Modern.az

Qanunun aliliyinin təmin edilməsi prosesin bütün iştirakçılarından asılıdır

Qanunun aliliyinin təmin edilməsi prosesin bütün iştirakçılarından asılıdır

Aktual

2 May 2020, 13:44

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edib. Modern.az xəbər verir ki, qəbul zamanı dövlətimizin başçısı ölkəmizdə həyata keçirilən islahatlarla bağlı bir sıra mühüm istiqamətlərə diqqət çəkib.


Cənab Prezident hüquq mühafizə sistemində islahatların dərinləşməli və qanunun aliliyinin təmin edilməli olduğunu bir daha vurğulamaqla, ölkəmizdə aparılan genişmiqyaslı islahatların qarşısıalınmaz olduğunu və prosesin arxasında qətiyyətli siyasi iradənin, çevik idarəçilik sisteminin və vətəndaşların dəstəyinin dayandığını diqqətə çatdırıb.
Azərbaycan Prezidentinin nitqində yer alan fikirlər, şübhəsiz ki, həm hüquq mühafizə orqanları, həm dövlət qulluqçuları və həm də cəmiyyətimiz üçün yol xəritəsi missiyasını daşıyır. Çünki qanunun aliyi təmin edilməsi, islahatların daha tez və effektiv nəticələrə gətirib çıxarması prosesin bütün iştirakçılarından asılıdır. Yəni qanunun aliliyinin təmin edilməsi hüquq mühafizə orqanlarının, dövlət qulluqçularının birbaşa vəzifəsidirsə, Azərbaycanda yaşayan hər bir insanın vətəndaşlıq borcudur.
Prezident İlham Əliyev öz nitqində hüquq mühafizə orqanlarının, mahiyyət etibari ilə isə bütün dövlət fəaliyyəti üçün prioritet sayılan istiqamətlərə də nəzər saldı.
Dövlətimizin başçısı qeyd etdi ki, kadrların peşəkarlığı daim diqqət mərkəzində olmalı, müstəqil dövlətimizin uğurlu yaşaması və möhkəmlənməsi bütün dövlət qulluqçularının ən ali vəzifəsinə çevrilməlidir.


Cənab Prezidentin nitqində hüquq mühafizə orqanlarına ünvanlanmış çox önəmli bir məqama nəzər salmağı vacib hesab edirəm: “Bütün hüquq mühafizə orqanları elə çalışmalıdırlar ki, həm vətəndaşlar, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda, dövlətin maraqları və qanunun aliliyi təmin edilsin”.
Düşünürəm ki, bu mesaj bütün dövlət qulluqçularının fəaliyyətinin ana xəttini, vahid fəlsəfəsini təşkil etməlidir. Söhbət vətəndaşa və qanunların aliliyinin təmin edilməsinə münasibətdə “qızıl orta”nın müəyyənləşməsindən gedir. Azərbaycanın dövlət siyasətinin təməlində insan amili dayanır. Bu baxımdan, elə etmək lazımdır ki, həm qanunun aliliyi təmin edilsin, həm də vətəndaşların mənafeyinə ziyan dəyməsin, onların dövlətin ədalətinə olan etimadı zərər çəkməsin, humanizm prinsipləri unudulmasın. Bu isə insana münasibətdə insani davranışların ön plana çəkilməsidir. Hüquq mühafizə orqanlarının təmsilçiləri, dövlət qulluqçuları ilk növbədə özləri qanunlara istisnasız olaraq əməl etməlidirlər. Qanunların aliliyinin təmin edilməsi prosesində mexanizm kimi deyil, konkret vəziyyəti, yaxud hadisəni, onu doğuran səbəbləri təhlil edərək, şəraitə uyğun davranmalı, əsl peşəkarlıq nümayiş etdirməlidirlər.
“Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək!”.
“Heç kim qanundan üstün deyil!”
“Qanun qarşısında hamı bərabərdir!”
“Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır!” –Prezidentin nitqində yer alan bu tezislər müasir Azərbaycan cəmiyyətinin və onun ayrı-ayrı fərdlərinin həyat fəlsəfəsinə, yenilənmiş Azərbaycanın bütün sahələrinin kredosuna çevrilməlidir.
Bununla yanaşı, bir məqama da diqqət çəkməyi özümə borc bilirəm. Bu gün ölkəmizdə Prezident İlham Əliyevin həyata keçiridiyi islahatların fəlsəfəsini dərk edən, dövlətimizin başçısı tərəfindən qarşılarına qoyulan vəzifələri məsuliyyətlə yerinə yetirən dövlət qulluqçularının, o cümlədən icra başçılarının sayı kifayət qədərdir.
İndiyədək korrupsiya və rüşvətxorluğun aradan qaldırılması istiqamətində atılan addımlar konkret şəxslərin cinayət əməllərinin qarşısının alınması və onların hüquqi məsuliyyətə cəlb olunmasına yönəlib. Həyata keçirilən tədbirlərin mahiyyətini, ana xəttini korrupsiyaya, rüşvətxorluğa, bütövlükdə isə cinayətkarlığa qarşı mübarizə təşkil edir, icra başçılarına, dövlət qulluqçularına qarşı mübarizə yox. Bəzi şəxslərin ölkəmizdə həyata keçirilən islahatların istiqamətini bilərəkdən konkret vəzifə daşıyıcılarına, yaxud şəxslərə yönəltməyə cəhd göstərməsi isə bu prosesə xələl gətirmək, dövlət idarəçiliyini sistem olaraq gözdən salmaq məqsədi daşıyır. Amma Azərbaycan vətəndaşları prosesləri diqqətlə izləyir, təhlil edir və doğru nəticə çıxarmağı bacarırlar.
Məhz bu baxımdan, şübhə etmirəm ki, ölkəmizdə həyata keçirilən islahatların mahiyyətinin təhrif edilməsi cəhdləri iflasa uğrayacaq, Azərbaycan bu prosesdən dərin kökləri, möhkəm dayaqları olan dövlət-vətəndaş birliyi nəticəsində qalib çıxacaqdır!

 

Milli Məclisin deputatı Azər Kərimli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV