Modern.az

Postkorona erası və yeni dünya nizamı

Postkorona erası və yeni dünya nizamı

Aktual

11 Aprel 2020, 22:34

Koronavirus pandemiyası bu gün bütün dünyanın diqqət mərkəzində olan, ən çox danışılan, müzakirə edilən və həlli yolları axtarılan bir nömrəli problemdir. Ən azı II Dünya müharibəsindən sonra heç vaxt dünya ictimaiyyətinin diqqəti indiki qədər kütləvi və sinxron şəkildə eyni məsələyə fokuslanmamışdı.

Bu gün dünyanın harasında olursa-olsun, insanların təqribən eyni məhdudiyyətləri yaşadığını, eyni qorxunu paylaşdığını, eyni hisslər keçirdiyini və eyni sual haqqında düşündüyünü təxmin etmək o qədər də çətin deyil. Sual isə belədir: koronavirus nədir və nə zaman bitəcək? Çoxları bu sualın cavabını həkimlərdən, digər bir qrup psixoloq və epidemioloqlardan, hətta bəzən din adamlarından və nəhayət siyasətçilərdən gözləyirlər. Ancaq cavab heç də asan və birmənalı deyil, təkbaşına bu sualın cavabını verəcək heç bir peşə sahibi, yaxud din xadimi və ya dövlət başçısı  yoxdur. Bu sualın cavabını biz verəcəyik! Ancaq geniş mənada biz, yəni insanlar! Hamımız birlikdə - ən çox da siyasətçilər və dünya nizamını quranlar, yaradanlar və onu idarə edənlər.

Elə istəyirsiniz, sualımıza cavab axtarışları sırasında ilk növbədə dünya nizamından başlayaq. Çünki əsas cavab burada gizli ola bilər, ya da biz bu hadisəni daha çox yeni dünya nizamı  kontekstində ələ almağa çalışdığımız üçün. Beləliklə, hazırki dünya nizamı II Dünya müharibəsindən sonra formalaşan nizam hesab edilir. Bugünkü beynəlxaq təşkilatlar da, müasir dövlətlər də, beynəlxalq hüquq və qlobal dəyərlər də, əsas etibarilə, elə II Dünya müharibəsindən sonra formalaşdı. Şübhəsiz ki, "formalaşdı" dediyimiz zaman biz bunun öz-özünə formalaşdığını yox, müharibə qaliblərinin siyasi iradəsi və  maraqları çərçivəsində formalaşdırıldığını nəzərdə tutmalıyıq. 1945-ci ildən 1991-ci ilə qədər mövcud olan dünya nizamı elmi – empirik mənada "bipolyar", yəni ikiqütblü dünya nizamı hesab edilirdi. Qütblərin biri kapitalist, digəri isə sosialist sistem idi. Ancaq 1991-ci ildə SSRİ və Varşava paktının ləğvi yeni dünya nizamına keçidi yaratdı və bu nizam "postbipolyar" nizam adlandırılmağa başlandı. Bu dövr isə 2001-ci ilə qədər davam etdi. 2001-ci ildən 2014 – cü ilə qədər olan dövrü isə şərti olaraq, "monopolyar", yəni təkqütblü dünya nizamı adlandıraq və dərhal yenidən 2014–cü ilə qayıdaraq ondan sonrakı son altı ili xarakterizə edək. Bu dövrü isə  "multipolyar", yəni çoxütblü dünya nizamı dövrü kimi səciyyələndirək. Nə üçün belə bölgü apardığımızı dərhal izah edərək  mövzumuza qayıtmaq istəyirəm. Ona görə də qısaca olaraq bu  kritik tarixlərin açıqlamasını vermək lazımdır. 1991 və 2001-ci illər ikiqütblü nizamdan sonrakı bir növ tərəddüdlər dövrüdür, ya da yeni nizama hazırlıq mərhələsidir. 2001–ci il 11 sentyabr "Ekiz Qüllələr"ə qarşı törədilən terrordan sonra dünyada ABŞ-ın elan etdiyi antiterror koalisiyası dövrüdür və bu dövrü  "monopolyar", yəni ABŞ-ın təkbaşına hakimiyyəti və yaxud dünya nizamını diktə etdiyi dövr kimi səciyyələndirmək mümkündür. 2011-ci ildən sonra Yaxın Şərq,  Şimali Afrika və Suriya müharibəsinə Rusiya, Fransa (Liviyaya Fransanın aktiv müdaxiləsi), Çin və Türkiyənin müstəqil müdaxiləsi dövrü isə çoxqütblü nizam kimi qəbul edilə bilər. Əslində, tam formalaşmamış, hələlik uzlaşma və formalaşma dövrünü yaşayan bu yeni nizam indi hazırda müşahidə etdiyimiz dünya nizamıdır və bu nizam kimlərinsə əsla marağında deyil. Deməli, təşəbbüsü ələ alıb yeni bir eranı başlatmaq və dünyanı yenidən hegemon iradəyə tabe  etmək lazımdır... Və KORONAVİRUS! Biz artıq xeyli vaxtdır ki, müharibələrdən, hətta III Dünya müharibəsindən, dördüncü sənaye inqilabından, qlobal dövlətdən, hibrid müharibələrdən, hətta informasiya müharibələrindən danışırıq. Ancaq ən az və  ən alçaq səslə nədənsə bioloji, yaxud səssiz (qida və tibbi-bioloji müharibələr nəzərdə tutulur) müharibələrdən danışırıq. Nəhayət, KORONAVİRUSDAN sonra, yəqin ki, yavaş –yavaş ən çox bu müharibədən danışmağa  başlayacağıq, ya da artıq danışırıq!

