Azərbaycanın 1994-cü ildən əsası qoyulan, bütün geosiyasi və geoiqtisadi maneələrə, kataklizmlərə baxmayaraq uğurla davam etdirilən enerji siyasətinin effektivliyi bu gün qlobal enerji bazarlarında baş verən dəyişiklərin fonunda daha aydın görünür.
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisindəki nitqinə diqqət çəkən millət vəkili qeyd edib ki, Azərbaycan liderinin enerji dəhlizlərinin şaxələndirilməsi çərçivəsində dövlətinizin strateji hədəflərini dəqiq şəkildə müəyyənləşdirməsi bu gün ölkəmizi subregionun açar ölkəsinə, qlobal proseslərin nüfuzlu aktyoruna çevirib:
"Bakıdan Supsaya neft ixrac kəmərinin çəkildiyi vaxtdan ötən zaman kəsiyində Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələri bu gün qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ölkəmizin sabitləşdirici funksiyası qlobal enerji təhlükəsizliyinə önəmli töhvə verir".
Deputat Azərbaycanın etibarlı tərəfdaş olduğunu, öz öhdəliklərinə sadiq qaldığını bildirib:
"Cənab Prezident öz çıxışında xatırlatdı ki, hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. 28 illik bir zaman kəsiyində buna nail olmaq olduqca böyük qətiyyət, prinsipiallıq və iradə tələb edir".
A.Kərimli enerji layihələrinin ölkənin daxili inkişafı üçün də çox əhəmiyyətli olduğunu vurğulayıb:
"Enerji amili, enerji diplomatiyası və bütün layihələri Azərbaycanın iqtisadi potensialını gücləndirir. Neft-qaz sektorundan əldə edilən gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilir. Bu il ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində artım 15 faizdən çox olub.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi xarici borcumuzun aşağı səviyyədə olması - ümumi daxili məhsulun yalnız 12.5 faizini təşkil etməsi münbit iqtisadi şərait yaradır. Bütün bunlar, şübhəsiz ki, Azərbaycan prezidentinin həyata keçirdiyi siyasətin yaxın perspektivdə doğurduğu nəticələrdir. Uzaq perspektivdə bizi daha böyük uğurlar gözləyir".