“Fevral ayında Azərbaycan Ermənistana növbəti addım kimi 5 baza prinsipini təqdim edib. Sonra hər iki tərəfdən bu istiqamətdə addımlar atılıb”.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə keçirilən görüşdə xarici işlər nazirlərinə sülh sazişi üzərində işlərə başlanılması tapşırığı verilib. Bununla da Ermənistan Azərbaycanın təqdim etdiyi 5 baza prinsipinin məqbul olması ilə bağlı fikir səsləndirib. Biz bunu çox önəmli addım hesab edirik”, - deyə Ceyhun Bayramov bildirib.
Xatırladaq ki, Azərbaycan rəsmi şəkildə Ermənistana 5 maddəlik təklif irəli sürüb. Prezident İlham Əliyev bu yaxınlarda Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefon danışığında Ermənistanın Azərbaycanın təkliflərini qəbul etdiyini diqqətə çatdırıb.
Rəsmi Bakının İrəvana göndərdiyi təkliflər aşağıdakılardan ibarətdir:
- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması