Ölkədə koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə martın 31-dən fəaliyyətini dayandıran "Bakı Metropoliteni" işini bərpa edib.
Modern.az-ın məlumatına görə, 38 günlük fasilədən sonra bu gün saat 06:00-dan başlayaraq sərnişinlər metrodan istifadə etməyə başlayıblar.
Stansiyaların girişlərində sərnişinlərin platformalara növbəli buraxılması üçün dəmir hasarlar quraşdırılıb. Bütün stansiya vestibülləri və platformalarında, eləcə də bütün vaqonların oturacaqlarında sərnişinlərə sosial məsafə saxlamaq barədə maarifləndirici tablolar asılıb.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, metrostansiyalara yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçən, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilir.
Metropoliten stansiyalarında maska taxmayan şəxslərlə bağlı cərimə mexanizmini metroda fəaliyyət göstərən polis şöbəsinin əməkdaşları təmin edir. Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda sosial məsafəni gözləməsi mütləqdir.
Tətbiq olunan qaydalar ya da mövcud rejimlə əlaqədar olaraq metroda bu gün əvvəlki vaxtlarla müqayisədə sıxlıq yox idi.
Həmin fotoları təqdim edir:
İsmət PAŞA