Modern.az

Trampdan narazı olanları öz ətrafına toplamaq istəyir

Trampdan narazı olanları öz ətrafına toplamaq istəyir

Dünya

Bu gün, 10:31

ABŞ-ın vitse-prezidenti Cey Di Vens 2028-ci il prezident seçkiləri ərəfəsində Donald Trampın tərəfdarları arasında onun xarici siyasətindən narazı olanların dəstəyini qazanmağa çalışır.

Modern.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Telekanalın qeyd etdiyi kimi, Vens Respublikaçılar Partiyasının aralıq seçkilərdə məğlubiyyətinin səbəbi ilə bağlı açıqlaması ilə ABŞ-ın xarici siyasəti məsələsində Trampla fərqli mövqelərə malik olduğunu nümayiş etdirib.

Belə ki, vitse-prezident çərşənbə günü “X” sosial şəbəkəsindəki paylaşımında İranla müharibəni Respublikaçılar Partiyasının Konqresə aralıq seçkilərdə məğlubiyyətinin səbəbi kimi göstərib.

“Fox News”un qiymətləndirməsinə görə, Vens bununla xarici siyasət və ABŞ-ın İsraillə münasibətləri məsələsində baxışlarının Trampla üst-üstə düşmədiyini ortaya qoyub.

Vens paylaşımında respublikaçılara ictimai dəstəyi geri qaytarmağa kömək edə biləcək dörd istiqaməti də sadalayıb:

- İranla müharibənin başa çatdırılması;
- yaşayış xərclərinin azaldılmasına və inflyasiya ilə mübarizəyə diqqətin yönəldilməsi;
- “Əvvəlcə Amerika” prinsipinə sadiq qalınması;
- İsraillə münasibətlərə yenidən baxılması.

ABŞ administrasiyasındakı mənbə telekanala bildirib ki, bu dörd istiqamət Vensin “yeni sağçılara” çağırışı kimi qiymətləndirilə bilər.

Mənbənin fikrincə, “yeni sağçılar” Trampın ilkin “Əvvəlcə Amerika” prinsipini dəstəkləyən və ABŞ-ın xarici münaqişələrdə iştirakından imtina etməsini istəyən respublikaçılar koalisiyasıdır.

Bununla belə, “Fox News”un mənbəsi Vensin açıqlamasını Trampdan ayrılmaq cəhdi kimi qiymətləndirməyin düzgün olmadığını bildirib.

Telekanalın məlumatına görə, vitse-prezident Trampı dəstəkləyən, lakin onun xarici siyasəti ilə razılaşmayan respublikaçılara mesaj vermək istəyir.

Bu mesaj isə belə səslənir: “Vens bizim adamımızdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Ukrayna Rusiyaya dəhşət yaşatdı - Ö*lənlər var