Modern.az

Almaniyada azərbaycanlı əsirlərin xatirə lövhəsinin açılışı oldu - FOTOLAR

Almaniyada azərbaycanlı əsirlərin xatirə lövhəsinin açılışı oldu - FOTOLAR

Aktual

Bu gün, 10:16

İkinci Dünya müharibəsi zamanı Almaniyadakı əsir düşərgələrində həyatlarını itirən azərbaycanlı hərbi əsirlərin xatirəsinin yaşadılması istiqamətində görülən işlər davam etdirilir. Mayın 5-də Buxenvald əsir düşərgəsində azərbaycanlı hərbi əsirlərin xatirəsinə lövhənin açılışı olub.

Modern.az xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Azərbaycan və alman dillərində hazırlanmış xatirə lövhəsinin açılışı münasibətilə Buxenvald memorial kompleksində mərasim keçirilib.

Mərasimdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Buxenvald və Mittelbau-Dora Xatirə Kompleksləri Fondunun direktor müavini Filip Noyman-Tayn, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən həyata keçirilən bu təşəbbüs Almaniyadakı əsir düşərgələrində həlak olan həmyerlilərimizin xatirəsinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm önəm daşıyır. Bu, indiyədək açılışı olan dördüncü xatirə lövhəsidir. İki il əvvəl Daxau, ötən il Zaksenhauzen, iki həftə əvvəl isə Bergen-Belsen düşərgələrində xatirə lövhələrinin açılışından sonra bu təşəbbüs Buxenvaldda davam etdirilib.

Buxenvald və Mittelbau-Dora Xatirə Kompleksləri Fondunun direktor müavini Filip Noyman-Tayn açılış mərasimində çıxış edərək Azərbaycan səfirliyinin təşəbbüsü ilə Buxenvald memorial kompleksində azərbaycanlı hərbi əsirlərə həsr olunmuş xatirə lövhəsinin açılışının yüksək əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu təşəbbüs nasist cinayətlərinin qurbanı olmuş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm rol oynayır. Həmçinin qeyd olunub ki, hər il yüz minlərlə ziyarətçinin gəldiyi bu məkanda xatirə lövhəsinin yerləşdirilməsi qurbanların unudulmamasına töhfə verəcək. Eyni zamanda, arxivlərdə azərbaycanlı qurbanlarla bağlı əlavə məlumatların mövcud olduğu və onların araşdırılmasının davam etdiriləcəyi diqqətə çatdırılıb.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev mərasimdə çıxış edərək bu günün həm azərbaycanlılar, həm də dünyada ədalət uğrunda mübarizə aparan insanlar üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Diplomat İkinci Dünya müharibəsi zamanı 700 mindən çox azərbaycanlının faşizmə qarşı mübarizədə iştirak etdiyini və onların yarıdan çoxunun həlak olduğunu qeyd edib.

Səfir Almaniyadakı əsir düşərgələrində saxlanılmış və həlak olmuş azərbaycanlıların xatirəsinin yaşadılmasının əhəmiyyətini xüsusi vurğulayaraq, bu təşəbbüslərin məqsədinin təkcə keçmişi anmaq deyil, eyni zamanda, “bir daha heç vaxt” prinsipi ilə gələcək nəsilləri maarifləndirmək və məsuliyyət hissini gücləndirmək olduğunu bildirib.

Çıxışlardan sonra xatirə lövhəsinin üzərindən örtük götürülüb, önünə əklil qoyulub.

Buxenvald əsir düşərgəsi faşist Almaniyası dövründə - 1937-ci ildə Veymar şəhəri yaxınlığında yaradılmış ən böyük toplama düşərgələrindən biri olub. Əsasən siyasi məhbuslar, yəhudilər və digər təqib olunan qruplar üçün nəzərdə tutulan bu düşərgədə İkinci Dünya müharibəsi illərində minlərlə sovet əsgəri də daxil olmaqla 280 mindən çox insan saxlanılıb, on minlərlə məhbus isə ağır şərait, aclıq və zorakılıq nəticəsində həyatını itirib. Sovet əsgərləri xüsusi qəddarlığa məruz qalıb, düşərgəyə gətirilənlərin əksəriyyəti qətlə yetirilib. Aparılan araşdırmalar nəticəsində bu düşərgədə yüzlərlə azərbaycanlı hərbi əsirin də əzab çəkdiyi və həlak olduğu müəyyən edilib. Onların bir qismi öldürüldükdən sonra düşərgənin krematoriyasında yandırılıb.

Düşərgə 1945-ci ilin aprelində müttəfiq qüvvələri tərəfindən azad edilib. Bu gün Buxenvald ərazisi memorial kompleks kimi fəaliyyət göstərir və nasist cinayətlərinin unudulmaması, həlak olanların xatirəsinin yaşadılması məqsədilə burada mütəmadi anım mərasimləri və ziyarətlər təşkil olunur.(AzərTac)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV