Modern.az

"Prokurorluq orqanlarında islahatları davam etdirməliyik" - Kamran Əliyev

Aktual

1 May 2020, 21:17

"Prokurorluq orqanlarının fəaliyyət dairəsi doğrudan da genişdir. Prokurorluğun əsas fəaliyyət istiqamətlərindən biri də təbii ki, ağır cinayətlərə, dövlətə, dövlətçiliyə qarşı yönələn bütün daxili və xarici təhdidlərə qarşı amansız mübarizə aparmaqdır. Bu sahədə təbii ki, prokurorluq orqanları digər dövlət qurumları ilə – həm Dövlət Təhlükəsizliyi Xidməti, həm Daxili İşlər Nazirliyi və digər müvafiq dövlət qurumları ilə birbaşa sıx əlaqədə işləməlidirlər".

Modern.az xəbər verir ki, bunu  Prezidenti İlham Əliyevin videoformatda qəbulunda olan Baş prokuror Kamran Əliyev bildirib.


"Siz korrupsiyaya qarşı mübarizə ilə bağlı xüsusi olaraq qeyd etdiniz. Azərbaycan Prezidenti seçildikdən sonra korrupsiyaya qarşı mübarizə Sizin həyata keçirdiyiniz islahatların, siyasətin ən mühüm tərkib hissəsi olmuşdur. Məhz həmin dövrdən Azərbaycan Respublikası bu sahədə bütün beynəlxalq təşəbbüslərə, həm Avropa Şurasının, həm Birləşmiş Millətlər Təşkilatının bu sahədə bütün mövcud konvensiyalarına qoşulmuş və bu sahədə institusional tədbirlər həyata keçirilmiş, müvafiq qurumlar yaradılmışdır. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi də bu sahədə ixtisaslaşmış cinayət təqibi orqanı kimi yaradılmışdır. Sizin 2013-cü ildə prokurorluğun peşə bayramı günü ərəfəsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin yeni tikilmiş binasının açılışında iştirak etməyiniz tam əminliklə deyirəm ki, prokurorluq orqanlarında xüsusi olaraq ruh yüksəkliyi yaradıb. Sizin həmin vaxt gənc prokurorluq əməkdaşları qarşısında çıxışınız hər bir prokurorluq əməkdaşının bu gün də xatirindədir və onlar bunu daim böyük fərəh, qürur hissi ilə qeyd edirlər.

Biz prokurorluq orqanlarında islahatları davam etdirməliyik. Kadr islahatları doğrudan da çox vacib məsələdir və biz bu sahədə fəaliyyətimizi davam etdirəcəyik. Əgər zərurət yaranarsa təbii ki, prokurorluğun, həmçinin struktur qurumlarının fəaliyyəti təhlil edilməlidir. Hesab edirəm ki, biz bu sahədə də mütərəqqi addımlar atmalıyıq.

Sizin tapşırığınız və göstərişinizlə prokurorluq orqanları beynəlxalq qurumlarla daim əməkdaşlıq etmişdir. Həm beynəlxalq qurumlar və eyni zamanda, digər ölkələrin prokurorluq və antikorrupsiya orqanları ilə mütəmadi əlaqələr saxlanılmışdır. Təbii ki, bu iş Sizin siyasi iradənizə uyğun həyata keçirilmişdir. Siz prokurorluq orqanlarının əməkdaşları qarşısında çıxışınız zamanı qeyd etdiyiniz kimi, biz fəaliyyətimizdə ən qabaqcıl təcrübəni yalnız öyrənməklə kifayətlənməməli, eyni zamanda, gündəlik fəaliyyətimizdə tətbiq etməliyik.

Cənab Prezident, Siz koronavirus pandemiyası ilə bağlı qeyd etdiniz ki, bu, bir müharibədir. Azərbaycan dövləti Sizin rəhbərliyinizlə, Mehriban xanımın gündəlik diqqət və qayğısı sayəsində digər qabaqcıl ölkələrlə müqayisədə demək olar ki, bu böyük problemi artıq arxada qoymaq üzrədir. Ümid edirik ki, bu istiqamətdə işlər belə də davam edəcəkdir",- deyə Kamran Əliyev bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada