ABŞ dövlət katibi Antoni Blinken Azərbaycanda kütləvi məzarlığın aşkar edilməsi ilə bağlı başsağlığı verib.
Modern.az xəbər verir ki, bu barədə Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.
Dövlət katibi konkret vaxt çərçivəsində sülh müqaviləsi üzrə danışıqların aparılmasının əhəmiyyətinə toxunub, Qarabağda yaşayan etnik erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin təmin olunması üzrə müzakirələri təqdir edib.
Antoni Blinken Azərbaycanda kütləvi məzarlığın aşkar olunduğunu qeyd edib, bununla əlaqədar dövlətimizin başçısına başsağlığı verib.
Qeyd edək ki, ötən həftə Ermənistan hərbçilərinin Birinci Qarabağ müharibəsi dövründə Xocavəndin Edilli kəndində azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək basdırdıqları daha bir məzarlıq tapılıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.