Heybət Əmrah
Bir gün çayxanada baş verən polemika məni o qədər cəlb etdi ki, “prosesi” nə vaxt kameraya çəkməyə başladığımı belə hiss etmədim. Hər kəsin söhbətə başı elə qarışmışdı ki, əlimdəki kameranı heç kim görmürdü. Dostum aranı qızışdırırdı. Siyasi söhbətdə vəzifə adamları özlərini unudub hakimiyyəti “yıxıb-sürüyürdülər”. “Çəkilişdən” sonra videoyazıya birlikdə baxdıq. “Əməliyyat” pis alınmamışdı. Dostum təklif etdi ki, bunu Facebook-da yerləşdirək. Mən imtina etdim. Dərhal bütün çəkdiklərimi sildim.
Şantaj biriləri üçün asan pul qazanmaq yoludur. Bəzi üzdəniraq jurnalistlər bundan gen-bol istifadə edir. Mətbuat Şurası onların adını “reket jurnalist” qoyub və guya onlara qarşı mübarizə aparılır. Yəni, hansısa mətbu nəşrin adını öz “qara siyahı”larına salmaqla böyük mücadilə yapdıqlarını güman edirlər...
Quba hadisələri zamanı jurnalistlər şantaja məruz qalarkən, nədənsə, qeyd olunan qurumun səsi çıxmadı. Hüquq mühafizəçiləri əvvəlcə hadisələr zamanı çəkiliş aparan jurnalistləri çağıraraq onların çəkdikləri görüntülərlə maraqlandı. Sonra isə bir neçəsini həbs etdi. Qubada fəaliyyət göstərən “Xəyal TV”-nin baş direktoru Zaur Quliyevin vəkili Səfər Hüseynov “Amerikanın Səsi” radiosuna bildirib ki, jurnalist barəsində Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb, Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində iki ay həbs-qətimkan tədbiri seçilib.
“Məhkəmədə istintaq tərəfi bildirib ki, guya Quba rayon İcra Hakimiyyəti başçısının çıxışının montajında ardıcıllıq pozulub və çıxışdakı qeyri-etik ifadə aydın hiss edilib. Amma, çıxış icra başçısınındır”.
Yəni, xalqı təhqir edən qalıb kənarda (hətta ona yeni vəzifə də verilir), jurnalist ittiham olunur. Bunu hamı bilir ki, bütün çəkilişlər montaj olunur. Yoxsa, saatlarla davam edən yığıncaqlar olduğu kimi efirlərə verilir? Görəsən vəzifə səlahiyyətlərini icra başçısı aşmışdı, yoxsa jurnalist? Bəlkə, jurnalist başçını məcbur edib ki, sən xalqı təhqir elə, mən də çəkib xalqa göstərim, qoy iğtişaş olsun?
Bir gün Xaçmazın idarə rəhbərlərindən biri mənə müsahibə zamanı bildirdi ki, “reket” jurnalistlərdən biri ondan 400 manat pul tələb etdi. İmtina edəndə onu hədələdi. Haqqında müxtəlif təşkilatlara şikayətlər yazdı. Qəribəsi bu idi ki, Xaçmazın İcra başçısı Şəmsəddin Xanbabayev həmin idarə rəhbərini danlayıb ki, “bəs imkanın yox idimi ki, bir jurnalisti “yola salasan?””.
Siyasi rəqibləri susdurmaq vasitəsi kimi də şantajdan gen-bol istifadə olunur. Türkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal şantaj nəticəsində istefaya getdi. AXCP sədri Əli Kərimliyə qarşı edilən hərəkətlər siyasi liderlərə qarşı edilən şantajlar arasında ən uzunmüddətlisi hesab edilə bilər.
Bəzi jurnalistlər şantajdan informasiya qoparmaq məqsədi üçün istifadə edir. Jurnalist dostlarımdan biri etiraf edir ki, bəzən səlahiyyətli adamlardan informasiyaları şantaj yolu ilə alır.
“İnformasiya verməkdən imtina edən vəzifə sahiblərinin əməllərini konkret faktlarla üzlərinə deyirəm. Kabinetində mənə qapını göstərən məmur mum kimi yumşalır”, – jurnalist dostum deyir.
Dostum iddia edir ki, bir müstəntiqi onun arvadı ilə şantaj edib. Sən demə, bu adamın arvadı mamarozalıq edirmiş. Kim zəmanət verər ki, belələri dövlət maraqlarını düşmən kəşfiyyatına satmaz? İndi aydın olurmu ki, məmurların rüşvətxorluğu, korrupsiyaya, başqa çirkin əməlllərə bulaşması dövlət üçün nə qədər təhlükəlidir?
“Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid və direktoru Azər Əhmədovun, “Azadlıq” radiosunun əməkdaşı, əsasən Azərbaycan hakimiyyətinə qarşı kəskin məqalələri ilə tanınan Xədicə İsmayılovanın başına gələnlər hər şeyə rəğmən, şantaja qarşı mərdi-mərdana dirənən jurnalistlərimizin də olduğunu sübut edir. Öz mövqeyini, prinsiplərini hər şeydən, hətta öz şəxsi karyerasından, nüfuzundan üstün tutan jurnalistlərimiz əslində cəmiyyətə əxlaq dərsi keçdilər.