Böyük Vətən Müharibəsində Qələbənin 75 illik yubileyi, eyni zamanda Qələbə Günündə Quba rayonunun Digah kəndində yaşayan Lidiya Antonovna Rüstəmova da yad edilib.
Modern.az xəbər verir ki, ona Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın təbrik məktubu və hədiyyələr təqdim edilib.
Müharibədən əvvəl tibb texnikumunda təhsil alan Lidiya xanım müharibə başlayan kimi təhsilini yarımçıq qoyub müharibəyə tibb bacısı kimi yollanan fədakar xanımlardandır. O Belarusiya cəbhəsindən başlayaraq Berlinədək döyüşlərdə iştirak edib və həyat yoldaşı da müharibə veteranı olmuşdur.
Müharibənin alovlu günlərini xatırlayan Lidiya xanım dövlət başçımız cənab İlham Əliyevə və onu yad edən qurumlara öz təşəkkürünü və razılığını bildirərək, xalqımıza sülh və əmin-amanlıq arzulayıb.
Dövlət Komitəsi Aparatının rəhbəri Ceyran Rəhmətullayeva Milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazdığını, Azərbaycanın cəsur oğul və qızlarının döyüşlərdə, eyni zamanda arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərdiklərini qeyd edərək, veteranlarımızın hər zaman qayğı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
O bildirib ki, Lidiya xanım kimi cəsur qadınlarımız gənc qızlar üçün əsl nümunədir. Veteran qadınlarımızın həyat və fəaliyyəti, nümayiş etdirdikləri şücaət hər zaman yaddaşlarda qalaraq qürurla anılacaq.
Qeyd edək ki, 7 may tarixindən başlayaraq veteran qadınlarla aparılan görüşlər ölkədə elan olunmuş karantin və sosial izolyasiya qaydalarına uyğun olaraq, zəruri təhlükəsizlik tədbirləri təmin edilməklə həyata keçirilib.
