Rusiyanın bir sıra şəhərlərində “Monte” filminin planlaşdırılan nümayişləri hakimiyyətin qadağası səbəbindən baş tutmayacaq.
Modern.az xəbər verir ki, bu barədə filmin istehsalı ilə məşğul olan “Genetic Production” şirkəti məlumat yayıb.
Şirkətdən bildirilib ki, yaranmış vəziyyətlə əlaqədar kinoteatrlar filmi nümayiş etdirməkdən imtina etməyə məcbur olublar.
“Hazırda komandamız yaranmış vəziyyətdən çıxış yolu tapmaq və filmi tamaşaçılara təqdim etmək üçün bütün mümkün variantları nəzərdən keçirir”, – deyə şirkətin bəyanatında bildirilib.
Açıqlamada filmin nümayişinin qadağan edilməsinin konkret səbəbləri göstərilməyib.
Xatırladaq ki, “Asala” terror qruplaşmasının üzvü olmuş Monte Melkonyan Azərbaycana qarşı hərbi təcavüzdə, Qarabağda törədilən terror aktlarındfa aktiv iştirak edib.
Monte Melkonyan 1957-ci ildə ABŞ-ın Kaliforniya ştatının Viseliya şəhərində anadan olub. 70-ci illərin sonlarında Livanda yaradılan “Asala” erməni terror qruplaşmasının sıralarında türk diplomatlara qarşı hücumlar təşkil edib.
"Avo" ləqəbli terrorçu 1990-cı ildə xaricdən Ermənistana gəlib və Qarabağa yollanıb. Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistanın ön cəbhə dəstələrindən birinin komandiri olan Monte Melkonyan Xocalı soyqırımı zamanı əsir düşmüş azərbaycanlılara işgəncə verilməsində fəal iştirak edib.
O, 1993-cü il iyunun 12-də Ağdamın Mərzili kəndində Ordumuz tərəfindən məhv edilib.
Terrorçu İrəvandakı Yerablur hərbi panteonunda basdırılıb.
Ermənistan Müdafiə Nazirliyinin hərbi məktəbi onun adını daşıyır. Ermənilərin Vardenis adlandırdığı Basarkeçər rayonunun mərkəzində isə terrorçu Monte Melkonyanın büstü qoyulub.
A.Qorxmaz