Əvvəla onu qeyd etmək lazımdır ki, vərdiş etdiyimiz ənənəvi dünya nizamı və bu nizamı qorumalı olan beynəlxalq və regional təşkilatlar, o cümlədən hegemon milli aktorlar qlobal proseslərdə  get –gedə öz funksionallıqlarını  və siyasi avtoritetlərini itirməyə başlamışdılar. Siyasət artıq xüsusi sənət deyil, az qala, qarşılıqlı şantaj vasitəsinə çevrilmişdi. Beynəlxalq hüquq, qlobal dəyərlər, insan hüquqları, demokratiya, humanizm kimi məsələlər elə bir vəziyyətə düşmüşdü ki, artıq hamı bunları universal dəyər kimi deyil, qlobal imperializmin öz maraqlarını qorumaq üçün istifadə etdiyi yumşaq güc, ya da elə qaba silah kimi görməyə başlamışdı. Artıq dünya hansısa hegemon dövlətin təbliğat vasitəsi olan məşhur filmlərdən daha çox Suriya savaşında bu filmlərdəki döyüş epizodlarından daha maraqlı olan real döyüş səhnələrini izləyir və real qəhrəmanlara rəğbət bəsləyirdi. Hərbi-siyasi qədəri böyük, güclü qırıcı təyyarələr, nüvə silahı təhdidi yox, kiçik dronlar həll edirdi. Beləliklə, Qlobal dövlət, yaxud qlobal imperializmin maraqları  önündə yeni sipərlər yaranırdı. Avropada avrosentristlərin (Roma – German ittifaqı, yaxud Almaniya – Fransa  tandemi ) səsi daha ucadan gəlir, hətta "sarı jiletlilər"ə qarşı mübarizə aparmaqda çətinlik çəkən bir ölkədə Avropanın işğaldan azad edilməsindən danışılırdı, "NATO beyin ölümü keçirib" deyilirdi. Bu arada, Britaniya- Şimali Atlantika bloku anqlo-sakson-yəhudi ittifaqı kimi möhkəmlənir, hətta dini müstəvidə evangelizmi ideoloji birliyə çevirir, "Brexit"ə imza atırdı. Vaxtaşırı BMT-də islahatların aparılması zərurəti dilə gətirilir, qlobal siyasət qlobal səviyyədə milli dövlətləri dağıdan və millətlərin varidatını talayan mexanizmə çevrilir, xalqlar lidersizləşdirilir, dövlətsizləşdirilir, idarəolunan xaos zülmünə düçar edilir, bu proses Yaxın Şərq və Şimali Afrikadan Qərbə doğru istiqamətlənirdi. Ən mühüm məsələlərdən biri isə Balkanlardan sonra Yaxın Şərqdə yeni demoqrafik mühəndislik əsasında yeni milli-etnik, ya da yeni etnosiyasi və  yaxud məzhəbə əsaslanan subideoloji coğrafiyalar dizayn edilirdi. Nəticədə ilkin orta əsrlərdə baş verən böyük xalqlar köçünün kiçik versiyası ortaya çıxırdı. Böyük xalqlar köçü Roma dövrünə son qoymuşdu. Bəs  yuxarıda sadaladığımız çoxsaylı səbəblər və  "kiçik" miqrasiya nələrə gətirib çıxaracaqdı?! Bütün bunların fonunda koronovirus pandemiyasının ortaya çıxması və bütün qlobal siyasi, sosial və iqtisadi prosesləri birdən birə tormozlaması, şübhəsiz ki, bəlkə də, bütün bu sahələrdə yeni bir era yaradacaq hadisələrin başlanğıcı hesab edilə bilər.

Koronavirus bir savaşdırmı?

İmmanuel Makron koronavirusa qarşı mübarizəni  "görünməyən düşmənlə müharibə" adlandırdı. Bu, hər nə qədər metoforik görünsə də, ifadə tərzi heç də təsadüfən seçilənə oxşamırdı. Çünki bu cümlədə həm qlobal siyasi reallığın obyektiv təsviri, həm də bəzi hegemon güc mərkəzlərinə mesaj ola bilərdi. Yəni "görünməsəniz də, kiminlə müharibə apardığımızı bilirik" mesajı. Detallara girmədən kiçik bir ümumiləşdirmə aparsaq, belə bir nəticə ifadə etmək olar: 2001- ci il 11 sentyabr "Ekiz Qüllələr" terrorundan sonra dünya əvvəlki kimi  olmadığı kimi, koronavirus pandemiyasından sonra da elə əvvəlki kimi olmayacaq. Yəni  koronavirus (COVİD-19) 2011-ci il 11 sentyabr terror hadisəsinin bioloji variantı, bioloji terror kimi də qiymətləndirilə bilər. Bəs 2001 cil il 11 sentyabrdan sonra nə baş verdi?


Qısa xülasə belədir ki, ötən qısa müddət ərzində  alışdığımız və doğmalaşdırdığımız dünya nizamı  köklü şəkildə dəyişdi. 2003- cü ildə Körfəz müharibəsi sürətlə Yaxın Şərqi qlobal terrorun hədəfinə çevirdi, min illik dövlətlər yerlə yeksən edildi, İslam sivilizasiyası  mənəvi – ideoloji və fiziki terror məruz qaldı. İdarəolunan xaos nəzəriyyəsi müsəlman Şərqini və Şimali Afrikanı təcrübə laboratoriyasına çevirdi. Qlobal imperializimin  xaosla idarəetmə mexanizmi empirik əsasda baş tutdu və bu təcrübənin daha geniş ərazilərə yayılması perspektivləri yaratdı. Ancaq  hadisələrin inkişafının onların lehinə olmayacağını başa düşən iki NATO müttəfiqinin fərqli davranışı bu perspektivlərə ciddi zərbə vurdu. Onlardan biri müstəqil şəkildə Liviyanı işğal edib orada öz şərtlərini diktə etməyə başladı və bir qədər sonra dəstək üçün qeyri-NATO dövləti ilə ittifaq qurdu. İkincisi isə artıq perspektiv hədəfdə özünü görərək milli iradəyə söykənən müstəqil qərarlar almaqla  Suriya müharibəsinin gedişində dönüş  yaratdı. Bunlar qlobal imperializmin hesabında olmayan sürprizlər idi. Əslində isə, imperializm bunları əvvəlcədən hesablaya bilmişdi, ancaq yol verilən kiçik xətalar var idi ki, bunlar da həddindən artıq özgüvəndən irəli gəlirdi, arzuolunmayan nəticələrə gətirib çıxarırdı. Baxmayaraq ki, dərhal sonra  "B" planı işə düşdü, "sarı jiletlilər" və "15 Temmuz" hadisələri baş verdi, ancaq bunlar da bir qədər gec olduğu üçün lazımi effekti vermədi. Ona görə də tamamilə yeni müstəvidə, yəni qaba güc dediyimiz hərbi müstəvidə deyil, yumşaq güc dediyimiz səssiz müharibə müstəvisində yeni savaş başladıldı. Bu savaş  da yeni yumşaq güc  vasitələrilə növbəti məğlubiyyətə qədər, ya da növbəti yeni savaş mərhələsinə qədər aktiv şəkildə davam etdiriləcək. 2001-cil  il 11 sentyabrdan sonra qaba güc müstəvisində baş verənlər təqribən 20 il fərqli mərhələ və fərqli fazalarda  davam etdi... Elə  yumşaq güc müstəvisində başlayan müharibə də təqribən bənzər şəkildə uzun müddət davam edə bilər. Ona görə də bəşəriyyət uzunmüddətli yorucu proseslərə hazır olmalıdır. Postkorona erası  yaxında olmaya bilər. Səbrsizliklə gözlədiyimiz yeni era  yaxın perspektivdə sadəcə bu eranın ilkin başlanğıcı ola bilər.


