"Noyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Gününün altıncı ildönümü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə keçirdiyi görüş iki ölkə arasındakı münasibətlərin siyasi və strateji mahiyyətini bir daha gündəmə gətirdi. Şuşadan verilən bəyanatlar Azərbaycan-Türkiyə qardaşlığının tarixi və mənəvi bağlılıqla yanaşı, həm də ortaq geosiyasi maraqlara, təhlükəsizlik və iqtisadi əməkdaşlığa əsaslandığını nümayiş etdirdi".
Bunu Modern.az-a açıqlamasında deputat Nigar Məmmədova qeyd edib.
"Prezident İlham Əliyev Türkiyə dövlət başçısının Zəfər Günündə Qarabağda olmasını xüsusi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirərək qardaş ölkənin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi xatırlatdı. Dövlət başçımız bildirdi ki, müharibənin ilk saatlarında R.T. Ərdoğanın verdiyi bəyanat və telefon danışığı Azərbaycan xalqına əlavə ruh və güc verib.
Prezident İlham Əliyevin bəyanatında səsləndirdiyi “biz birlikdə daha da güclüyük” fikri iki dövlət arasındakı münasibətlərin xarakterini ifadə edən əsas mesajlardan biri idi. Şuşadan səslənən mesajlar göstərdi ki, Türkiyə-Azərbaycan birliyi regionda sabitlik, təhlükəsizlik və əməkdaşlıq amilidir. Bakı və Ankara münasibətləri regional və qlobal proseslərə təsir imkanlarına malik strateji tərəfdaşlıq modeli formalaşdırıb.
İki ölkə arasındakı münasibətlərin əsasını təşkil edən Şuşa Bəyannaməsi görüşün mühüm mövzularından biri idi. 2021-ci il iyunun 15-də imzalanmış bu sənəd Türkiyə-Azərbaycan münasibətlərini rəsmən müttəfiqlik səviyyəsinə yüksəldib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa Bəyannaməsi xalqlarımız arasında tarixən mövcud olmuş əlaqələrin daha da dərinləşməsinə xidmət edir.
Dövlət başçıları, eyni zamanda, iki ölkənin birliyini zəiflətmək istəyənlərin məqsədlərinə nail ola bilməyəcəyini də bəyan etdilər. Bu mesaj Azərbaycan-Türkiyə münasibətlərinin kənar təsirlərdən asılı olmayaraq inkişaf etdirilməsi və strateji müttəfiqliyin qorunmasının vacibliyini ifadə edir.
Liderlərin bəyanatlarında regional təhlükəsizlik və gələcək əməkdaşlıq məsələləri də mühüm yer tutdu. Prezident İlham Əliyev siyasi və iqtisadi əlaqələrlə yanaşı, enerji, sərmayə, nəqliyyat dəhlizləri və Zəngəzur dəhlizinin müzakirə olunduğunu bildirdi.
R.T. Ərdoğan isə Azərbaycanın 44 günlük müharibə nəticəsində öz ərazi bütövlüyünü bərpa etməsinin Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı olduğunu vurğuladı. Onun “Bu gün qarşımızda duran vəzifə döyüş meydanında qazanılan Zəfəri dayanıqlı sülh və sabitliklə taclandırmaqdır” fikri regionda sülh və sabitliyin təmin olunmasına verilən dəstəyi ifadə edir.
Qarabağda aparılan bərpa işləri də səfərin mühüm istiqamətlərindən biri oldu. Ərdoğan Cəbrayılda Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzinin və “Ağıllı Tingçilik” müəssisəsinin yaradılmasını, Ağdamda 40 sinif otağından ibarət məktəbin tikintisinə başlanmasını iki ölkə əməkdaşlığının konkret nəticələri kimi təqdim etdi. Türkiyə Prezidenti Qarabağın yenidən qurulması prosesində Ankaranın təcrübə və dəstəyinin davam edəcəyini bildirdi.
Ümumiyyətlə, Ərdoğanın Zəfər Günündə Şuşaya səfəri və səslənən bəyanatlar göstərdi ki, strateji müttəfiqlik, regional təhlükəsizlik və Türk dünyasında inteqrasiya ikitərəfli münasibətlərin əsas istiqamətləridir".