“Koronavirus pandemiyasının yaratdığı ağır şəraitdən az itki ilə çıxmaqdan, vətəndaşların sağlamlığlığını qorumaqdan,cəmiyyətimizin sosial baxımdan həssas təbəqələrinin ehtiyaclarını ödəməkdən ötrü cənab Prezidentimiz İlham Əliyevin müəyyənləşdirdiyi tədbirlərin qanunauyğun və dədə- babalarımızın bizə miras qoyduğu halallıqla yerinə yetirildiyi və işin yaxşı səviyyədə təşkil edildiyi rayonlardan biri heç şübhəsiz, Yardımlıdır”.
Modern.az-ın xəbərinə görə, bu barədə millət vəkili Musa Qasımlı məlumat verib. Millət vəkili bildirib ki, bu günədək Heydər Əliyev Fondu tərəfindən rayona göndərilən 1500 ərzaq qutusu əvvəlcədən dəqiq müəyyənləşdirilmiş siyahı üzrə ehtiyacı olan şəxslərə evlərində çatdırılıb: “Belə bir çətin gündə göstərdiyi qayğıya görə rayon sakinləri Birinci vitse- prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıq edirlər. Bundan əlavə, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyası, ayrı-ayrı qurumlar tərəfindən 300-dən çox, Bravo marketlər şəbəkəsi tərəfindən 200-ə yaxın ərzaq qutuları ünvanlara çatdırılıb. Yardım kampaniyasında imkanlı şəxslərin də iştirakı rəğbət doğurur. Kampaniya hələ davam edir. İşin yaxşı təşkilinə görə yerli orqanların fəaliyyəti yalnız alqışlanmalıdır”.