Modern.az

Adamların adamı

Adamların adamı

Aktual

2 Oktyabr 2021, 16:03

Azərbaycan təhsilinin fədailərindən biri, görkəmli alim və səmimi insan olan Misir Cumayıl oğlu Mərdanovun parlaq və rəngarəng həyatının 75-ci ildönümü tamam olur.

Mən bilirəm ki, zəngin ömür yolu, nəcib keyfiyyətləri, etdiyi xeyirxahlıqlar, gördüyü böyük işlər nəinki bir məqaləyə, hətta bir neçə kitaba belə sığmayan Misir müəllimin maraqlı və keşməkeşli(!) həyatının bu zirvəsi haqda məqalə yazmaq çox məsuliyyətli bir məsələdir. Ancaq istərdim bu zirvədən geriyə boylanmaq istəyənlər bir daha görsünlər ki, xalqımız XX yüzillikdə çoxsaylı problemlər, məhrumiyyətlər görməklə yanaşı, həm də çox dəyərli tarixi hadisələrin şahidi olub, çox böyük şəxsiyyətlər yetişdirib, bunlardan biri də professor Misir Mərdanovdur.

 

Şərqdə Əflatun adı ilə tanınan böyük Platon hələ eramızdan əvvəl demişdir ki, “Ya həyat durduqca yaşaya bilən dəyərli nə isə yazın, ya da yazılmağa dəyən həyat yaşayın.” AMEA-nın müxbir üzvü, professor, Əmək­­dar elm xadimi Misir Mərdanov şərəfli həyatı ilə bu iki tələbin hər ikisinə cavab verə bilmişdir. Özü həyat durduqca yaşaya biləcək 53 kitab(!), 483 məqalə yazmış, onun haqqında  5 kitab, onlarla məqalə qələmə alınmışdır.

 

Mən istərdim oxucular mənimlə şərik olsun ki, elmi araşdırmalarının əsas istiqaməti kimi riyaziyyatda gecikmələri və məhdudiyyətləri olan optimal prosesləri tədqiq edən bu görkəmli şəxsiyyət həyatda da gecikmələri və məhdudiyyətləri qəbul etmir. Bütün həyatı boyu “alman dəqiqliyi” ilə verdiyi vədlərə məsuliyyətlə əməl edən, heç yerə gecikməyən, heç vaxt yubanmayan Misir müəllim məhdudiyyətləri də xoşlamır. Dostluqda, xeyirxahlıqda, nəciblikdə, fədakarlıqda olan hüdudsuz jestləri işgüzarlıqda, yaradıcılıqda, idarəçilikdə-iri miqyaslı əməlləri planlaşdırıb onları həyata keçirəndə də məhdudiyyətlər tanımır. Bu zaman işinə yaradıcı yanaşma, məsələnin həllində optimal variantların tapılması onun riyazi təfəkkürünün tətbiqi kimi çox böyük effektlər  yaradır. Ancaq onun həyatı boyu tətbiq etdikləri yalnız riyazi təfəkkürlə məhdudlaşmır. Harada müsbət nə görübsə, onun praktik tətbiqinə çalışıb. Cəmi 33 günü çatmadığına görə 8 yaşından birinci sinfə getməyə məcbur olarkən gördüyü ədalətsizliyi 50 il sonra nazir olanda bərpa edən də,  yuxarı siniflərdə oxumaq üçün getdiyi uzaq Polad kəndinin yollarında hər kənddə məktəbin olmasının zəruriliyi haqda gəldiyi qənaəti 40 il sonra reallaşdıran da, müəllim işləyərkən elmi seminarların faydasını görüb onu bir qədər fərqli şəkildə təhsil nazirliyində sınaqdan çıxaran da, Almaniya məktəblərində müəllim-şagird münasibətlərini müsbət elementlərini ilk dəfə Azərbaycanda tətbiq edən də, Boloniya prosesini, çoxballıq qiymətləndirmə sistemini ölkəmizdə həyata keçirən də “görüb-götürən” Misir müəllim olub! Təəssüf ki, zaman və bəzi “dostlar” imkan vermədiyinə görə reallaşdıra bilmədiyi-orta məktəblərin rasionallaşdırılması və adambaşına maliyyələşdirmə sisteminə keçid, müəllim hazırlığı prosesində mərhələli hazırlıq və  praktik hazırlığa təminat verən internatura modelinin tətbiqi, ali təhsildə rəqabət qabiliyyətli mütəxəssis hazırlığını təmin edən standartların yaradılması və digər onlarla düşündüyü  layihələr də var... Ancaq onun təhsili nazirlik və məktəb çərçivəsindən çıxarıb bütün xalqın maraq dairəsinə daxil edərək ictimailəşdirməsi, milli dilimizin yeganə və üstün tədris dilinə çevirməsi, “50 ən yaxşı məktəb, 100 ən yaxşı müəllim” layihəsini reallaşdırması, təhsil sistemində sözçülükdən işgüzarlığa keçidi təmin etməsi, Azərbaycanlı gənclərin xarici ölkələrdə təhsilinin kütləviləşdirməsi kimi radikal addımları  təhsil tarixinə  qızıl hərflərə yazılmışdır. Bu da bir həqiqətdir ki, Azərbaycanda son 100 il ərzində tikilən 4500 məktəb binasından təxminən üç min beş yüzü Misir Mərdanovun nazir olduğu 15 il ərzində tikilmiş və yaxud əsaslı təmir edilmişdir.