Postkorona erasının gətirə biləcəyi  yeniliklər yeni dünya nizamına nələri vəd edə bilər?


Düşünürəm ki, burada biz artıq qlobal imperializmdən daha çox Qlobal dövlətdən danışmalı olacağıq. Bu nəzəriyyəni bilənlər məsələdən xəbərdardırlar. Bilməyənlər üçünsə  bunu bircə cümlə ilə  vahid, ya da özlərinin dediyi kimi, "üstün siyasi iradə"yə şaquli tabeçilik əsasında bağlı olan tək dövlət kimi izah edə bilərik. Qlobal dövlət indiyə qədər dünya siyasətini müəyyənləşdirən "ali siyasi iradə"ləri vahid  "üstün siyasi iradə"yə tabe edəcək yeni bir sosial-siyasi təsisat kimi düşünülür. Əsilndə, bu günə qədər ali siyasi iradənin siyasətini həyata keçirmək üçün yaradılmış, adları beynəlxalq və regional təşkilatlar olan qurumlar (BMT, ATƏT, Avropa Şurası, NATO və s.) yeni mərhələdə  başqa adlar altında  Qlobal dövlətin struktur vahidi olmaqla daha effektiv və funksional mexanizmə çevriləcəklər. Hazırda qarşıdurma və toquşmaların, ən müxtəlif  hibrid, yaxud səssiz müharibələrin səbəblərindən biri də elə bu hesab edilə bilər. Ancaq heç kəs düşünməsin ki , Qlobal dövlət bütün "vətəndaşlar"ına eyni gözlə baxıb eyni hüququ tanıyacaq. Yox, bu, əsla belə nəzərdə tutulmur. Məqsəd T.Maltusun "demoqrafiya nəzəriyyəs"ində müəyyənləşdirilən kimi düşünülür.

