Azərbaycan Rusiya üçün önəmli tərəfdaşdır "Ermənistan tərəfinin atəşkəsi pozmasından və hələ də yaşanan gərginliklərdən sonra Prezident İlham Əliyevin Moskvada Vladimir Putin ilə görüşməsi proseslərin Azərbaycanın leyhinə gedəcəyini göstərir".
Bu sözləri Modern.az-a açıqlamasında siyasi ekspert Elman Vəliyev deyib. Onun sözlərinə görə, Putinin tezliklə Azərbaycana bir nümayəndə qrupunun göndərilməsi çox şeydən xəbər verir:
"Bu nümayəndə qrupu nəqliyyat, sənaye, infrastruktur və digər sahələrdə əməkdaşlıq edəcək. Moskva görüşündən əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycana səfər etmişdi. Mişel bir çox sənaye, infrastruktur obyektləri ilə yaxından tanış oldu. Azərbaycanla əlaqələri möhkəmləndirməyin vacib olduğunu bildirdi. Əlbəttə ki, Azərbaycan həm Ai üçün, həm də Rusiya üçün lazımlı dövlətdir. Təbii ehtiyatları, strateji mövqeyi buna imkan yaradır. Bölgədə güclü rəqabət gedir desək, yanılmarıq. Rusiya həmin nümayəndə heyətini göndərərək digərlərini qabaqlamaq istəyir".
Ekspert bildirib ki, ikinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra bir xeyli dövlətlər, şirkətlər Azərbaycanla əlaqələri intensivləşdiməyə səy göstərirlər:
"Azərbaycan Rusiya üçün həm önəmli qonşu, həm də strateji əməkdaşdır. Rusiya bunu yaxşı anlayır. Rusiya zənginliklərə malik olan bir qonşusunda ondan xeyli uzaqda duran dövlətlərin üstünlüklər əldə etməsini, möhkəmlənməsini istəməz. Onun üçün ehtiyatını əvvəlcədən görür. Azərbaycanda yaxşı bilir ki, Rusiya ilə münasibətləri nə qədər gücləndirsə, bir o qədər yaxşıdır. Rusiya kimi güclü bir qonşu ilə əlaqələri korlamaq yaxşı olar heç? Əlbəttə, yox. Azərbaycan üçün əsas əməkdaşlıq, tərəfdaşlıq lazımdır. Beynəlxalq aləmə inteqrasiya lazımdır. Azərbaycan qapalı dövlət rolunu oynamır. Ədəbi ilə salam verənlərə qapısın həmişə açıq qoyub. Yerini bilməyənlərə isə yerini göstərib. Ermənistan buna yaxşı nümunədir".
Regionda balanslar artıq dəyişib
Onun sözlərinə görə, hadisələrə fərqli pəncərədən baxılır:
"Azərbaycan regionda böyük ağırlığa malik bir gücə çevrilir. Prezidentin "Dağlıq Qarabağ" ifadəsi yoxdur, sadəcə Qarabağ vardır deməsindən sonra Şarl Mişel də, səhv etmirəmsə, Putin də "Dağlıq" sözünü istifadə etmədi. Ermənistan tərəfi ona təklif edilən güzəştlərə destruktiv yanaşır. Bu yanaşmaya həm daxili auditoriya, həm də xarici təhrikçilər səbəb olur. Daxili auditoriya iqtidarın sülhə getdiyini görüb çaxnaşma yarada, çevrilişə cəhd edə bilərlər. Elə müxalifət, araqarışdıranlar da bir fürsət gözləyir. Onlar üçün alovun sönməsi deyil, yanılı qalması prestijlidir. Digər nüans isə Naxçıvanla sərhəddə yerləşən Arazdəyən bölgəsində son günlər intensiv atışmalar müşahidə olunur. Qarşı tərəfə istinadən Azərbaycan qüvvələri bir xeyli irəliləyiş əldə edib. Ehtimal edirəm ki, yaxın zamanda bu istiqamətdə proseslər leyhimizə gedəcək. Azərbaycan tərəfi Ermənistandan Qazağın işğalda olan kəndlərini, Naxçıvanın Kərkisini razılıqla verməyi, Zəngəzur dəhlizinin açılmasını bildirdi. Azərbaycanın ərazi bütövlüyünü tanımasını diktə etdi. Ancaq Ermənistan tərəfi "Dağlıq Qarabağın" müstəqilliyini tanınması qarşılığında sülhə gedəcəyini bildirmişdi. Yəni lokanik desək, sülhdən imtina edir, işləri çətinləşdirir".
Aysel Məhərrəm