“Netbuku qucaqlayıb eyvanda rahat kürsüyə əyləşirəm. Pulsuz İnternetə daxil olub oxuduğum universitetin səhifəsində qeydiyyatdan keçib daxili şəbəkəyə girirəm. Professorun göndərdiyi ev tapşırıqlarını yoxlayıram. Hmmm, xeyli işləmək lazım gələcək. Dərsə aid web-səhifədən özümə lazım olan materialları yükləyirəm. Professorun təqdimatına baxandan sonra tapşırıqların həllinə başlayıram. Cavabları göndərəndən bir az sonra artıq qiymətim də yazılır - əla!”.
3-4 il əvvəl mən tələbəliyimi nədənsə məhz belə təsvir edirdim: qayğısız, rahat, ideal bir durum. Amma reallıq tamam başqa cür oldu. Nə tələbələr üçün pulsuz internet var, nə də müəllimlərimizin şəbəkə ilə bizə payladığı tapşırıqlar. Dərs materiallarımız bizə nəinki elektron, heç kağız formasında da verilmir. Bütün qrupa bir kitab verir və hər kəs də lazımi materialın kserosurətini çıxarır.
“Tələbə əslində necə olmalıdır” sualının cavabı çoxdur. İdeal variant - əlaçı, diqqəti yalnız dərsdə olan, hər sahədə aktivlik göstərən, yalnız təhsildə yox, ictimai həyatda da fəallığını qoruyan, əylənməyi bacaran, dostlarına yardımını əsirgəməyən və s. Əlbəttə, belələri var, amma çox azdır. Oxuduğu institutdan asılı olmayaraq, tələbələrin əksəriyyəti məsuliyyətsiz, təhsilə həvəssiz yanaşır. Mənim dostlarımın arasında elələri var ki, kompüteri yalnız Facebook-a daxil olmaq üçün açırlar. Tapşırılan mövzu ilə bağlı internetdə araşdırma aparmaq, online kitabxanaların üstünlüklərindən yararlanmaq ağıllarına gəlmir. Bəzən dərs zamanı da ürəkləri dözmür, mobil telefondan internetə girib çatlaşırlar. Çatın mövzuları isə əsasən moda, sevgi, film və gəncləri maraqlandıran digər bu tipli məsələlər olur.
Bəzən müəllimlər bizi “məqsədsiz”, “həyata konkret baxışı olmayan”, “mənasız insanlar” adlandırırlar. Tez-tez mətbuatda “gənclər oxumur”, “savadsız olmaq üçün pul verirlər” kimi iddiaları səslənir. Əlbəttə, gəncləri ittiham etmək daha rahatdır və yəqin ki, bizim də yaranmış situasiyada günah payımız var. Amma mən əminəm ki, tələbələrin bu hala düşməsində müəllimlərin də rolu az deyil. Amma inanın, təhsil müəssisələrində buna şərait yaradan mühit var.
Sirr deyil ki, bəzi müəllimlərin imtahanı açıq bazar formasında olur, onlar özləri məbləği müəyyənləşdirir, sinif təmsilçisi ilə “mənə dəxli yoxdur, kim imtahana hazırlaşıb, mən hərənizdən faiz verməliyəm” kimi mesajlar yollayır. Əksər halda, uşaqları kəsirlə qorxudur, “kəsirə qalsan, sonra daha çox xərcə düşəcəksən” kimi məsləhətlər verilir. Bundan sonra hansı tələbə həmin müəllimə hörmət edər? Hansı tələbədə təhsilin müqəddəsliyinə inam qalar? əlbəttə ki, bu cür “professorların” dərslərində heç kimin diqqəti müəllimdə olmur və hərə öz istədiyi işlə məşğul olur.
Onu da bilirəm ki, pul almayan müəllimə rüşvət vermək mümkün deyil və hər kəs məcbur olub həmin fənnin öyrənilməsinə məsuliyyətlə yanaşır, mühazirələri buraxmır. Hətta içimizdə belə müəllimlərə qarşı doğmalıq, hörmət hissi yaranır. Hansısa problem yarananda işi-gücü ancaq bizdən pul yığmaq olan sinif təmsilçisinə yox, bu cür əqidəli müəllimlərə üz tuturuq.
Əlbəttə, bu cür faktları sübut etmək çətindir, amma ətrafında tələbə olan hər bir ailə bunları çox gözəl bilir. Rüşvət – iki iştirakçısı olan bir prosesdir və heç bir halda bu cinayət əməli üçün bir tərəf məsuliyyət daşıya bilməz. Mən hesab edirəm ki, pul verilən fənni də oxumaq lazımdır, çünki gələcəkdə peşəkar olmaq, uğurlu karyera qurmaq istəyiriksə, gərək biliklərimizə arxayın ola bilək.
Bəzi universitetlərin rəhbərliyi bu cür neqativ halların qarşısını almaq üçün müəyyən tədbirlər görürlər. Artıq demək olar hər bir ali təhsil müəssisəsində Bolonya sistemi tətbiq olunur, imtahanlar elektron qaydada aparılır, müəllimlə tələbənin təması yox səviyyəsinə endirilir, həqiqətən də biliyi olanlar asanlıqla qiymət alırlar. Amma hələ də görüləsi işlər çoxdur. İnanıram ki, çox tezliklə mənim yazının əvvəlində yazdığım xəyallarım gerçəkləşəcək, tələbələrin hamısı imtahanlara belə həvəslə və asanlıqla hazırlaşa biləcəklər.
Günel Manaflı, 4-cü kurs tələbəsi
P.S Yazı “Deputat-tələbə əməkdaşlığı” layihəsinin “Əsl tələbə necə olmalıdır?" mövzusunda yazılıb