 
Qlobal dövlət və qlobal sosial identifikasiya


Biz pandemiya ilə bərabər bəzən "infodemiya"  ifadəsini də işlədirik. Bunu çox vaxt mücərrəd, yaxud yenə metaforik bir anlayış kimi düşünürük. Əslində isə, əsla belə deyil. "İnfodemiya" sözü və onun ifadə etdiyi məzmun ən azı manipulyasiya (insan şüurunun gizli şəkildə idarə olunması), subliminal mesaj (25-ci kadr sürətilə görüntülü, vizual vasitələrlə şüurlara müxtəlif əmrlərin ötürülməsi)  qədər təhlükəlidir. 2014-cü ildə "İnfoimperializm və Media" adlı monoqrafiyamda manipulyasiya və subliminal mesajların homo sapiensi, "homoinformatikus"a çevirdiyini yazmışdım. Növbəti mərhələnin isə homoinformatikusun  (informasiya ilə idarə olunan insan) "homohibridikus"a çevriləcəyi mərhələ olacağını göstərmişdim. Ancaq homohibridukusun (hibrid insan, yəni insanın düşünməsini təmin edən sinir uclarına inyeksiya edilən xüsusi mikrotexnologiya ilə başqalarıyla əlaqələndirilmiş olması, kollektiv beyin ) bir sonrakı mərhələ olacağı və arada mütləq başqa bir keçid tipin zəruriliyi  tələbi də var idi. İnfodemiya məhz həmin tipi formalaşdırmağa xidmət etməklə bu boşluğu doldura bilər. Yəni infodemiya manipulyasiyanın və subliminal mesajın davamı olaraq yeni qlobal sosial indentifikasiyanı təmin edən strateji vasitə kimi çıxış edə bilər. Əgər biz Qlobal dövlətdən danışırıqsa, onun vətəndaşları olan insanların mütləq ortaq sosial kimliyi, yəni sosial  identifikasiyası da sosial-strateji  şərtdir. Yuxarıda dediyimiz ortaq qorxu, ortaq özünümüdafiə instinkti, ortaq sosial ovqat, ortaq gözlənti və həyacan, yaxud emosiya  və ortaq sosial bənzərlikləri formalaşdıracaq. Bu isə qlobal identifikasiyanı təmin edən mərhələnin başlanğıcı ola bilər. Bu, bir növ qəbilə və tayfaların xalqlaşma və millətləşmə mərhələlərinə bənzəyir. Böyük qorxular , təhlükələr və böyük qəhrəmanlıqlar qəbilə və tayfaları birləşdirərək xalqlara, orta əsrlər intibahı və manufaktura isə kapitalizim   yaratmaqla xalqları millətlərə  çevirdi. Dördüncü sənaye inqilabı, qlobal təhdid və təhlükələr və bəşəriyyəti bu "təhlükə"dən xilas edəcək qəhrəmanlıqlar isə millətləri "qlobaldaşlara" çevirə bilər .

Koronapsixoz və kütləvi depressiyalar mərhələsi



Bu mərhələ yeni eraya keçid mərhələsi kimi də xarakterizə edilə bilər. Artıq rasional düşünməyi bacaran hər kəsə aydındır ki, önümüzdəki uzun sürə biləcək mərhələ sadəcə qeyri-müəyyənliklər, sosial-iqtisadi katakilizmlər mərhələsi deyil, həm də kütləvi psixoz və depressiya mərhələsi olacaq. Ona görə də bu dövrü  koronapsixoz dövrü adlandıra bilərik. Yalnız bu mərhələdən sonra tam mənada yeni eraya adaptasiya dövrü başlaya bilər. 14-cü əsrin əvvəllərində "qara ölüm", yaxud vəba pandemiyasından sonra müasir Avropanın yeni dəyərləri və inkişaf erası başladığı kimi koronavirus pandemiyasından sonra da, şübhəsiz ki, yeni era və yeni dünya nizamı başlaya bilər. Bu, bizim məsələyə sadəcə sosial- siyasi piramidadan baxışımız idi. Ancaq şübhəsiz ki, məsələnin iqtisadi, ekoloji, texniki, tibbi  və s. kimi çox fərqli tərəfləri də var ki, bu barədə də ən müxtəlif fikirlər səsləndirmək və mümkün versiyalar irəli sürmək olar. Hazırda isə hər birimizin ümdə vəzifəsi özümüzü qorumaqla postkorona erasına hazırlaşmaqdır.

