Vəkillər Kollegiyasının sədri Anar Bağırovun sədrliyi və ölkəmizdə fəaliyyət göstərən 70 vəkil qurumunun rəhbərlərinin iştirakı ilə videomüşavirə keçirilib.
Vəkillər Kollegiyasından Modern.az-a verilən məlumata görə, respublikamızda COVID-19 virusunun yayılması ilə bağlı tətbiq edilən karantin rejiminin yumşaldılması şəraitində vəkillik fəaliyyətinin spesifik xüsusiyyətləri barədə fikir mübadiləsi aparılıb.
Kollegiya sədri Anar Bağırov iclasda vəkil qurumlarında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan qaydalara riayət olunması vəziyyəti və vəkillərə təyin olunnan güzəştlər, dövlət hesabına göstərilən hüquqi yardıma görə Hüquqi Yardım və Tədris Mərkəzinə göndərilən hesabatların tərtibində qarşılaşılan problemlər, növbətçilik siyahılarının vaxtında tərtib olunub kollegiyaya təqdim edilməsi, hüquqi yardıma görə nağdsız ödənişlərin həyata keçirilməsi işinin təşkili vəziyyəti barədə məsələlərə toxunub.
Sonra son iki ildə vəkillərin sayının iki dəfəyədək artmasına baxmayaraq, bəzi büroların sahəsinin, lazımi inventarların və texniki vasitələrin zəif olması, vəkillərdən alınan büronun saxlama xərclərinin həcmi, Kollegiyasının internet saytında olan elektron vəkil kabinetindən vəkillərin istifadə səviyyəsi, bürolar tərəfindən vətəndaşların müraciətlərinə baxılması, mövcud şikayətlərin yerində həll olunması məsələlər barədə fikir mübadiləsi aparılıb.
Daha sonra Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov Mərkəzin cari fəaliyyəti və görülmüş işlər barədə məruzə ilə çıxış edib, verilən sualları cavablandırıb.
İclas öz işini qurumların fəaliyyətlərində qarşılaşdıqları problemlər və onların həlli istiqamətində görüləcək tədbirlərin müzakirəsi ilə davam etdirib.