Ermənistanın dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi növbəti hərbi-siyasi təxribatla bağlı vətəndaş cəmiyyətindən mediaya verilən açıqlamalarda birmənalı şəkildə bildirilir ki, düşmən bu təxribatı təkbaşına etməyib. Lakin azərbaycanlı siyasətçilər bu fikri qətiyyətlə rədd edirlər.
Milli Məclisin deputatı Ülvi Quliyev Modern.az-a müsahibəsində bildirib ki, Ermənistan heç vaxt təkbaşına hərəkət etməyib:
“Qarabağın işğalında da tək olmayıb, ötən illər ərzində torpaqlarımız yalnız erməni hikkəsinə və ya erməni ordusunun gücü, bacarığı hesabına işğal altında qalmayıb. Elə təkcə bu səbəbdən vətəndaş cəmiyyətindən gələn açıqlamalar da anlaşılandır və həqiqəti əks etdirir. Lakin həqiqət yarımçıq olmamalıdır. Rəsmi dairələrin hansısa məqamları pərdə arxasında saxlamalarını, konkretliyə varmamalarını, onları ictimailəşdirməmələrini anlamaq olar.
Lakin, zənnimcə, vətəndaş cəmiyyətinin bəlli bir kəsimi tərəfindən konkretliyə gedilə, pərdə arxasından açıq-aşkar görünən məqamlar deyilə bilər. Bəlkə də daha açıq şəkildə deyilməlidir. Şübhəsiz ki, Ermənistan törətdiyi hərbi-siyasi təxribatda tək deyil. Yalnız icraçı da deyil. Həm də həmmüəllifdir, doğrudur, həmişə olduğu kimi həm müəlliflərdən kiçiyidir. Türkiyə Prezidenti cənab Ərdoğan son açıqlamalarından birində bu məsələyə belə bir eyham vurdu: “Bu hücum Ermənistanın çapını aşan bir hadisədir.” Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistana xitabən dediyi fikirlər də təsadüfi deyildi: “ Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı necə olacaq...” Bir daha təkrar edirəm ki, ali rəsmi dairələrin dövlət, regional təhlükəsizlik və geosiyasi maraqlar baxımından diplomatiya dilindən istifadə etmələrini, ünvanı konkret göstərməmələrini anlayışla qarşılamaq lazımdır”.
Ü.Quliyev qeyd edir ki, 2016-cı ildə Aprel döyüşləri Ermənistan-Azərbaycan dövlət sərhədində deyil, Qarabağda - beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan bölgədə gedirdi. KTMT bu döyüşlərdə Ermənistan tərəfində açıq şəkildə iştirak edə bilməzdi:
“Düşünürəm ki, Ermənistanın bugünkü hakimiyyəti həm də buna aldandı. Ona görə də hərbi təxribatını bizimlə sərhədə keçirdi. Paşinyanı koronovirus pandemiyası dövründə dərinləşən iqtisadi problemlərdən, bu səbəbdən artan daxili narazılıqlardan daha çox başqa məsələ narahat edir: Ermənistanın sabiq prezidentləri Köçəryan və Sarkisyandan fərqli olaraq, döyüşçü imicinin olmaması. Bu, bir tərəfdən. Digər tərəfdən, Paşinyan özünün müxalifətçiliyi dövründə bu iki şəxsin ikisini də Qarabağ siyasətinə görə kəskin tənqid edirdi, hətta yaxın siyasi çevrəsinə daxil olanların dili ilə Qarabağı Azərbaycana qaytarmaqdan başqa çıxış yolunun qalmadığını açıq şəkildə dedizdirirdi. Məsələn, 2016-cı ilin Aprel döyüşlərindən sonra Ermənistan parlamentinin tribunasından Paşinyanın tərəfdarları Sarkisyandan bunu tələb edirdilər. Bununla da Paşinyanın guya sülhsevər, qərbyönümlü imici formalaşdırılırdı. Onun bu mövqeyi siyasi rəqibləri tərəfindən unudulmayıb, daxili auditoriyada indi tez-tez erməni cəmiyyətinin yadına salınır”.
“Paşinyan əvvəlcədən günah keçisi kimi seçilmişdi”
Millət vəkili hesab edir ki, Paşinyan həm Qərb, həm də Rusiya ilə münasibətdə ikibaşlı, riyakar oyununu davam etdirib onların ikisini də son hərbi təxribatdan sonra konkret seçim qarşısında qoymağı hədəfləmişdi.
“Lakin bu oyunda Paşinyan əvvəlcədən günah keçisi kimi seçilmişdi və nəticədə konkret seçim qarşısında məhz o, qalmalı idi. Yəqin ki, bu günlərdə milliyətcə erməni olan rusiyalı jurnalist Marqarita Simonyanın Paşinyana və onun yaxın ətrafına ünvanladığı mesajla tanışsınız. O, sıradan bir jurnalist deyil. Kremlin informasiya sahəsində siyasi təbliğatını etibar edib etimad göstərdiyi, çox ciddi büdcə ilə təchiz edilən media-holdinqlərindən birinin rəhbəridir. Siyasi təbliğatda əsas yer tutan 3-4 nəfərdən birisidir. Simonyanın Paşinyana ünvanladığı uzun mesaj belə bitirdi: “... bütün bunlardan sonra Rusiyanın sizə tüpürmək və sizi əzmək üçün tam mənəvi haqqı var. Ancaq o bunu etməz. Mən əminəm. Bu dəfə də kömək edəcək”. O, haqlı çıxdı. Görünən odur ki, Paşinyan seçim etməyə məcbur oldu. Həm də bu səbəbdən erməni lobbisinin, daşnak partiyasının ciddi cəhdlərinə baxmayaraq, ABŞ Konqresində Azərbaycanın mövqeyini müdafiə edən düzəlişlər qəbul olundu. Ermənistan ərazisində isə Rusiya hərbçilərinin iştirakı ilə hava hücumundan müdafiə sahəsində əvvəlcədən planlaşdırıldığı deyilən birgə hərbi təlimlərə başlanıldı... Lakin Paşinyan yenə də özü-özünü aldadır. Dəstək onun hakimiyyətinə yox, Ermənistana verilir”.
“Azərbaycan ciddi tezislər səsləndirməlidir”
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a müsahibəində bu məsələyə münasibət bidirib. Qarabağ problemi, Tovuz istiqamətində baş verən qarşıdurmalar və xarici ölkələrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi təxribatları haqqında qeyd edib ki, bu hadisələr danışıqlarla prosesində hansısa irəliləyişin olmasına mane olacaq:
“Nikol Paşinyan artıq elan edib ki, döyüşlərin, gərginliyin azalmasında xüsusi rolu Rusiya Xarici İşlər Nazirliyi oynayır. Artıq proseslər çox ləng baş verir. Danışıqlar prosesinə gəldikdə isə Paşinyanın bəyanatları danışıqlar prosesini ləngitməyə, ertələməyə yönəlib. Azərbaycana gəldikdə isə kimsə bizə danışıqlar prosesinin bərpasını məsləhət görürsə, danışıqların gündəmi əvvəlcədən bəyan olunmalıdır. Hansı şəkildə məsələlər müzakirə olunacaq. Buna aid bir bəyanat Rusiya tərəfindən səsləndirilib. Xarici işlər nazirinin müavini qeyd edib ki, gündəmdə olan “Madrid prinsipləri”dir. Bizi də “Madrid prinsipləri” qane etmir. Amma görürük ki, rəsmi olaraq, Ermənistan tərəfi “Madrid prinsipləri”ndən imtina edir. Məntiqlə belə çıxır ki, ermənilər razılıq versə, biz danışıqlara başlayacağıq. Razılıq vermirlərsə, siz gedin onlarla iş aparın. Azərbaycanın indiki mərhələdə “danışıqları istəmirik” bəyanatını verməsi düzgün deyil. Çünki təbliğat baxımından ermənilər bunu bizə qarşı istifadə edəcəklər. Biz bu zaman sanki ermənilərin taktikasını təkrarlamış oluruq”.
T.Zülfüqarov deyir ki, Azərbaycan öz tərəfindən ciddi tezislər səsləndirməlidir. Sadəcə görüntü üçün həyata keçirilən danışıqlar artıq Azərbaycan ictimaiyyəti tərəfindən qəbul olunmayacaq. Danışıqların gündəmi sirli olmamalıdır. Çünki “məxfi” məsələsi ümumi prosesə çox ziyan gətirib. Əvvəldən məlum olmalıdır ki, kim hansı mövqe ilə danışıqlara gedir və hansı məsələ müzakirə olunacaq”.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Tərəfsiz Jurnalistlər İB-nin icra etdiyi “İşğalçı Ermənistanın bölgədə təhlükəsizliyə təhdidlərilə bağlı xarici mediada təbliğat kampaniyasının təşkili” layihəsi çərçivəsində təqdim edilir.