Ermənistanın yeni Konstitusiya layihəsindən Türkiyə ilə münasibətlərdə mübahisə doğuran müddəa çıxarılıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç “X” hesabında yazıb.
O, Ermənistanın yeni Konstitusiya layihəsindəki dəyişikliyi tarixi hadisə kimi qiymətləndirib.
“Ermənistan Konstitusiyasında tarixi dəyişiklik: Türkiyə ilə mübahisəyə səbəb olan ifadə sənəddən çıxarılıb! Dəfələrlə qeyd etdiyim kimi, cənab Nikol Paşinyan təkcə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində deyil, həm də regionda davamlı sülh və sabitliyin bərqərar olması məsələsində konstruktiv və səmimi tərəfdaşdır”, – deyə Sərdar Kılıç bildirib.
Qeyd edək ki, Ermənistanın yeni Konstitusiya layihəsi noyabrın 23-də dərc olunub. Mövcud Əsas Qanundan fərqli olaraq, yeni layihənin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yer almayıb.
Həmin bəyannamədə Ermənistanla Azərbaycanın Qarabağ bölgəsinin birləşdirilməsindən, eləcə də Ermənistanın 1915-ci ildə Osmanlı Türkiyəsində baş verdiyi iddia edilən "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınmasına nail olmaq istəyindən bəhs olunur.
Ermənistan qanunvericiliyinə əsasən, Konstitusiya dəyişikliklərinin edilməsi və ya referendumun təşkili üçün hakim siyasi qüvvənin parlament deputatlarının üçdə ikisinin dəstəyini qazanması lazımdır.
Lakin 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə görə, 49,81 faiz səs toplamış hakim “Vətəndaş müqaviləsi” partiyası Konstitusiya çoxluğunu təmin edə bilməyib. Ona 6 müxalifətçi deputatın da səsi lazımdır. Müxalifət isə yeni Konstitusiya layihəsinə səs verməyəcəyini bəyan edib.