Sosial infoterapiya, sosial ovundurma və təskinlik infodemiyası    

"İnfomperializm və Media" adlı monoqrafiyamda işlətdiyim və Əqli Mülkiyyət Agentliyi vasitəsilə lisenziyalaşdırdığım  səkkiz yeni termindən biri də "infoterapiya" idi. Bu termini  sosial şəbəkələr və transmilli media vasitəsilə insanlara xüsusi yüklü informasiya vasitəsilə təskinlik verilməsi, yaxud imperializmin maraqlarına uyğun olaraq onların sosial ovqatının təyin edilməsini ifadə  etmək üçün işlətmişdim. Həmin hadisə koronavirus epidemiyası zamanı da bariz şəkildə qarşımıza çıxır. Diqqət etsəniz, görəcəksiniz ki, bəzi istisnalar olmaqla bütün ölkələrdə koronavirusa  ilk əvvəl həmin ölkələrin  hərbi-siyasi elitası "yoluxur". Bu mövzu tez bir zamanda infodemiyaya çevirilir və geniş kütlələrə çatdırılır. Sonra isə istisnasız olaraq  "koronoelita" sağalır. Bax bu, əsl infoterapiya nümunəsi hesab edilə bilər . Yəni bu informasiya ictimai vicdana müraciət etməklə hərbi-siyasi elitanı ona "məsum" kimi təqdim edir. İctimai rəyi ovudur, ona təskinlik verir. Heç kəsin ağlına gəlmir ki, hansısa hökümət nümayəndəsini koronavirusa qarşı yaxşı mübarizə apara bilməməkdə ittiham etsin. Görünür, bu da informasiya müharibəsinin,  ya da infodemiyanın  "biokorona" müharibəsinə  bir növ dəstəyidir .

Avropa dəyərləri, Marşall Planı və maska "oğurluğu" yeni dünya nizamı kontekstində


II Dünya müharibəsindən sonra ABŞ–ın dövlət katibi Corc Marşall müharibədən çıxmış taqətsiz Avropaya 20 milyard dollarlıq yardım paketi veriləcəyini bildirdi. Bu yardımla başlayan proses ABŞ-ın dünya hegemonluğu ilə başa çatdı.  Nəhayət, qərinələr sonra yalnız indi  Fransanın birinci rəsmi şəxsi "Avropanı işğaldan azad etməliyik",- deyə bildi. Müəyyən səbəblərdən bu mövzunun üzərində də çox dayanmadan hazırki vəziyyətə diqqətinizi çəkmək istəyirəm. Koronavirusdan sonra Avropa hələ də özünə gələ bilməyib. Avropa Birliyi (AB) və Avropa mədəniyyəti adına əllərindən gələn isə  yalnız başqa ölkəyə göndərilən tibbi yardımı və maskaları müsadirə etməkdir. Yüksək çinli məmurlar çarəsizcəsinə AB bayrağını stolun üstündən götürüb onun yerinə  öz milli bayraqlarını dikirlər. Vətəndaşa xidmət borcunu isə "sürü immuniteti" terapiyasında görürlər. Hətta bəzi dövlət başçıları iki yüz min tabut sifariş verərək bunu yüksək səslə  bütün ölkəyə bəyan edir. Belə bir vaxtda isə dünyaya yardım Şərqdən gəlir. Yaxın və Uzaq Şərqdən. Yəni Türkiyədən və Çindən! Əlbəttə, biz bunu "Marşall" yardımı ilə müqayisə etmək istəmirik. Sadəcə faktı diqqətə təqdim edirik. Hadisələrin bu cür inkişafı isə postkorona erasına tamamilə yeni bir prizmadan baxmaq perspektivi yaradır. Burada  qürurla qeyd emək istəyirəm  ki, mənim ölkəm vətəndaşlarını qoruyan və  başqalarına  yardım edənlər sırasındadır. Eyni zamanda, başda qardaş Türkiyə olmaqla bəzi milli dövlətlər artıq "özü-özünə yetərli olmaq" fəlsəfəsi ilə siyasi məntiq qurur və bunu uğurla icra edirlər. Nəticədə bu siyasət ciddi iqtisadi faktora çevrilməklə milli dövlətləri qlobal inteqrasiyadan və onun gətirdiyi milli iradəni güzəştə getmək strategiyasından azad edə bilər ki, bu da Yeni dünya nizamının tamamilə fərqli əsaslarda formalaşmasına  gətirib çıxara bilər. Hazırda tərəddüdlər mərhələsini yaşamaqdayıq və yeni dünya nizamının milli iradələrə söykənən multipolyar, yoxsa üstün siyasi iradəyə söykənən  monopolyar əsaslardamı formalaşacağı barədə dəqiq fikir irəli sürmək bir qədər tezdir. Bunun necə olacağı bir sonrakı mərhələdə qlobal imperializmin və milli aktorların necə davranmalarından asılı olacaq.

 Hikmət BABAOĞLU, Milli Məclisin deputatı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV