Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istismarı ilə bağlı İranla Azərbaycan arasında imzalanmış sazişə dair müzakirələrə münasibət bildirib.
Deputat Modern.az-a açıqlamasında deyib:
“Bir neçə gündür mətbuatda və sosial şəbəkələrdə Azərbaycanla İran İslam Respublikası arasında Araz çayı üzərində körpülərin tikintisi ilə bağlı imzalanmış sazişlə bağlı geniş müzakirələr aparılır, bir sıra əsassız ittihamlar səsləndirilir. Qeyd edim ki, Milli Məclisin 8 may tarixli iclasında Milli Məclisin deputatı Fazil Mustafa bu məsələni qaldıraraq, məsələyə ətraflı münasibət bildirdi. Eyni zamanda, dünən Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynlinin son müsahibəsi sazişlə bağlı bir çox vacib məsələlərə aydınlıq gətirdi.
Hazırki dövrdə hər birimiz üçün ən həssas məsələlərdən biri Qarabağdır. Hər birimiz səbirsizliklə torpaqlarımızın işğaldan azad olunacağı günü gözləyirik. Bu baxımdan hər birimizin narahatlığını anlayır və inanıram ki, ölkə başçımızın rəhbərliyi ilə yaxın vaxtlarda biz öz doğma torpalarımıza qayıdacağıq. Ancaq, onu da qeyd edim ki, bu kimi əsassız ittihamlar düşmənlərimiz tərəfindən diqqətlə izlənilir və bir sıra hallarda onlar tərəfindən ortaya atılır, nəticəsi maraqla izlənilir və bunun əsasında yeni strategiyalar və mövzular işlənir. Ona görə hər birimiz diqqətli olmalıyıq. Dəqiqləşdirilməmiş heç bir məlumatı yaymamalıyıq. Bu vətən hər birimizindir. Heç bir halda fərdi maraqlar ictimai maraqları üstələməməlidir