“Avropa İnsan Hüquqları Məhkəməsi hələ 2015-ci ildə vətəndaşın soyqırımı tanımamasına görə cinayət məsuliyyətinə cəlb edilməsinin doğru olmadığını və qanuna zidd olduğunu bildirərək, qərar qəbul etmişdi”.
Bu sözləri Modern.az-a “Xocalı soyqırımının inkar edilməsi cinayət hesab olunmalıdırmı” sualına cavab verərəkən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib.
O, həmçinin bildirib ki, Avropa Məhkəməsinin qərarları da üzv dövlətlər üçün təbii ki, məcburidir:
“İstər Fransada, istərsə də İsveçrədə və digər ölkələrdə qanunvericiliyə belə şeylərin salınması əslində demokratik dəyərlərin və insan azadlığının pozulmasıdır. Ona görə də Azərbaycan Xocalı soyqırımının tanınması ilə bağlı belə bir addım atmayacaq. Xocalı soyqırımının tanınmamasına görə fərdlər məsuliyyət daşımalı deyil. Biz çalışmalıyıq ki, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün faktlara və hüquqa söykənək. Mövqeyimizi daha geniş təbliğ edək ki, daha çox dövlətlər və təkşilatlar tərəfindən tanınaq”.
Avropa Məhkəməsində belə bir qərarın olması artıq Qərbin özündə də qanunların dəyişməsinə gətirib çıxaran bir amildir:
“Soyqırımının tanınmaması ilə bağlı vətəndaşın cinayət məsuliyyətinə cəlb edilməsi kimi madddənin ölkələrin cinayət qanunvericiliyinə salınması absurddur və sanki hüququ zorlamaqdır. Hüquq vasitəsi ilə insanlara qarşı basqı deməkdir. Bu da demokratik dəyərlərə söykənən qanunvericilik üçün düzgün ola bilən bir şey deyil. Amma təəssüf ki, Qərbdə belə şeylər var. Avropa Məhkəmisinin qərarları artıq bu qanunların dəyişdirilməsinə gətirib çıxarmalıdır”.
Aysel Məhərrəmova