Deyirlər ki, Yer üzündə bir kənd varmış
Günü gündən yeniləşmiş, abadlaşmış
Düşmənlərin gözlərinə ox olarmış
O, böyümüş, şəhər olmuş, onun adı
Xocalıymış..
Neçə-neçə cavan qəlbə xoş arzuymuş
Neçə-neçə igid mərdin o, yurduymuş
Yağı düşmən nişan almış, pusqudaymış
Bu dəfəki qurban, heyhat,
Xocalıymış...
Soyuq, şaxta..... Çöllərdədi, dərələrə səpələnib
Cavan, qoca, ahıl, uşaq...
Elə kəsir şaxta,
Sazaq...
Nəfəslərdə qızınmayır körpələrin laylaları
Anaların ağıları, qocaların fəryadları..
Yan göy üzü, sən parçalan!
Dağıl, partla, ey Yer üzü!
Vəhşilərin, quduzların gözü qanla dolan gündü,
Körpələri anaların qucağından tonqallara salan gündü.
Cavanların damarında al qanının donan günü,
Bir millətin genosidi, soyqırımı olan gündü!
...
Neşə-neçə nəğmə qaldı, neçə-neçə ömür qaldı...
Yarı yolda...
Neçə uşaq təbəssümü donub qaldı
körpələrin dodağında
Neçə-neçə layla qaldı nənələrin dillərində
Neçə gəncin taleyinə yazılmışdı ömür sürmək əsirlikdə
Işgəncəyə məruz qaldı neçə-neçə igid əsgər..
...
Yandirildi, yağmalandı, varidatı talan oldu bu millətin
Vəhşilərin əllərində halı yaman, yaman oldu igidlərin
...
Neçə oğul əyilmədi, uca tutdu bayrağını,
Boyansa da al qanına
Neçə gəlin, neçə qız da əyilmədi namusuna...
...
... Əsir getdi neçə ana,
Neçə qadın, neçə bacı....
Nə düşündün, nələr gəlir yaddaşına, ey türk qızı,
Qaniçənlər caynağında nələr gəldi bəs başına?
Neçə ildi günün qara, bəxtin qara yaşadınmı?
Neçə ildə hər gün, hər ay, hər il ümid, inamla sən yaşadınmı?
...
Heç bitmədi bu həsrətin
Heç gəlmədi sonu əzab əziyyətin
Neçə ildə saçlarına düşdümü dən?
Kimsə xəbər gətirdimi vətənindən?
Nəğmələri, ağıları, ürəyinə sən yazdınmı,
taleyini naxış-naxış sən cızdınmı?
Deyirlər ki, Yer üzündə bir kənd varmış
O, böyümüş, şəhər olmuş, onun adı
onun adı..... Xocalıymış..
2001
Zeynab Kazımova