Bu günlərdə BAMF-ın prezidenti Umud Mirzəyevə Yunus Sosial Biznes Mərkəzindən məktub daxil olub. Yunus Sosial Biznes Mərkəzinin icraçı direktoru Lamiya Morshed tərəfindən yazılan məktubda deyilir:
“Əziz Umud, Sizi Yunus Mərkəzindən salamlayıram. Bu məktubu Artsaxda, Arsax Dövlət Universiteti tərəfindən Yunus Sosial Biznes Mərkəzinin təsis edilməsi ilə bağlı bizə edilmiş müraciətlə bağlı yazıram. Bilirsiniz ki, Yunus Sosial Biznes Mərkəzi Yunus Mərkəzi ilə əməkdaşlıq çərçivəsində dünyanın akademik mərkəzlərində sosial biznes konsepsiyasının yayılması üçün təşəbbüsdür. Hal-hazırda bizim Azərbaycan və Türkiyədə Yunus Sosial Biznes Mərkəzləri vardır. Bu yaxınlarda isə Ermənistanda belə bir mərkəz yaradıldı. Artsaxın statusunun həssas mahiyyətini nəzərə alaraq YSBM-in bu regionda yaradılmasının hər hansı nədənlərə səbəb olacağını düşünürsünüzmü? Həmçinin, hansı mümkün təsirlərin olması gözləniləndir? Məsləhətləriniz əsasında bu həssas məsələyə yenidən baxılacaq. Xahiş edirəm məsələyə dair fikirlərinizi bildirin ki, buna görə işimizi davam etdirək. Sizdən eşitmək ümidi ilə. Lamiyə“
BAMF prezidentinin məsələ ilə bağlı Yunus Sosial Biznes Mərkəzinə və şəxsən Nobel Sülh Mükafatı laureatı prof. Məhəmməd Yunusa Azərbaycan ərazilərinin erməni hərbi birləşmələri tərəfindən işğalı, beynəlxalq hüququn normalarına məhəl qoymayan Ermənistanın və qondarma rejimin militarist mahiyyəti haqda geniş məlumat verilib. Məktubda deyilir:
“ Yunus Sosial Biznes Mərkəzinin fəaliyyətinin müxtəlif ölkələrdə yayılmasını eşitdikcə sevinirik. Növbəti mərkəzin yaradılması təşəbbüsünü dəyərləndirmək, qərar vermək üçün bizimlə məsləhətləşərək rəyimizi istədiyiniz üçün minnətdarıq. Qeyd edim ki, ümumiyyətlə Arsax adlı beynəlxalq hüququn heç bir subyekti mövcud deyil. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti mövcuddur və bu ərazi eləcə də vilayətin ətrafında yerləşən Azərbaycanın 7 rayonu müxtəlif qüvvələrin təhriki ilə Ermənistan hərbi birləşmələri tərəfindən 1993 cü ildə işğal olunub. İşğal altındakı əraziləri dərhal azad etmək və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasının təmin edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələbləri bu günə kimi də yerinə yetirilməmişdir. İslam Əməkdaşlıq Şurası, Qoşulmama Hərəkatının 123 dövləti, Avropa Parlamenti Dağlıq Qarabağ ərazisinin azad olunması ilə bağlı qətnamələr qəbul etsə də bütün bunlara məhəl qoyan olmamışdır. Nəticədə Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 rayondan 1 milyona yaxın insan məcburi köçkün olmuş, işğal olunmuş yerlərdə məscidlər, bütün digər sosial infrastruktur dağıdılaraq məhv edilmişdir. Bildirmək istərdim ki, mənim eləcə də əməkdaşlarımızın böyük əksəriyyətinin doğulub boya-başa çatdığı Füzuli rayonu da hal-hazırda Ermənistan hərbi qüvvələrinin işğalı altındadır və bizim bütün qohum-əqrabalarımız ölkənin müxtəlif rayonlarında məskunlaşaraq, məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalmışdır.
Ermənistan bu dəfə Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan beynəlxalq hüququn yaratdığı imperativ statusdan yayınmaq üçün işğal olunmuş həmin ərazinin adını Artsax deyə tanıtmağa çalışır. Bu məqsədlə beynəlxalq qurumlarda, media və güclü lobbiçilik fəaliyyətinə üstünlük verirlər. Azərbaycan tərəfi, eləcə də bütün dünya dövlətləri hətta Ermənistan özü belə Dağlıq Qarabağı (Artsax) müstəqil dövlət kimi tanımır. Bu ərazi işğal olunmuş Azərbaycan əraziləridir. Bu yerləri Rohinya kimi də təsəvvür etmək olar. İnsanlar öldürülmüş, Xocalı faciəsi, qırğını törədilmiş, bölgənin müsəlman əhalisi Azərbaycanın digər torpaqlarına səpələnmiş, öz torpaqlarından didərgin düşmüşlər.