 

Mən istədim Misir Mərdanov fenomeninin dəyərini bilənlər əmin  olsun ki, Azərbaycan tarixinin ən mürəkkəb dövrlərində 45 il vəzifələrdə olsa da ruslaşmayan, ingilisləşməyən, xalqımızın ən gözəl keyfiyyətlərini özündə birləşdirən və milli aristokratiyanın etalonu olan bu insan heç mənəvi cəhətdən də dəyişməmişdir-həmişə diqqətli, mehriban, sadə, kübar və dürüst olmuşdur.

Misir müəllim Azərbaycan təhsinin ən ağır dövrlərində ona rəhbərlik edib,-deyəndə də heç kəs təəccüblənməsin. Əlbəttə, 1980-ci illərin sonundan təhsilimizin çətin günləri başlamışdı, siyasi burulğanlar, qeyri-sabitlik, əmək haqlarının ödənilməməsi, gənclərin mitinqlərə qatılması, “beyin axını”, müəllimlərin kütləvi surətdə xaricə və ya ticarətə üz tutması  və s. amillər o illər üçün xarakterik hal idi və 1998-ci ilə qədər də təhsil sistemi belə bir mürəkkəb şəraitdə fəaliyyət göstərirdi. Qeyd etmək lazımdır ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün sahələrdə, o cümlədən təhsildə də sabitlik yaranmağa başlamışdı, ancaq 10 illik “zəlzələlər”, “turbulentlər” təhsili çox acınacaqlı vəziyyətə gətirmişdi. Təhsil sistemi də “inqilabi yolla”, yəni bir sərəncamla, bir göstərişlə, qısa müddətdə dəyişən sistem deyil. Burada yalnız təkamül yolu ilə, tədricən dəyişikliklər mümkündür.

 

Xalq isə, bütün sahələrdə baş verən radikal dəyişiklikləri təhsildə də gözləyirdi. Hamı istəyirdi ki, şagirdlər gözəl məktəblərdə oxusun, müəllimlər yüksək maaş alsın, dərsliklər müasir məzmunda və dizaynda olsun və s. Nəzərə alınmırdı ki, ölkənin büdcəsi heç bir milyard da deyil (indi 25  milyarddır), qeyri-sabit illərdə baxımsız qalan məktəblər bərbad vəziyyətdədir, yeni əlifba ilə kitab çapı yarımçıqdır və s. Müəllimin əmək haqqının 20 dollar ətrafında olduğu belə bir dolaşıq dövrdə təhsilə rəhbərlik etmək, islahatlar həyata keçirmək, Sovet təhsil sistemindən Avropa təhsil sisteminə keçidə başlamaq, bununla yanaşı təhsili ən ümdə amil hesab edən bir xalqın, dünyanın bütün xalqlarından fərqli olaraq ən hörmətli adama “müəllim” deyə müraciət edən bir xalqın təhsilə olan məhəbbətinə xələl gətirmədən bu prosesləri reallaşdırmaq, əlbəttə, çox mürəkkəb proses idi. Ali təhsildə baş verən əyintilər, yağışdan sonra göbələk kimi artan özəl universitetlər, hərəsinin arxasında bir gözəgörünməz qüvvə dayanan bu universitetlərin fəaliyyətinin dayandırılması haqda  cəmiyyətin tələbi, müxtəlif təzyiqlər, təqiblər, TQDK-dan (indiki DİM) kənar rəngarəng qəbullar, şübhəli “köçürmələr” və digər nələr, nələr təzə və gənc nazir üçün  intəhasız problemlər yaradırdı. Nəzərə alanda ki, bu islahatları, yenilikləri həyata keçirməli olanların hamısı, hətta, onların arasında rütbəcə ən kiçiyi olan məktəb direktorları da elə iddialı, “şəxsi əqidəsinə əmin olan”, “Bağdaddakı kor xəlifəyə meydan oxuyan”, heç bir islahatı təcrübəsindən artıq hesab etməyən, digər tərəfdən də cəzalandırılanda  nazirdən də yuxarı “arxa tapan” kadrlar idi, mürəkkəblik bir qədər də aydınlaşar. Ancaq bütün hallarda Misir Mərdanov göstərilən böyük etimadı yüksək səviyyədə  doğrultmağı bacardı və Azərbaycan təhsil tarixinə həm islahatçı, həm də şagirdlərin, tələbələrin, müəllimlərin və valideynlərin adamı kimi yazıldı. Şair demişkən,

Dünyada nə su, nə od var,

Dünyada nə dost, nə yad var.

Tanrıdan özgə bir ad var:

Adam,

Adam,

Adam,

Adam!..

 

Fikrət Şiriyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı