Fransanın Baş Naziri Eduard Filip Milli Assambleyada hökumətin təcrid olma rejimindən çıxmasına dair milli strategiyanı təqdim edib. Baş Nazirin çıxışı zamanı Milli Assambleyada siyasi partiyaları təmsil edən 75 deputat iştirak edib.
Modern.az xəbər verir ki, Baş Nazir tərəfindən təqdim olunan milli strategiya ölkənin təcrid olma rejimindən tamamilə çıxmadığını göstərib və deputatların narazılığı ilə qarşılanıb. Hökumətin milli strategiyası yenidən deputatlar tərəfindən “qeyri-dəqiq və təhlükəli” hesab olunub.
“COVID-19 virusu ilə yaşamağı və ondan müdafiə olunmağı bacarmalıyıq. Təcrid olma rejimindən çıxmaq planı üç əsas aspekt – müdafiə etmək, test etmək və təcrid etmək - ətrafında formalaşacaq”,- deyə E.Filip bildirib.
Baş Nazir deyib ki, virus ölkənin bütün regionlarında eyni dərəcədə yayılmayıb, epidemiyanın 2-ci dalğasının mümkünlüyü riskinə ciddi yanaşmaq lazımdır. Mayın 11-dən sonra 100 km dairəsində hərəkət etmək mümkün olacaq. Epidemiya ilə bağlı qəbul olunmuş qaydalar - fiziki distansiya, əllərin müntəzəm yuyulması, maska taxılması qüvvədə qalacaq.
Təcrid olma rejimindən çıxandan sonra gündə 700 min tibbi sığorta hesabına test aparılacağını, eyni zamanda, “StopCovid” rəqəmsal vasitəsindən də istifadə olunacağı qeyd edilib.
Mayın 11-də yeni yoluxma hallarının nəzərdə tutulduğu sayda olmadığı təqdirdə bundan yeni nəticələr çıxarılacağını bildirən Baş Nazir qeyd edib ki, mayın 11-dən iyunun 2-dək yeni mərhələ başlayır. Həmçinin o, təcrid olma rejiminin davam etdirilməsinin mümkünlüyünü söyləyib.
Körpələr evlərinin, uşaq bağçalarının mayın 11-dən tədricən açılacağını, hər qrupda maksimum 10 nəfər olacağını və 3 yaşdan yuxarı bütün uşaqların maska geyməli olacağını diqqətə çatdırıb.
Liseylərin, eləcə də restoran və kafelərin açılmasına dair qərarın mayın sonunda qəbul olunacağını, bütün mümkün hallarda distant işləməyin qüvvədə qalacağını vurğulayıb. Virus aşkarlanan hər bir kəsin həmin an təcrid olunacağı bildirilib.
Nəqliyyat sistemində metroların 70 faizinin mayın 11-dən hərəkət edəcəyini, ancaq regionlar və departamentlərarası nəqliyyat sisteminin yenə məhdud cədvəldə qalacağını, nəqliyyatda maska taxmağın məcburi olacağını diqqətə çatdırıb. Baş Nazir qarşıdan gələn 3 həftənin hələ də çətin olacağını səsləndirib.