Düzdür, o zaman bəzi gülməşəkər müxalifətçilər və müxalifət qəzetləri Zeynəb xanımın bu addımının, çıxışının məqsədli, sifarişlı, icazəli olduğunu iddia etdilər, ağızlarına gələnləri düzüb-qoşdular, amma bunun üstündən cox az müddət keçəndən sonra Zeynəb xanım bu məsələni parlamentin Mədəniyyət komitəsinin iclasında çox kəskin şəkildə qaldırdı. Özü də Rəsulzadəyə nəinki heykəl qoyulmasını, hətta, onun nəşinin, qəbrinin ( eləcə də Füzulinin) qardaş Türkiyədən öz doğma vətəninə gətirilməsini tələb etdi və bir daha onun mövqeyinə şübhə ilə yanaşanların tam yanıldıqlarını öz böyüklüyü ilə mədəni şəkildə üzlərinə vurmuş oldu. Amma bu dəfə həmin müxalifətcilər və müxalifət qəzetləri susmağa, özlərini heç nə olmamış kimi göstərməyə çalışdılar, bu çıxışı qəzetlərinin arxa səhifələrindən birində- küncdə yerləşdirdilər... Bütün bunlar onu göstərir ki, ”Zeynəb xanım böyük sənətkardılr, amma siyasət, parlament onun yeri deyil” kimi fikirlər, iddialar səfsəfədən başqa bir şey deyil. Zeynəb xanım hər zaman nəyi harada nə cür nə necə deməyi məharətlə bacaran əsl siyasətçilərdən , parlamentarilərdən biri və birincilərindəndir. Əslində Zeynəb xanım özü başdan-ayağa əsl siyasət məktəbidir, bəziləri gəlib həmin məktəbdən öyrənsələr, həm özlərinə, həm də elə xalqımıza xeyirləri dəymiş olar...
Zeynəb xanım elə bir Şəxsiyyət, elə bir Zirvədir ki, onun haqqında günlərlə yazsan, cild-cild kitablar ortaya qoysan belə, yenə bəs etməz. Odur ki, fikirlərimi yekunlaşdıraqraq qeyd etmək istəyirəm ki, bu gün Zeynəb xanımın əslində heç kimə və heç nəyə ehtiyacı yoxdur, sadəcə və sadəcə, bizlərin- Azərbaycan dövlətinin və insanlarının , millətimizin, o cümlədən, siyasətimizin, səhnəmizin,parlamentimizin ona ehtiyacı var. Bizlər hər zaman bu xanımın qədrini-qiymətini bilməli, onunla fəxr etməli, qürur hissi keçirməliyik.
Əzizimiz Zeynəb xanım ,Sizi bir daha qarşıdan gələn əlamətdar doğum gününuz-yubileyiniz münasibəti ilə təbrik edir, sizə cansağlığı, ictimai-siyasi-mədəni fəaliyyətinzdə sonsuz uğurlar, şəxsi həyatınızda daim sədət dolu günlər arzulayılram. Allah-təala Sizi bizlərə- Azərbaycan insanına, Azərbaycan türklərinə və Türk dünyasına çox görməsin. Amin!