Başqa bir məsələni də diqqətinizə çatdırmaq istərdim. BAMF Yunus Sosial Biznes Mərkəzinin yaxın tərəfdaşı, BMT ECOSOC-un Ən Yüksək Statuslu üzvü kimi əsl həqiqətlərin dünyaya çatdırılması, işğalın pislənilməsi, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində barışmaz mövqe sərgiləyir. Bizim təşəbbüsümüzlə BMT də işğal faktını pisləyən 10 larla bəyanat qəbul edilmiş, paralel sesiyalar keçirilmişdir. BAMF-ın təşəbbüslərindən biri də işğal altındakı ərazilərin boşaldılması və regionda dayanıqlı inkişaf hədəflərinin tətbiq edilməsi proqramı olsa da, işğal altındakı ərazilər nəinki boşaldılır, Suriya və Livandan olan erməni əsilli ailələr bölgəyə köçürülməklə militarist siyasət davam etdirilir. Azərbaycan Respublikası Dağlıq Qarabağa (Artsax) icazəsiz səfər edən media nümayəndələrini, vətəndaş cəmiyyəti təmsilçiləri, diplomatları persona non qrata elan edir.
Bu gün Dağlıq Qarabağ militarist bir bölgədir, burada müxtəlif hərbi və terrorçu birliklər yerləşmiş, qanundankənar fəaliyyətlər yerinə yetirilməkdədir. Bununla yanaşı nəzarətsiz olan və heç bir beynəlxalq hüquq normalarını tanımayan işğal altında saxlanılan bu bölgə narkotik ticarətin əsas tranzit yeridir. Azərbaycan işğal olunmuş bu ərazidə ticarət edən, bu yerlərdə fəaliyyət göstərməyi qərara alan, işğala haqq qazandırmağa çalışan istənilən fəaliyyət növünü qəti şəkildə qınayır və pisləyir. Bu baxımdan, Yunus Mərkəzinin işğal olunmuş bu ərazidə fəaliyyət göstərən dırnaqarası Artsax Dövlət Universiteti ilə əlaqələrini məqsədəuyğun və faydalı hesab etmirik. Əksinə, qlobal dünyada trendə çevrilən Məhəmməd Yunus ideyalarının nüfuzuna, eləcə də Yunus Sosial Biznes Mərkəzinin fəaliyyətinə ciddi xələl gətirəcəyini əminliklə söyləmək istəyirəm. Hesab edirəm ki, bu ərazidə militarist qüvvələrin nəzarətində olan istənilən qurumla, birliklərlə hər hansı sülhpərvər ideyanın, inkişafa hədəflənmiş sosial missiyanın birgə gerçəkləşdirilməsi ümumi işimizin güclənməsinə ciddi şəkildə mənfi təsir göstərə bilər.
Bu gün Azərbaycanda korporativ sosial məsuliyyət, sosial inkişaf, prof. Məhəmməd Yunusun sosial biznes ideyası təkcə vətəndaş cəmiyyətində deyil, dövlət siyasətinin ana xəttində prioritetli yerlərdən tutur. Hesab edirəm ki, bu istiqamətdə qarşılıqlı faydalı əlaqələrimizin gücləndirilməsi, birgə regional tədbirlərin keçirilməsinin böyük səmərəsi ola bilər", deyə Umud Mirzəyev bildirib.
BAMF prezidentinin məktubuna qısa bir müddətdə şəxsən cavab yazan Nobel Sülh Mükafatı laureatı prof. Məhəmməd Yunus məktubunda qeyd edir:
“Əziz Umud, Dağlıq Qarabağda Yunus Sosial Biznes Mərkəzinin açılması ilə bağlı bizə istiqamət verdiyiniz üçün təşəkkür edirik. Biz bu məsələdən sizin məsləhətinizlə imtina etmişik.
Hörmətlə, Məhəmməd Yunus”
Beləliklə ermənilərin dünyanın tanınmış filantrop təşkilatlarından olan Yunus Sosial Biznes Mərkəzini öz məkrli oyunlarının vasitəçisinə çevirmək cəhdinin qarşısı alınmışdır.
Qeyd edək ki, Yunus Sosial Biznes Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında uzun illərdir ki, əməkdaşlıq əlaqələri mövcuddur. Hələ 2016-cı ildə BAMF-ın təşəbbüsü ilə prof. Məhəmməd Yunusun ölkəmizə səfəri reallaşdırılmış, O, ölkə prezidenti İlham Əliyev tərəfindən rəsmi olaraq qəbul edilmiş, daha sonra UNEC-də Yunus Sosial Biznes Mərkəzinin əsası qoyulmuş, ADA Universitetində geniş tərkibdə mühazirəsi təşkil edilib.
Nobel Sülh Mükafatı laureatı Prof. Məhəmməd Yunus Amerika Konqresinin Azadlıq Medalına layiq görülən 12 nəfərdən biridir. O, dünya mikromaliyyəsinin atası hesab olunur. BMT –nin dünyanın ünlü adamlarından ibarət 15 sülh çağırışçısından biridir.