İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-mayor Hüseyn Salami ölkədə son iğtişaşların arxasında duranlara növbəti dəfə xəbərdarlıq edib.
Modern.az saytı “Mehr” agentliyinə istinadən xəbər verir ki, general Salami bu barədə bazar ertəsi ikinci Milli İdman Şəhidləri Konqresində danışıb.
H.Salami İrandakı son iğtişaşlara işarə edərək deyib ki, ssenari və “media müharibəsi” ABŞ-ın Vaşinqton və Nyu-York şəhərlərindəki, Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyaddakı beyin mərkəzlərində və bəzi Avropa ölkələrinin paytaxtında hazırlanıb.
O, qeyd edib ki, düşmənlər ölkənin inkişaf yolunda irəliləyişini dayandıra bilmədikdən sonra İranda şiddətli iğtişaşlar törətməyə əl atırlar.
General əlavə edib ki, düşmənlər İrana qarşı apardıqları iqtisadi müharibədə uğursuzluğa düçar olublar və buna görə də ölkədə iğtişaşlar törətməyə əl atıblar.
SEPAH komandiri bildirib ki, az sayda iranlı gənc iğtişaşlara qoşulmaqla düşmən tərəfindən aldadılıb.
General Salami ölkə daxilində iğtişaşlar törətmək istəyən xarici düşmənlərə xitab edərək, "bir gün sizə aldanan bu gənclərlə yanınıza gələcəyik…
Biz bu gənclərlə qisas alacağıq. Davranışlarınıza diqqət edin", - deyə vurğulayıb.