Modern.az

Onun da beli sınıb, Sitarə!

Onun da beli sınıb, Sitarə!

Aktual

21 Noyabr 2012, 14:55

Nə gizlədim son günlərin ən acı, ola bilsin şirin, bəlkə də ən ibrətamiz yazısını oxudum. Bu sadə bir oxunuş deyildi. Bu iniltiydi, bu sızıltıydı, bu hayqırtıydı!!! Bu, bir nəfərin yox, bir ailənin, bir nəslin, bir şəcərənin sızıltısıydı…

İlqar Rəsul demiş, həcmi böyük olsa da, müəllifin üslubu, dili, yanaşma və yaşantıları yaşama tərzi son dərəcə diqqətçəkən idi. Yazı məni duyğulandı, kövrəltdi, göynətdi… Sitarə Cabbarlının «Babamın gündəliyi»ndən danışıram. Bu yazıyla Sitarənin babasının, 14 yaşlı bibisinin, 16 il 5 gün arxası üstə qalıb, özünə ölüm arzulayan nənəsinin taleyinə, qızının şikəstliyinə görə özünü bağışlaya bilməyən Əvəz kişinin durumuna, bütünlüklə bir ailənin, bir nəslin faciəsinə göz yaşları axıtdım. Heç anasız qalan bir yaşlı körpədən danışmıram…

Acı reallıqdır, nə yazıq ki, həqiqətdir… Və nə yazıq ki, acılar bununla bitmir. Yazını oxuyub sona çatdıranacan bu yaşıma qədər eşitdiyim, gördüyüm bütün hadisələr göz önümdən keçdi. Atamın uşaqlığı, nənə himayəsində böyüməsi, böyük vətən müharibəsindən əmisinin qara xəbərini alsa da, hələ də atasının yolunu gözləməsi, iki bacını tək başına böyütməsi, kəndin böyük və imkanlı nəslindən olan anama elçi düşmək məqamında qarşısına qoyulan şərtlərdən alnı açıq çıxması, köməksiz, təkbaşına saxladığı övladlarından birini çiyinlərində son mənzilə yola salması… Qaçqınlıq həyatı…

Və bir də Sitarənin gəlin nənəsinin taleyini yaşayan, yaşadığı hər gün ölən 17 yaşlı oğlan həyatı… O, qız sevirdi, ali təhsil də almaq istəyirdi. Amma tale elə gətirdi ki, o tələbə yox, əsgər oldu. Vətən üçün yola düzəldi. İnsafən düşdüyü yerdən razılıq edirdi, münasibətdən giley-güzarı da yoxdu. Bəs nə baş verdi? Baş verən hadisə ona ömrü bahasına başa gəldi. Qaməti qırıldı, beli sındı, ömrünün ən gözəl çağlarını çarpayıda keçirmək məcburiyyətində qaldı… Sevdiyi qızla görüşmək əvəzinə çarpayıya yoldaş, dost oldu, qapını arxadan bağlayıb özünə ağı dedi, göz yaşlarını içinə axıtdı, bütün bunlara rəğmən ata-anasına kimsədən kömək ummağa imkan vermədi. Nə qədər mətinmiş? İnsanı necə heyran edirmiş?

Mən Sitarə kimi ad çəkmək niyyətində deyiləm. Dedim axı o, adının çəkilməsini istəmir. İctimailəşməsini heç sevmir. «Vətən, torpaq yolunda olmuşam, qismətim beləymiş, mən acı çəkirəm, qoy başqaları çəkməsin», - deyir. Nə yaman mərd imiş mənim qəhrəmanım. Belini sındıran dəmir çarpayıdan da dözümlü imiş mənim qəhrəmanım!!!  O sındı, sınmağı ilə bir cavanın da belini sındırdı, amma onun qürurunu, mənliyini, vətənə sevgisini, yaşamaq eşqini sındıra bilmədi…

…İlk xəbəri «Ekspress» qəzetindən oxumuşdum. Atasına istinadən yazılmışdı: «Xidmət etdiyi hərbi hissədə belinə düşən dəmir çarpayı onu ömürlük şikəst etdi». Ad və soyada diqqət etmədim. Sadəcə hadisənin son dərəcə faciəli olmasına, arzuları gözündə qalacaq bir cavanın ömür boyu çarpayıda qalacağına diqqət etdim. Aman Allah, necə dəhşətlidir!!! Əlimdəki işimi yarımçıq qoyub, qonşu otaqların qapısını döydüm, dəhlizdə qarşıma çıxan hər kəsə bu əhvalatı danışdım. Təkcə danışmadım, həm də soruşdum ki, fərqinə varırsınızmı nə baş verib? Həmin günümü alt-üstə etmişdi bu xəbər. Deyirdim görəsən bu kimdir? Yükünü çəkəcək anası, qayğısına qalacaq bacısı, dərdinə ağı deyəcək nənəsi varmı?

Üstündən iki gün keçdi… Və beynimi didib-tökən oxuduğum acı xəbərin dəhşətini bir də o gün yaşadım. Yoldaşım iki gün öncə işdəkilərə ünvanladığım sualı mənə verdi? Xəbərim varmı atamın əmisi nəvəsinin başına belə iş gəlib? Mən ki, onun anasını, atasını yaxşı tanıyıram. Donub qalmışdım, nə edəcəyimi bilmirdim? Uzun müddətdən sonra özümü ələ aldım. Nə danışırsan? Kimi deyirsən? Bu odur, aman Allah!!! Demək odur!!!  Niyə belə olub? Bilmirdi niyəsini. Xəstəxanaya getdik. Toyların, məclislərin bəzəyi olan anadan əsər-əlamət qalmamışdı. Solmuşdu… Balasının başı üstündə için-için göz yaşları tökür, o görməsin deyə üzünü yana çevirirdi.  

Yaxınlaşıb əhvalını soruşdum. Başı ilə «yaxşıyam» dedi. Anası çoxsaylı müraciətlərindən, həkimlərin münasibətindən danışdı. Razı qaldığı da vardı, narazı olduğu da…

Uzun sürən xəstəxana həyatı bitdi, reablitasiya dövrü də başa çatdı… Vətənin bir parçası olan oğul, vətəndən, kimlərinsə səhlənkarlığından şikayət etmədi, taleyi ilə barışdı…

…Günlər keçdi. Arxası üstə qalan balanın başına gələn bu əhvalatdan da 2 il keçdi…

…Qəbri nurla dolsun, nənənin, Allah yerini behiştlik etsin babanın, Sitarə! Ruxu bibinəsə dünyanın ən xoş sözlərini belə ünvanlamaq azdır, Sitarə!

«Ümid sonda ölür» deyirlər. Amma sonu gözləmək olmaz. Birdən həqiqətən də ölər. Ümidi reallığa çevirmək, ailəyə dəstək olmaq, maddi və mənəvi köməklik etmək lazımdır.  Onu yataqdan qaldırmaq, otağından ayırmaq, qaranlıqdan işığa, zülmətdən səadətə qovuşdurmaq lazımdır!!!

O, Vətənə qulluq etməyə getmişdi. Edə bilmədi… İndisə isə onun vətənə ehtiyacı var!!!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı